Ramiz Zeynalov qardaşıoğlundan Prezidentə şikayət edən ailəyə təzyiq göstərir?
19-01-2017, 00:35

Lətifə Hüseynova: “Müstəntiq Teymur Ağamirov deyir ki, çox səs-küy salıb Zeynalovları qıcıqlandırmayın”
İsmayıl Hüseynov: “Qoşqar Zeynalov utanmadan dedi ki, Maliyyə Nazirliyində Tovuza ayrılan 7 milyon manatı götürüb faizə vermişəm”
Bu yaxınlarda LEGİON-da Tovuz sakinləri İsmayıl Hüseynov və Lətifə Hüseynovanın Prezidentə müraciəti dərc olunmuşdu.
Bildirilirdi ki, DİN Baş DYPİ-nin rəisi Ramiz Zeynalovun qardaşı oğlu (və Tovuz RİH başçısı Tofiq Zeynalovun oğlu) Qoşqar Zeynalov Rahib İsmayıl oğlu Hüseynovu və Emin İsmayıl oğlu Hüseynovu milyonlarla dolları “atmaq” ittihamı ilə həbs etdirib və indi qardaşlar təcridxanada saxlanılır.
Rahib və Emin Hüseynovların vəkili S.Hacıyeva isə LEGİON-a müsahibəsində sözügedən “dələduzluq” ittihamının tarixçəsinə diqqət çəkmişdi: “Qoşqar Zeynalov bir neçə il əvvəl DİN Baş MCMİ-də yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb. 2013-cü ildə də Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra Arif Əsgərov tərəfindən bir çox şəxslərin pulu qaytarılmış, Qoşqar Zeynalov da onun yaxın qohumu olduğundan, ondan özünün razılığı ilə ərizə alınmış və pulu qaytaracağını bildirmişdilər.
O vaxt Elnar Əsgərov ona pulu qaytaracağını vəd etmiş və bir qismini qaytarmışdı. Arif Əsgərovun da əvvəlki imkanları olmadığına görə, yəqin Qoşqara deyiblər ki, gedin nə edirsiniz edin, Rahib və Emini tutdurun, biz qarışmayacağıq. Hadisələrin gedişatından belə görünür”.
O qeyd etmişdi ki, Arif və Elnar Əsgərovların da istintaqa cəlb olunması, habelə Qoşqar Zeynalovun qazanc mənbəyinin araşdırılmasıyla bağlı dəfələrlə vəsatət qaldırsa da, işi aparan müstəntiq Teymur Ağamirov vəsatətləri təmin etmir və işə birtərəfli yanaşır.
Yanvarın 18-də LEGİON-a danışan Lətifə Hüseynova bildirdi ki, özünün və vəkil S.Hacıyevanın mətbuata açıqlamaları, eyni zamanda Prezidentə edilən müraciət övladlarını həbs etdirən Qoşqar Zeynalov və ailəsi tərəfindən birmənalı qarşılanmır. “Müstəntiq Teymur Ağamirov mənə zəng edib deyir ki, çox səs-küy salıb Zeynalovları qıcıqlandırmayın. Bəlkə, yumşalıb uşaqları buraxdılar... Ağamirov deyir ki, nə qədər hoppansanız da, başınızdan yuxarı hoppana bilməyəcəksiniz.
Mənsə cavab verdim ki, biz hoppanmırıq, haqq-ədalət tələb edirik. Necə olurdu ki, 2014-cü ildə oğlumdan heç bir şikayəti olmadığını yazılı surətdə bildirən Qoşqar Zeynalov indi mənim övladlarımdan şikayət edib tutdurur?
Rahib həbs ediləndə, böyrəyindən təzəcə əməliyyat olunmuşdu. Səhhəti getdikcə pisləşir. Mən müstəntiqə dəfələrlə demişəm ki, Qoşqarla bizi görüşdür. Bir evim var, onu da verirəm, təki balalarımı həbsdə saxlamasınlar. Ölkədən getməyimizi də istəsələr, çıxıb gedərik. Təki o iki balam haqsız yerə, Arif Əsgərovun oyunlarına görə həbslərdə çürüməsinlər”, - deyə L.Hüseynova vurğuladı.
Onun sözlərinə görə, bu məsələdə general Ramiz Zeynalovun xüsusi tapşırığının olduğunu eşidib. “Tovuzda “Ayan Palace” adlı otel-restoran var. Rayonda bu otel-restoranın Ramiz Zeynalova aid olduğunu deyir. Hətta səhv eləmirəmsə, Ayan da onun nəvəsinin adıdır. Nə deyirəm, sağlıqlarına qismət, başacan görsünlər... Amma mənim övladlarıma qıymasınlar. İnsafları olsun, pul kimə çatıbsa, ondan da istəsinlər. Qoşqar Zeynalov Elnar Əsgərovla bacanaqdır, öz aralarında razılaşıb, Rahiblə Emini qurban verirlər”, - deyə Lətifə Hüseynova bildirdi.
İsmayıl Hüseynov isə LEGİON-a bildirdi ki, 3 il əvvəl Qoşqar Zeynalovdan 7 milyon manatı hardan aldığını soruşmuşdu: “O isə mənə cavab verdi ki, Maliyyə Nazirliyindən almışam, Tovuz rayonu üçün ayrılan pullardır, indi faizə verib xeyir götürürəm. Utanmadan, çəkinmədən, eynilə belə dedi. Özüm təəccüb etmişdim, dövlətin pulunu götürüb faizə verməsindən necə rahat danışır”.
Biz məsələ ilə bağlı Teymur Ağamirova zəng etdik, lakin o bildirdi ki, istintaq sirri olduğuna görə, işlə bağlı suallarımıza cavab verə bilməyəcək: “Suallarınızı DİN-in mətbuat xidmətinə ünvanlayın”.
Qoşqar Zeynalova aid olan mobil nömrələrdə isə LEGİON-un zənglərinə cavab verən olmadı.
