Xanımı ölümlə təhdid edən şəxsi 16-cı Polis Bölməsində kim himayə edir? – ARAŞDIRMA
18-01-2017, 00:14

Polkovnik Fuad Əliyev ərazisindəki bu özbaşınalığa son verəcəkmi?
Təhqiqatçı Mirsadiq Seyidova zəng edərək, Kənan Babayevi sərbəst buraxdıran Xəzər RPİ əməkdaşı Mehman kimdir?
Afina Musayeva: “Sahə inspektoru deyir ki, Kənan Babayevin sizə tez-tez zəng etməsində, yazmasında nə var?
Yanvarın 13-də LEGİON-da Bakı şəhəri Nərimanov rayonunda yaşayan Afina Rəşid qızı Musayevanın daxili işlər naziri Ramil Usubova müraciəti dərc olunmuşdu. Müraciətdə deyilirdi:
“Cənab Nazir! Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə etdiyim şikayətlər və yazdığım ərizələrə biganə yanaşılır, məni az qala hər gün təhdid və təhqir edən Kənan Babayev adlı şəxslə bağlı tədbir görülmür.
Bildirirəm ki, bir neçə il əvvəl tanış olduğum, evli olmasını öyrəndikdə isə ayrılmağa qərar verdiyim Kənan Babayev adlı şəxs məni uzun müddətdir rahat buraxmır, gah ölümlə, gah üzümə turşu töküb yandırmaqla, gah da qaçırmaqla hədələyir.
Onun qorxusundan evdən hətta marketə çıxa bilmirəm. Buzovnada yaşayan Kənan Babayev öz qohumuna evlidir, bir oğlu da var. Onun təzyiq və təhdidləri barədə anasına məlumat vermişəm, amma onun ailəsi heç nə etmək istəmir. Mənim yanımda nə atam, nə qardaşım var. Bir bacımla yaşayıram, ikimiz də Kənan Babayevin təhdid və təhqirləri qarşısında müdafiəsiz qalmışıq.
2017-ci il 8 yanvar tarixində binamızın həyətinə gəlib təhdidlər sovuran K.Babayev təhqiqatçı Seyid tərəfindən bölməyə aparılsa da (102-yə zəngimdən sonra), izahat alınıb buraxıldı.
Lakin həmin gün və növbəti gün təhdidlər davam etdi. O, həbsdən çıxan qardaşı Səbuhi vasitəsilə məni öldürtdürəcəyini deyir. Kənan Babayev polisdən və dövlətdən qorxmadığını deyir, hətta Prezidentin ünvanına xoşagəlməz sözlər işlədib. 102-yə 2-ci zəngdən sonra isə 9 yanvarda Səfalı adlı təhqiqatçı gəlib 2-ci dəfə məndən ərizə aldı.
Mən Kənan Babayevin təhdidləri yer alan səs yazılarını 16-cı polis bölməsinin təhqiqatçıları Seyid və Səfalıya da göndərmişəm. Səfalı mənə dedi ki, daha 102-yə zəng etməyin, Kənan sizi narahat etməyəcək. Lakin Kənan Babayev hər gün məni təhqir və təhdid edir, zəng və SMS-ləri dayandırmır.
Yanvarın 12-dən 13-nə keçən gecə səhərə qədər evimizin qarşısında gəzişib.

Qeyd edim ki, bu günə qədər sahə inspektoru Münasib Əliyevi heç cür tapa bilmirdik. Yalnız məsələ ilə bağlı mətbuata müraciət etdikdən sonra, Münasib Əliyev yanvarın 13-də mənə zəng etdi və “başqa yerlərə şikayət etdiyimə görə” məni qınamağa başladı.
Mən onu heç cür tapa bilmədiyimi, Kənanın isə təhdidlərə son vermədiyini dedikdə, sahə inspektoru Münasib Əliyev isə bildirdi ki, guya Kənan Babayev Qubadadır, Bakıya gələndə ifadəsini alacaq. Halbuki, Kənan Babayev ötən gecə səhərə qədər bizim binanın qarşısında olub. Onun əlindən çölə çıxa bilmirəm.
Sizdən xahiş edirəm, mənə kömək edin. İnanıram ki, Siz bu məsələni nəzarətə götürsəniz, problem tezliklə həllini tapacaq”.
Biz məsələni araşdırmaq məqsədilə Nərimanov RPİ-yə zəng etdik, ordan bildirdilər ki, məsələ ilə bağlı suallarımıza ancaq 16-cı polis bölməsində cavab ala bilərik.
16-cı polis bölməsinin rəisi Fuad Əliyevi yerində tapmadıq, lakin onun müavini İlham Umayevlə danışa bildik.
Təəssüf ki, İ.Umayev də hadisədən xəbərsiz olduğunu bildirdi və bizdən şikayətçinin və Kənan Babayevin mobil nömrəsini alaraq, məsələ ilə maraqlanacağını bildirdi.
Seyid adlı təhqiqatçıya zəng etdik, həmin şəxs bizimlə danışmaq istəmədi. Səfalı adlı təhqiqatçı isə bildirdi ki, işlə sahə inspektoru Münasib Əliyev məşğul olur.
M.Əliyev bildirdi ki, Kənan Babayev hazırda Qubadadır: “Mən məzuniyyətdəydim, təzə qayıtmışam, məşğul olacam”.

Yanvarın 16-da biz məsələ ilə bağlı yenilik olub-olmadığını öyrənmək üçün, yenidən A.Musayeva ilə əlaqə saxladıq: “Kənan Babayevin zəngləri dayanmır. Yenə də zəng edir, mesajlar yazır. Münasib Əliyev isə deyir ki, zəng etməkdə, evinizin qabağında gəzməkdə nə problem var? Cəmi bir dəfə ayın 13-də zəng edib dedi ki, probleminizi mənə bildirin, ora-bura şikayət etməyin. Ondan sonra danışmamışıq…Dəfələrlə təhdid olunduğumu Münasib Əliyevə başa sala bilmirəm. Kənan ötən gecə SMS yazdı ki, binamızın qabağındadır. Məgər bu adamı tapıb məsuliyyətə cəlb etmək çətindir? Kənan Babayevə deyəndə ki, mən dövlətimə güvənirəm, sənin barəndə dövlət ölçü götürəcək... O, utanmadan dövləti və Prezidenti təhqir etdi. Bu barədə 16-cı Polis Bölməsində də bildirmişəm, amma heç bir tədbir görmək istəmirlər”.
A.Musayeva qeyd etdi ki, yanvarın 8-də K.Babayev 16-cı polis bölməsində olarkən, Xəzər RPİ-də işləyən Mehman adlı şəxsə zəng edərək, dəstəyi təhqiqatçıya verib: “Seyid həmin Mehman adlı şəxslə danışdıqdan sonra, Kənana münasibətini dəyişdi və bizi arxayınlaşdıraraq, onu sərbəst buraxdı. Mehman kimdir, bilmirəm. Amma Kənan Babayev tez-tez onun adını çəkib, yaxını olduğunu deyib”.
LEGİON əməkdaşı bu məlumatdan sonra dərhal Xəzər RPİ-yə zəng etdi. Lakin Xəzər RPİ-nin növbətçi hissəsindən bizə bildirdilər ki, idarədə Mehman adlı bir neçə şəxs işləyir, ən yaxşısı, kadrlar şöbəsindən dəqiqləşdirməkdir.
Təəssüf ki, Xəzər RPİ-nin kadrlar şöbəsindən zəngimizə cavab verən olmadı. Biz “Seyid” kimi tanınan təhqiqatçı, baş leyteant Mirsadiq Mirsəttar oğlu Seyidovun adından şikayətçilərlə Tofiq adlı köməkçisinin mobil telefonda yazışma aparmasını da öyrəndik.
Həmin nömrəni araşdırdıqda, “Facebook”da qarşımıza “Shuller Baku” adlı bir profil çıxdı. Mirsadiq Seyidova aid bir hesab da qarşımıza çıxdı, lakin, bu barədə şərh vermək istəmirik, lakin hüquq mühafizə orqanlarında çalışan şəxsin sosial şəbəkələrdən istifadə etməsi bizdə sual doğurdu...
Şikayətçi xanıma özünü “təhqiqatçı” kimi təqdim edən Səfalı Hacalıyevin isə 16-cı polis bölməsində əməliyyat müvəkkili işlədiyini öyrəndik.
Təəssüf ki, 16-cı polis bölməsində nələrin baş verdiyi barədə heç nə öyrənə bilmədik.
Həmçinin, yanvarın 14-də LEGİON əməkdaşına zəng edib “Kənan, hardasan, sən gələsi olmadın?” deyən Münasib Əliyevin başına nələr gəldiyi də bizi narahat etməyə bilməz.

Ümid edirik ki, Nərimanov RPİ-nin 16-cı polis bölməsində hər şey qaydasındadır... Və təhdid olunan xanımın problemi də tezliklə həll olunub, qaydasına düşəcək.
Apardığımız araşdırmalar nəticəsində onu da öyrəndik ki, 16-cı polis bölməsinin rəisi Fuad Əliyevin qardaşı Səfər Əliyen DİN-də katibliyin rəisidir.
Həmçinin, əldə etdiyimiz məlumata görə, Səfər və Fuad Əliyevlər Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevlə yaxın qohumluq əlaqələri var... Araşdırmamız davam edir.
Xatırladaq ki, yanvarın 14-də LEGİON-da “Nərimanovda polis rəislərini üz-üzə qoyan “Nissan” qalmaqalı” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, 16-cı PB-nin rəisi Fuad Əliyev sabiq işçisi, hazırda Nizami RPİ-nin 25-ci polis bölməsinin rəis müavini Elnur Əliyevlə (RİH başçısı Abdin Fərzəliyevin kürəkəni – red.) prinsipə girərək, onun özüylə apardığı xidməti avtomobili əlindən almağa nail olub: “Fuad Əliyev köhnə “haqq-hesab”ı həll etmək üçün, tələm-tələsik Nərimanov RPİ-yə yeni rəis gələn Nəriman İmanovun qəbuluna düşür, yeni rəis isə bütün əlaqələrini səfərbər edərək, “Nissan Sentra” avtomobilini Abdin Fərzəliyevin kürəkəninin əlindən almağa nail olur.
Mənbələr qeyd edir ki, bundan sonra Fuad Əliyev öz avtomobilindən imtina edir və 16-cı polis bölməsinin balansına qaytarılan “10 AP 555” dövlət nömrə nişanlı “Nissan Sentra”da gəzməyə başlayır”.
Biz son məlumatı şərh etmirik, lakin inanmaq istərdik ki, F.Əliyev öz operativliyini Afina Musayevanın probleminin həllində də nümayiş etdirəcək.
Araşdırmamız davam edir.
Rüfət Əhmədzadə
LEGİON
Mövzu ilə bağlı linklər:
Ölümlə təhdid olunan xanım DİN başçısından kömək gözləyir – MÜRACİƏT
Bacılar təhdid olunur, polis isə biganəlik göstərir?
Nərimanovda polis rəislərini üz-üzə qoyan “Nissan” qalmaqalı – NÜANSLAR



