Nils Abel reysindən çıxış: Abel Məhərrəmov Elşad Abdullayev yolunu gedir - Müdhiş arxiv, şok dosye...
27-01-2017, 09:45

Abel Məhərrəmov... Onun adı Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə qoyulub. Atası, riyaziyyatçı olan Məmmədəli müəllim oğlunu kimyaçı alim kimi yetişdirir...
İndi Abel Məhərrəmov illərdir ki, Azərbaycanın ən əzəmətli, qocaman Bakı Dövlət Universitetinin (BDU) rektorudur.
Lakin Abel müəllim özü də yaxşı bilir ki, BDU rektoru olmaq pedaqoji vəzifədən daha çox, siyasi postdur. Bütün nəzərlər və diqqətlər ona yönəlikdir.
Prezident Administrasiyasından hüquq-mühafizə orqanlarına qədər A.Məhərrəmovun fəaliyyəti və BDU lupa ilə izlənir. Bu baxımdan həssasdır, siyasi xətaya yol vermək istəmir.
Amma görünən budur ki, rektor heç də Nils Abelin yolunu getmir. Onun özü yolu, əhdi-peymanı, əbədi-dönməz istiqaməti var - ölkənin ən sanballı ali məktəbini gözdən salmaq...Reallıqlar belə deməyə əsas verir.
İcra başçılarına diplom satışı
Anaxeber.Az yazır ki, ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtaha görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi.
Nils Abel reysindən çıxış: Abel Məhərrəmov Elşad Abdullayev yolunu gedir - Müdhiş arxiv, şok dosye...
Məsələn, Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində 984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə - yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib.
Üstəlik, BDU-nun həbs həyatı yaşamış müəllimləri eks-deputat Gülər Əhmədova və rüşvətə görə tutulmuş Məhəmməd İmanlı adı çəkilən ali təhsil müəssəsindən azad edilməyiblərmiş.
2014-cü ildə isə tələbələrin mitinq keçirməsi, rektorun iclasda tələbə Ramilə Kiçiyevaya sərt sözləri yaddaşlardan silinməmiş, növbəti qalmaqal meydana çıxdı.
Bu dəfə Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısı aləmi qarışıdırdı. 2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrə dekanlıq haqda sosial şəbəkələrdə tənqidi fikirlər yazmağı qadağan edib, hədə-qorxu gəlib.
GDU rektoru: “BDU-da rüşvət daha çoxdur”
Anaxeber.Az yazır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov vaxtilə verdiyi bizimyol.info-ya müsahibədə BDU-da rüşvətxorluq hallarının GDU-dan daha çox olduğunu bildirmişdi.
Bunu bir tələbə yox ölkənin ikinci şəhərinin universitetinə rektorluq edən şəxs açıqlayıb.
Başqa bir arxi-aktual fakta diqqə yetirək: 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedir.
Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur.
Bunu necə etdiyi də möcüzəli deyil. Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək “imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
Abel Məhərrəmov bu qanunsuz əməliyyatı həyata keçirmək üçün tələbənin valideyinindən əvvəlcədən 40 min manat alır. Bu məlum tələbə Şəmkirin prokuroru Novruzov Allahverdinin oğludur.
Dekanlığın rəzaləti
Anaxeber.Az yazır ki, yuxarıda sadalanan faktlarla A.Məhərrəmov erası yekunlaşmır. İnternet resurslarında kifayət qədər materiallar var. Lakin sonuncu qalmaqal BDU-nu və az-çox hörməti qalan Jurnalistika fakultəsini tamamilə gözdən saldı.
Dekan müavini çıxışında BDU-nun Jurnalistika fakultəsinin dekanatlığını elə təsəvvür edir ki, sanki məlum dekanatlıq dövlət əhəmiyyətli, xüsusi məxfi qurumdur. Boş-boş danışmağı bir yana, səs yazısında tələbələri təhdid belə etməkdən çəkinmir!
Təbii ki, bu dekan müavinin şəxsi təşəbbüsü deyil. Bu xəbərdarlıq xarakterli tapşırıq məhz yuxarıdan, rektor Abel Məhərrəmovdan gəlib.
Sual yaranır: Görəsən Azərbaycan təhsilinin evini yıxanlardan olan bu rektoru narahat edən, birdən-birə tələbələrini təhdid etdirən səbəb nədir?!
Cavab isə olduqca bəsitdir: Universitet rəhbərliyinin özbaşınalıqlarının, rüşvətxor əməllərinin, universitetdə gizli maxinasiyaların cəmiyyətə sosial media vasitəsilə çıxışının qarşısını almaq və bu yolla öz qanunsuz əməllərini gizlətmək istəyi.
Mənzərə olduqca acınacaqlıdır və Abel Məhərrəmov BDU-nun reputasiyasını yerlə bir edib. Qurtuluş struktur və kadr islahatlarından keçir. Hər halda “Strateji Yol Xəritəsi”ndəki təhsilə aid müddəalar çərçivəsində hansısa reformalar reallaşacaq.
İstefa tələbi
Bu arada isə Gələcək Azərbaycan Partiyası elm adına yaraşmayan hərəkətlər edən rektor Abel Məhərrəmovun istefasını tələb edib:
“Çox yaxın günlərdə bu və digər məsələlərə hüquqi qiymət verilməsi istiqamətində zəruri bildiyimiz addımları partiya olaraq atacağıq və digər rüşvət faktlarını da cəmiyyətin diqqətinə çatdıracağıq.
Tədbir görmək, ölçü götürmək, cinayətkarların cəzalandırılması isə prezidentin və təhsil nazirinin səlahiyyətlərinə daxildir. Bizim üzərimizə düşən misiya bu qaranlıqlara işıq salmaq olacaq”.
Onu da deyək ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli universitetin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısına münasibət bildirib.
C.Məmmədli deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb:
“Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər.
Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb”.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az