Hesablama Palatası daha bir dövlət qurumunu təftiş edir... - Ağstafa DSMF-dən şikayət var

17-09-2015, 17:06           
Hesablama Palatası daha bir dövlət qurumunu təftiş edir... - Ağstafa DSMF-dən şikayət var
Redaksiyamıza daxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər. Məlumatlarda qeyd olunur ki, DSMF-nin Ağstafa rayon şöbəsinin müdiri Oqtay Məsmalıyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən ciddi əngəllərlə qarşılaşmalı olurlar. Oqtay Məsmalıyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Ağstafa sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində adi hal alıb. 20 ildir ki, bu şöbəyə rəhbərlik edən Oqtay Məsmalıyev maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü heç bir vasitədən istifadə etməkdən çəkinmir...” Daha sonra aldığımız məlumatlarda bildirilir ki, təqaüdlərin saxta yollarla artırılması da bu gün DSMF-nin Ağstafa rayon şöbəsində geniş tətbiq olunur. Yeri gəlmişkən, əgər saxtakarlıqdan söz düşdüsə, bəzi “tarixi” faktları da xatırlamaq məqsədəuyğun olar. Məlumatı təqdim edən mənbə bildirir ki, 20 il bundan öncə, DSMF-nin Ağstafa rayon şöbəsinə müdir gəlməzdən əvvəl Oqtay Məsmalıyev Tovuz Gömrük İdarəsində növbə rəisi vəzifəsində çalışıb. Maraqlıdır ki, həmin işdən də Oqtay Məsmalıyev məhz yol verdiyi saxtakarlıq səbəbindən qovulub. Amma bunun Oqtay müəllim üçün indi elə də böyük əhəmiyyəti yoxdur. Məsələ bundadır ki, şöbə müdiri hal-hazırda Ağstafanın ən zəngin məmurlarından biri hesab olunur. İddia edilir ki, onun hətta Almaniyada da şəxsi evi var. Bununla belə mənbə vurğulayır ki, xüsusilə son günlər Oqtay Məsmalıyev iş yerində olduqca dalğın və əsəbi təəssürat bağışlayır. Məsələ bundadır ki, hazırda DSMF-nin Ağstafa rayon şöbəsinin fəaliyyəti Hesablama Palatası tərəfindən yoxlanılır. Deyilənə görə, şöbənin işində artıq bir çox ciddi nöqsanlar aşkar olunmuşdur. Bu xüsusda məlumatda bildirilir ki, Oqtay Məsmalıyevin rayonda fəaliyyət göstərən bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini həmçinin sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu yolla “qənaət” olunan məbləğin yarısı isə, nəğd şəkildə Oqtay Məsmalıyevə təqdim edilir...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.