“Ramiz Mehdiyev də saxta elmi işlərin mövcudluğunu dəfələrlə vurğulayıb” - Sərdar Cəlaloğlu

17-08-2019, 10:09           
“Ramiz Mehdiyev də saxta elmi işlərin mövcudluğunu dəfələrlə vurğulayıb” - Sərdar Cəlaloğlu
Statistika Komitəsinin verdiyi məlumata görə, təkcə ötən il Azərbaycanda 710 nəfərə alim adı verilib.

Maraqlıdır, bu göstərici real elmi yaradıcılıq baxımından da öz əksini tapırmı? Alim adı alanlar elmə bu ad miqyasında nə isə verə, elmə bu ad miqyasında fayda qazandıra bilirmi?

Moderator.az-a açıqlama verən ADP sədri, müxtəlif elm sahələri ilə bağlı bir-birindən maraqlı nəzəriyyələr müəllifi Sərdar Cəlaloğlu bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi:

“Alim adı alan adamların çoxu heç öz adını düz-əməlli yaza bilmir. Azərbaycanda elm özü də bir korrupsiya sahəsidir. Komitələrdə, nazirlikdə, müxtəlif idarələrdə çalışan, elmin nə olduğunu bilməyən adamlar saxta, plagiatlıq yolu ilə, Rusiyada, orda-burda müdafiə edilən elmi işləri gətirib öz adlarından təqdim edirlər. Bu sahədə sanki bir bazar fəaliyyət göstərir. Alim adına layiq olan şəxslər illərlə gözləsə də bu adı ala bilmir. Amma kiminsə pulu var deyə bu adı alır. Bunu Ramiz Mehdiyev də dəfələrlə etiraf edib. Qeyd edib ki, Azərbaycanda bu sahədə müdafiə edilən elmi işlərin bir çoxu saxtadır. Akademik, professor adı daşıyan şəxslər var ki, yazdıqları məqalələr saxtadır. Saxtakarlıq Azərbaycan cəmiyyətinin iliyinə işləyib. Elmin özündə saxtaklarlığın olması ən böyük biabırçılıqdır.

Ötən il alim adı alanların içərisində iki nəfər tapmaq çətindir ki, onların elmi nailiyyətləri dünya tərəfindən qəbul edilsin. Əsasnaməyə görə, doktorluq adı yalnız o halda verilə bilər ki, o şəxs elmdə hansısa fundamental yeniliyə imza atsın. Əgər 710 nəfərin içərisndə 7 nəfər belə bir fundamental elmə imza atan olubsa, heç olmasa gərək onların 1-2-si dünya miqyasında tanınsın. Bu baxımdan vəziyyət biabırçılıqdır.

Maraqlı burasıdır ki, həqiqi alimlərə elmi dərəcə vermirlər. Illərlə elmi-tədqiqatla məşğul oaln, elmi işləri olan şəxslər elmi ad ala bilmir. Adını yaza bilməyənlər isə elmlər doktoru, akademik adını alır. Bu gün bir nəfər deyəndə ki, mən elmlər doktoruyam, ona heç kəs bir alim kimi baxmır. Bu baxımdan vəziyyət həm gülməli, həm də acınacaqlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.