«Oğlumu ömürlük şikəst qoyub, ölmək istəmirəm…» - Yeni Günəşlinin «qaranlıq dövrü»

27-06-2016, 08:03           
«Oğlumu ömürlük şikəst qoyub, ölmək istəmirəm…» - Yeni Günəşlinin «qaranlıq dövrü»
Buradakı məscidin tikintisi də yarımçıq qalıb

Bakı ətrafında bir yaşayış sahəsi var – adına «Yeni Gunəşli» qəsəbəsi deyirlər. Nə üçün günəşli deyildiyi məlum olmasa da, qəsəbənin bir neçə sakininin redaksiyamıza təqdim etdiyi müraciətlər göstərir ki, ərazidə gerçək bir «qaranlıq» (yəni ki, mənəvi boşluq, cəhalət) hökm sürür. Üstəlik də bu «qaranlıq», total hüquqsuzluqla çulğalaşıb, eybəcər bir mühit formalaşdırıb – bu mühitdə qaranlıq məxluqatı (cinlər, şəyatinlər, divlər, təpəgözlər, skandinaviya trolları və s.) pələsək vurur! Təxminən, 300-500 min nəfərin yaşadığı bu məntəqə sanki hamının yadından çıxıb – suyu qıt, yolları, küçələri bərbad, məhəllələri baxımsız, gəzinti-istirahət üçün heç bir şəraiti yox və s. Elə yerləri də var ki, sanki elə idicə güclü bombardmana məruz qalıb – küçəsi-səkisi bərbad, asfaltı bərbad, hər tərəf qazılıb və qazılan yerlər eləcə atılıb qalıb. İbrətamizdir ki, burada bir məscid tikilirdi, onun da tikintisi neçə illərdir, yarımçıq qalıb – bu «qaranlıq»ın bir ibadət yeri də yoxdur…

Dediklərimə sübut üçün redaksiyamıza daxil olmuş növbəti müraciəti hörmətli oxucularımızın mühakiməsinə təqdim edirik. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış sahəsindəki 24 saylı binanın 70-ci mənzilində yaşayan Abbasova Nəzakət yazır:
«Bildirirmək istəyirəm ki, 07 iyul 2015-ci il tarixində oğlum Abbasov Ramal Akif oğlu özünün «Hunday Sonata» avtomobilini idarə edərkən, avtomobil idarə etmək hüququ olmayan 16 yaşlı Nəcəfli Fəqan Əfqan oğlu «Toyota Land Kruzer» avtomobilini yüksək sürətlə idarə edərək, ağır yol qəzası törədib və hadisə yerindən qaçıb. Qəza nəticəsində xəsarət almış oğlum 47 gün Neyrocərrahiyyə xəstəxanasında müalicə alıb. İndi vəziyyəti gündən-günə ağırlaşır və 2 təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Biri sinir əməliyyatıdır və 12-14 saat çəkəcəyi bildirilir. Burnu da 3 yerdən sınıb və nəfəs alması çətinləşib. Tək ailə başçısıyam, 60 yaşım var və əməliyyatlar üçün heç bir imkanım yoxdur. Oğlumu ömürlük şikəst qoyub, ölmək istəmirəm…

İndiyə qədər oğlumun həyatada qalıb yaşaması üçün bir çoxları hər cür köməklik göstərib. Ancaq ötən 11 ayda cinayətkarın tərəfindən bircə nəfər də onunla maraqlanmayıb və bizə heç bir maddi köməklik göstərilməyib. Çoxsaylı müraciətlərimə rəğmən, bu hadisəyə heç bir hüquqi qiymət verilməyib. Prokurorluq orqanlarının dediyinə görə, bütün qanunlar cinayətkarın tərəfindədir və elə bir maddə (qanunlarda – red.) yoxdur ki, onu məsuliyyətə cəlb etsinlər. Mülki qaydada məhkəməyə verdim… məhkəmə də bilə-bilə işi uzadır…

Oğlum artıq şikəst yaşamaq istəmir. Məhkəmə işi uzatdığına görə, o, intihar etmək üçün yollar arayır! Mən də oğlumu intihar cəhdlərindən çəkindirmək məqsədilə, əlimi dövlətimdən üzərək, qeyri-dövlət təşkilatlarına müraciət etmək məcburiyyətində qalmışam. Hər bir halda, zərərçəkmiş tərəf kimi vurulan zərərin ödənilməsini təmin etmək, oğlumun sağlamlığını lazımi səviyyədə bərpa etmək dövlət xətti ilə mümkün deyilsə, mən neyləməliyəm?! Görünür ki, bu dövlətdə Nəcəfov Əfqan İsa oğlunun nə puluna, nə «arxa»sına bata biləcək bir qumum və bir qanun yoxdur…»

Müraciətdən görünür ki, Nəzakət xanım oğlunu qəzaya salmış tərəfdən küskün, ölkənin hüquq-mühafizə orqanlarından şikayətlidir. Çünki zərər vuran tərəf onun şikəst edilmiş oğluna heç bir maddi yardım göstərməyib, hüquq-mühafizə orqanları isə Nəcəfov Fəqan Əfqan oğlu tərəfindən törədilmiş cinayətə – ağır avtomobil qəzasına lazımi hüquqi qiyməti verməyib. Beləliklə, zərərçəkən tərəf həm maddi, həm də hüquqi köməksizliklə üzləşib. Buyurun – bir tərəfdən, mənəviyyatsızlıq və digər tərəfdən isə hüquqi köməksizlik göz önündədir…

Burası Yeni Günəşli (qədim od məkanı Suraxanı) – adına rəğmən, «qaranlıq məkan». Neçə illərdir, məscidinin tikintisi də yarımçıq qalmış belə bir məkanda sakin olan toplumdan daha nə gözləyəsən?..

Əlaqəli tərəflərin mövqeyini də dinləməyə hazırıq.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.