Ziya Məmmədov prezidentin iradlarından danışdı - Müşavirə
11-09-2015, 21:56
Bu gün Nəqliyyat Nazirliyində ölkənin nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2015-ci ilin 8 ayı ərzində yerinə yetirilən işlərin yekunlarına, nəqliyyat-yol kompleksi üzrə 2016-cı ilin büdcə və proqnoz göstəricilərinə və digər məsələlərə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə müvafiq qurumların və strukturların hesabatları dinlənilib.
Dia.az-ın məlumatına görə, nazirlikdən report-a daxil olan xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə keçiriliən müşavirədə nazir müavini Musa Pənahov 2015-ci ilin 8 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Müşavirədə "Azəryolservis" ASС-nin sədr əvəzi Saleh Məmmədov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının baş direktoru Taleh Ziyadovun hesabatları dinlənilib.
Z.Məmmədov daha sonra çıxışında vurğulayıb ki, sentyabrın 8-də prezident İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə nəqliyyat sektoruna aid səsləndirilmiş iradlar Nazirliyin bundan sonrakı fəaliyyətin əsas istiqaməti olmalıdır.
Müşavirədə avtomobil yollarının tikintisi ilə məşğul olan şirkətlərin nümayəndələri də iştirak ediblər və nəqliyyat naziri bəzi yol layihələrinin icra müddətinin gecikdirilməsi, həmçinin yolların lazımi keyfiyyətdə çəkilməməsi ilə bağlı ciddi iradlarını bildirib, yarımçıq qalmış layihələrin bu ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar verib.
Müşavirədə, həmçinin, Nazirliyin tabeliyində fəaliyyət göstərən digər qurumların da fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, dəmir yolunda, eləcə də taksi və avtobuslarla sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib.