Xanlar Zeynalov indi də icra sistemini nəzarətdə saxlayır? VIDEO
22-01-2017, 09:25

Sabunçu, Suraxanı, Yasamal, Səbail və Kürdəmir icra şöbələrindəki vəziyyət “köhnə” komandanın hələ güclü olmasından xəbər verir?..
Yəqin ki, 365info.az oxucuları Ədliyyə Nazirliyi Baş İcra İdarəsinin sabiq rəisi, ədliyyə generalı Xanlar Zeynalovu hələ də xatırlayarlar. Vaxtilə, həm icra sistemindəki özbaşınalıqlar, həm də Xanlar Zeynalovun adının müxtəlif biznes iddialarında hallanması bu şəxsin şəklini saytların manşetindən düşməyə qoymurdu. Hər iki-üç gündən bir, Xanlar Zeynalov və onun rəhbərlik etdiyi idarə ilə bağlı nəsə bir qalmaqallı məlumat yayılmalıydı. Qalmaqallı məmurların reytinq cədvəli hazırlansaydı, şübhəsiz ki, Xanlar Zeynalov ilk yerlərdə qərarlaşar və bir çox naziri belə geridə qoyardı. Lakin hamıya məlum olduğu kimi, 2016-cı il martın 22-də Xanlar Zeynalov istefaya göndərildi, Baş İcra İdarəsinin rəisi vəzifəsini icra etmək isə hörmətli nazir Fikrət Məmmədov tərəfindən Nurəddin Mustafayevə tapşırıldı. Bir çoxları ümid edirdi ki, icra sistemində ciddi dəyişikliklər, islahatlar olacaq.
Hətta N.Mustafayevin bu istiqamətdə müəyyən cəhdləri də hiss olundu. Lakin təəssüflər olsun ki, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi hələ də ictimaiyyətin tənqid hədəfi olmağa davam edir.
10 yaşlı Nuray Bayramzadənin icra şöbəsində sürüdülməsini əks etdirən kadrlar bu yaxınlarda böyük səs-küy yaratmışdı. Lakin başqa məqamlar da var ki, onların kökü illər əvvələ, Xanlar Zeynalovun dövrünə gedib çıxır. Məsələn, Qafqaznews.az saytı ötən il Sabunçu icra şöbəsi ilə bağlı diqqətçəkən araşdırmalar aparmış, vətəndaş Səbinə Ələkbərovaya 265 min manat verməli olan Zöhrab Zülfi oğlu Əliyevin etiraflarını dərc etmişdi.
Qafqaznews.az-ın araşdırmaları zamanı, Z.Əliyevin baş icra idarəsinin rəisi Xanlar Zeynalova qədər “çıxaraq”, 17 min manata “vaxt qazanması” barədə məlumatlar üzə çıxmışdı. Araşdırmalar yetərincə ciddi məqamları əks etdirsə də, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi bu və digər iddiaları şərh etmədi. Lakin bir müddət sonra, Xanlar Zeynalovun istefaya getməsi barədə xəbərlər yayıdı. Xanlar Zeynalovun istefasından sonra, Z.Əliyevin iddiaları ilə bağlı “araşdırma” aparılmış, amma heç bir fakt “aşkarlanmamışdı”.
Zöhrab Əliyevlə bağlı məhkəmə qətnaməsi də öz yerində, icra olunmamış vəziyyətdə qalmaqdadır. Həmçinin, Qafqaznews.az-da Rafiq Məmmədov adlı vətəndaşın Kürdəmir İcra Şöbəsindən şikayətinə də toxunulmuşdu. Bir neçə ay ərzində onun işi ilə bağlı 2-3 icraçı dəyişilsə də, hətta Xanlar Zeynalovun köhnə komandasından olan şöbə rəisi Arif Yəhyazadə (əldə etdiyimiz məlumata görə, bu şəxs Xanlar Zeynalovun vaxtında Yasamal İcra Şöbəsində çalışıb – red) borclu Mirabdulla Abdullayevin axtarışa verilməsi barədə tələbkara məktub göndərmiş, sonradan isə məlum olmuşdu ki, hüquq mühafizə orqanlarına belə bir təqdimat daxil olmayıb. Bu yaxınlarda ölkə mətbuatında İradə Zeynalova adlı xanımın Prezidentə müraciəti də yayıldı.
Həmin xanım müraciətində bildirirdi: “Suraxanı Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli Qətnaməsinə əsasən məcburi köçkünlər: Rüstəmov Məmməd Aslan oğlu, ailə üzvləri: Rüstəmova Şövkət Mustafa qızı və Rüstəmov Ərşad Məmməd oğlunun mənim şəxsi mülkiyyətimdə olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 2 saylı evin, 1-ci mənzilindən çıxmalı və mənzilimi mənə qaytarmalıdırlar. Qətnamə icra edilməsi üçün Suraxanı rayon İcra şöbəsinə göndərilsə də, 2011-ci ildən bu günə qədər icra edilmir, nə icra şöbəsinin məmurları, nə də mənzili zəbt etmiş şəxslər heç kimlə, heç nə ilə hesablaşmırlar və Məhkəmə Qətnaməsini icra etmək fikirləri də yoxdur. Onların özbaşınalığı nəticəsində öz mənzilimiz olduğu halda orda-burda kirayələrdə yaşayırıq. Həyat yoldaşım Mürsəlov Mürsəl Ramazan oğlu vəfat etmişdir. Mənim şəxsi mülkiyyətimdə olan mənzilim bu illər müddətində “qaçqın və köçkün” statusundan sui-istifadə edən ayrı-ayrı şəxslər bir-birlərinə sataraq yaşayırlar.
Hal-hazırda orada yaşayan Rüstəmovlar qonşu blokda böyük oğlu ilə yaşayıblar və mənim mənzilimi zəbt etmiş Sevildən pul ilə alıb öz şəraitlərini yaxşılaşdırmışlar. Mən onlar ilə mənzilimi boşaltmaq barədə danışmağa cəhd etsəm də, məni qapıdan qovublar ki, “Nə vaxt ermənilər bizim evi qaytararlar, biz də sənin mənzilini boşaldarıq!”.
Suraxanı icra şöbəsinin məmuru Rauf Hüseynov isə məcburi köçkünlərin hələ dövlətdən ev almamasını bəhanə edir və İradə Zeynalovaya üç övladı, üç nəvəsi ilə “bir az” gözləməyi məsləhət görür. Yasamal İcra Şöbəsi ilə bağlı da mətbuatda şikayətlərə rast gəlinməkdədir. Məsələn, Ramin Məmmədov adlı vətəndaş 2016-cı ilin fevralın 29-da direktoru Cəmalə Əfqan qızı İsayeva olan (ADU prorektoru Əfqan Abdullayevin qızı – red.) “MSN Tour” şirkətinə qarşı məhkəməni udub. Yasamal İcra Şöbəsinin məmuru Samir Osmanov isə qeyri-müəyyən səbəblərdən Cəmalə İsayevanı “tapa bilmir” və istər tələbkar Ramin Məmmədova, istərsə də mətbuat nümayəndələrinə öz hərəkətsizliyinin səbəblərini izah etməkdən boyun qaçırır.
Nəhayət, Səbail İcra Şöbəsinin məmuru Ayaz Nuğaylıdan söz açmaq istərdik. Bu icraçının öz iş yoldaşının başına çəkic vurarkən çəkilən şəkli və iki avtomobilə malik olması barədə 365info.az saytında məlumatlar dərc olunmuşdu. Sözügedən icraçı 365info.az əməkdaşını rəisi Anar Qocayevin “əlaqələri” ilə qorxudaraq mənbəni öyrənməyə çalışmış, buna müvəffəq olmadıqda isə müxtəlif qurumlara “şantaj olunması” barədə şikayət etmişdi. İndi bilmirik, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində vəziyyət əslində necədir… Amma həqiqətən də, maraqlıdır: Sabunçu, Suraxanı, Yasamal, Səbail və Kürdəmir icra şöbələrindəki vəziyyət “köhnə” komandanın hələ güclü olmasından xəbər vermirmi? Ümid edirik, bu və digər məqamlara tezliklə aydınlıq gətiriləcək…