Abdin Fərzəliyev və Səmyar Abdullayevdən şikayətlər səngimək bilmir – KORRUPSİYA QALMQALI(FOTO,VİDEO)

24-01-2017, 08:32           

Adi “makler” o qədər imzalı-möhürlü sənədləri necə saxtalaşdırıb?

Bu günlərdə LEGİON-da “Abdin Fərzəliyev və Səmyar Abdullayev 156 vətəndaşdan pul alan Məzahir Nəsibovu qurban verir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Mübariz Hacıyev adlı vətəndaş bildirmişdi ki, Nərimanov RİH və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə fırıldağı nəticəsində 160-a yaxın vətəndaş aldadılıb və onlardan yığılan 8 milyon manatdan çox pul mənimsənilib. M.Hacıyevin sözlərinə görə, o və digər vətəndaşlar aldadılıb ki, Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli evin yalnız dörd mərtəbəsində əlillər yaşayacaq, digər 8 mərtəbə Prezidentin sərəncamına əsasən aztəminatlı ailələrə ucuz qiymətə satılacaq. Bir vətəndaşdan 55 min, birindən 65 min, digərindən hətta 100 min və daha çox pul alınan bu “oyun”larda ümumilikdə 160-a yaxın vətəndaşın 8 milyon manatdan çox pulu mənimsənilib. Vətəndaşlar bildirirlər ki, onlar sadəcə əlil yataqxanasına qeydiyyata alınıblar, mənzil verilməsi isə baş tutmayıb. Hazırda aldadıldıqlarını anlayan vətəndaşlar pullarını tələb edirlər. Bu gün Nərimanov RİH və AzGƏC sözügedən fırıldaqda iştiraklarını dansalar da, demək olar ki, hər bir şikayətçi vətəndaş bu proseslərdə RİH və AzGƏC təmsilçiləri ilə ünsiyyətdə olub, onlara Abdin Fərzəliyev də daxil olmaqla, bir çox rəsmi şəxslərin imzaları və möhürləri olan sənədlər təqdim edilib. Məzahir Nəsibov isə internetdə yaydığı videolarda 156 vətəndaşdan pul aldığını və pulları Səmyar Abdullayevə verdiyini deyib: “Səmyar Abdullayev deyir ki, guya mən skanerlə o sənədləri hazırlamışam. Dörd il ərzində skanerlə necə sənəd düzəldə bilərdim? Pulu sizə gətirib verirdim, siz də sənədləri icra hakimiyyətinə təqdim edirsiniz, icra hakimiyyəti sənədləri göndərir “Baksovet”ə (Bakı Şəhər İcra Hakimiyyəti), aparat rəhbəri Rasim Quliyev tərəfindən təsdiqlənib qayıdır rayon icra hakimiyyətinə, sonra rayon icra başçısı öz imzasıyla sərəncam verir… Bütün bu işləri skanerlə necə görə bilərdim?”. M.Nəsibov vurğulayır ki, bütün görülən işlərdən və alınan pullardan RİH-in də, AzGƏC-in də məlumatı olub. Onun sözlərinə görə, vətəndaşlara mənzillərin verilməyəcəyindən özünün də xəbəri olmayıb. M.Nəsibov videolarda qeyd edib ki, pulların əksəriyyəti Nərimanov RİH rəhbərliyinə və AzGəc sədri Səmyar Abdullayevə çatıb, əgər ölkədə qalsaydı, hər şeyi onun boynuna yıxacaqdılar. Yanvarın 23-də LEGİON-a sözügedən qalmaqalda aldadıldığını deyən başqa bir vətəndaş Fuad Əliyev bildirdi ki, Nərimanov RPİ-nin pasport və qeydiyyat şöbəsində onun sənədlərini “düz-qoş” etməyi AzGƏC-in Hikmət adlı nümayəndəsi Rəşad adlı “pasportstol” işçisinə tapşırmışdı: “Bu hadisə 2015-ci ilin dekabrında olub. Onda Hikmət müəllimin anası rəhmətə getmişdi, tez-tez zəng edib Rəşada tapşırırdı ki, Fuad Əliyevin yeni qeydiyyat məsələsini həll et. O vaxt nəsə texniki problem olduğundan iş yubadılırdı, amma Rəşad adlı “pasportstol” işçisi Hikmət müəllimlə danışandan sonra mənə dedi ki, arxayın ol, 2-3 günə gələrsən, yeni sənədini götürərsən. Məni və ailəmi ora qeydiyyata saldılar. Mənzil üçün 65 min ABŞ dolları vermişdim, 1000 dollar da püşkatmada istədiyim mənzilin mənə çatması üçün aldılar”. F.Əliyev LEGİON-a bildirdi ki, Məzahirin bu fırıldaqda rolu olsa da, onun videolarda verdiyi açıqlamaların həqiqətə uyğun olduğuna inanır: “Əlbəttə ki, bu işdə Nərimanov RİH və AzGƏC məlumatsız olmayıb. Tapşırıq yuxarı səviyyədə verilmişdi, Məzahir Nəsibov da vasitəçilik edirdi. O adam son günlərə qədər öz bağ evini təmir etdirirdi, bildiyimə görə, sonra bütün mal-mülkünü bəzi “makler”lərə etibar etdi ki, satıb vətəndaşlar arasında bölüşdürsün. Kim harda nə qədər pul mənimsəyib – dəqiq deyə bilmərəm, lakin bu iş Nərimanov RİH başçısından xəbərsiz olmayıb. Sərəncamlarımız saxta deyildi, RİH-in məlumat bazasına da salınmışdı, Bakı Şəhər İcra Hakimiyyətindən imzalı-möhürlü sənədər var. Məzahir bizi RİH-də çalışan Yaməddinin yanına göndərdi, o da bazaya baxıb dedi ki, sərəncamınız bazaya oturub, Allah xeyir versin. İndi isə Abdin Fərzəliyev öz imzaladığı sərəncamı danır. Mən illərdir kirayədə qalıram, 66 min dollar pulum mənimsənilib, amma istintaq məni itirib-axtarmır, müstəntiq Vüqar İsmayılov nə məni, nə də başqa vətəndaşları zərərçəkmiş kimi dinləmək, ifadəmizi almaq istəmir. Açılan cinayət işi sadəcə gözdən pərdə asmaq üçündür”. Əlasim Rəşidov adlı şikayətçi də LEGİON-a bildirib ki, məsələ ilə bağlı istintaq prosesinin gedişatından xəbərsizdir: “Biz zərərçəkmişlər dindirilmir, fikrimiz soruşulmur… Bilmirik, bu iş çərçivəsində kimlər dindirilir, hansı faktlar aşkarlanır. Amma hər şey aydın görünür ki, Nərimanov RİH-in və Gözdən Əlillər Cəmiyyətinin rəhbərlikləri bu işdə bilavasitə rol oynayıblar. Mənim 76 min manat pulum batdı, özüm isə “Sovetski”dəki evim söküləndən bəri, 2016-cı ilin aprelindən ailəmlə kirayələrdə yaşayıram. Bu proseslərdə infarkt keçirmişəm. Bizim səsimizi eşidən yoxdur”.

Biz adıkeçən Yaməddin (Məzahir Nəsibov onun adını videolarda Yövmiddin deyə bildirmişdi – red.) müəllimlə danışdıq. “Məzahir Nəsibov başda olmaqla bir qrup dəllal insanları aldadıb pullarını mənimsəyiblər. İndi də icra hakimiyyətini hədəfə çevirməyə çalışırlar. Bu məsələ ilə bağlı prokurorluq cinayət işi qaldırıb. Siz bu mövzuda hüquq şöbəsinin müdiri Firdovsi müəllimlə daha geniş danışa bilərsiniz”, – deyə RİH nümayəndəsi bildirdi. Biz Yaməddin müəllimdən öyrənmək istədik, Fuad Əliyevin dediyi kimi, Abdin Fərzəliyevin imzası olan sərəncamlar necə və hansı “təsadüf” nəticəsində verilib… Amma qarşı tərəf sualımızı cavabsız qoydu. Nərimanov RİH-in hüquq şöbəsində isə zənglərimizə cavab verən olmadı. Araşdımamız davam edir. Qeyd edək ki, sözügedən məsələ ilə bağlı şikayətçi vətəndaşların Qafqaz Xəbər Media Mərkəzində mətbuat konfransı keçiriləcək. Tədbirdə problemin mahiyyəti ilə bağlı bütün məqamlar ictimaiyyətə geniş açıqlanacaq. Hüquq müdafiəçiləri, aidiyyatı üzrə qurumların, habelə müxtəlif KİV-lərin nümayəndələri mətbuat konfransına dəvətlidirlər. Tədbir 24 yanvar 2017-ci il tarixində, saat 14:00-dan 15:00-a qədər Xətai r-nu, S.Vəzirov küçəsi, ev 11D-də baş tutacaq.
Rüfət Əhmədzadə
LEGİON



























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.