"Tornadonun qoçuları" - İşləri mühafizə yox, adam döyməkdir
21-09-2015, 18:03
Ev sahibini, onun oğlunu döydülər, çəkiliş edən jurnalistlərin üzərinə tornado kimi hücum çəkdilər
Sabunçu rayonunun Sabunçu qəsəbəsində Qəmbər Vəzirov küçəsi, ev 32 A ünvanında yaşayan Elxan Qaraxanov yaşadığı evində söküntü işləri aparılır. Ev sahibi musavat.com-a şikayət edərək, ona qarşı haqsızlıq edildiyini bildirib.
Şikayətçi redaksiyamıza zəng vuraraq, bunları deyib: "Bura mənim şəxsi evimdir. 20 ildir mən ailəmlə burada yaşayıram. Həyətimdə olan, anamın, atamın yaşadığı evi təmir edirəm. İmkan vermirlər. Bir müddət əvvəl gəldilər, tikintini saxladılar. Mənə vaxt verdilər ki, onlara rüşvət verim. 8 min manat pul istədilər. Verə bilmədim deyə, indi gəlib, zəhmət çəkib, tər tökdüyüm evi sökürlər".
Şikayət əsasında hadisə yerinə yollandıq. Elxan Qaraxanovun həyətində daxil olan kimi, söküntü işlərini mühafizə edən "Tornado" şirkətinin "qoçuları" üstümüzə hücum çəkdilər. Jurnalist olduğumuzu, təmsil etdiyimiz media orqanının adını deyərək, vəsiqəmizi təqdim etsək də, heç nə dəyişmədi. Şirkətin 10-15 nəfər "qoçu" mühafizəçiləri bizə hücum çəkdi. Kameramızı sındırmaq, əlimizdən almağa cəhd etdilər. Təhqir, nalayiq ifadələrlə qolumuzu buraraq, həyətdən çıxartdılar.
Fiziki təzyiqlərdən qurtulmaq üçün qonşu həyətə girməli olduq. Burada belə "qoçular" qapını qırıb, içəri girməyə çalışdılar. Tək məqsədləri, nə bahasına olursa-olsun çəkdiyimiz görüntüləri silmək idi ki, onu da bacara bilmədilər.
Haqsızlığı işıqlandırmağa gedən jurnalistlərə hücum çəkənlər, adi vətəndaşlara nə edər? Çox şey... Bunu da etdilər. Bir müddət sonra köməyimizə yetən əməkdaşlarımızın sayəsində, qonşu həyətdən çıxa bildik. Ev sahibi, şikayətçi E.Qaraxanov qapını açaraq, bizi həyətə buraxdı. Bundan sonra "Tornado" şirkətinin əməkdaşları ərazidən gəldikləri kimi, getdilər.
Şirkətin "qoçuları" ev sahibini və oğlunu döyüblər. Belə görünür ki, bu mühafizəçilərin işi adam döyməkdir və bununla da fəxr edirlər. Necə ki, bizə, "Bu nədir ki, siz bizim yutubedə videolarımıza baxın" deyib, öz əməlləri ilə fəxr edirdilər.
Elxan Qaraxanov onların rüşvət istədiklərini deyir: "Neftləri başlarına dəysin. Mənim əsgərlikdən təzə gələn oğlumu yerdə sürüyürlər. Sizə cumurlar. Belə haqsızlıq olar? Lotuluq edirlər. Zəhmət çəkib oğul böyütmüşəm, onu döyürlər. Zəhmət çəkib, evimiz təmir edirəm, onu sökürlər. Qanun tanımırlar. Hər şeyin səbəbi 8 min manatdır. Məndən icra nümayəndəsi 8 min manat istədi. Dedi ki, "pulu ver, evini tik". Mən də vermədim. Ona görə də sökürlər".
E.Qaraxanovun oğlu Aqil Qaraxanova 4 nəfər hücum çəkərək, döyüb: "Qapını bağladılar. Sanki türmədəyik. Mənə 4 nəfər hücum çəkdi. Boğazımdan tutdular, yıxdılar yerə. Qolum əzildi. Bədənimdə xəsarətlər var".
Şikayətçilər "Tornado" şirkətinin SOCAR şirkəti ilə birgə çalışdığını desələr də, SOCAR-dan bildirdilər ki, "Tornado" şirkətinin onlarla heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Müslüm Mahmudovla danışdıq. M.Mahmudov deyilənləri təkzib etdi: "Həmin şəxs şər və böhtan atır. Heç kim ondan heç bir pul tələb etməyib. Belə şey mümkün deyil. Onun yaşadığı ərazi Sabunçu rayon İcra Hakimiyyətinə aid deyil. Çünki həmin torpaqlar neft şirkətinə aiddir. Və tikinti qanunsuzdur".
"Tornado" şirkətinin rəsmi internet səhifəsində PARTNYORLAR bölməsində əməkdaşlıq etdikləri şirkətlərin siyahısı yer alır. Onların arasında, Balaxanı Neft Əməliyyat Şirkəti və Mədən Əraziləri ilə yanaşı, AzGerNeft Şirkəti və Mədən Əraziləri də yer alır.