Moskvanın casus şəbəkəsi bütün dünyada ifşa olunur - 305 cəsus ifşa edilib

21-11-2018, 08:38           
Moskvanın casus şəbəkəsi bütün dünyada ifşa olunur - 305  cəsus ifşa edilib
Nəzakət Məmmədova: “Onun agentləri peşəkardır”
Fransanın “Le Monde” qəzeti yazıb ki, Rusiya Kəşfiyyat İdarəsinin (QRU) 305 agenti ifşa olunub. Yazıda agentlərdən 12-nin ABŞ-da, 4-nün Hollandiyada, 2-nin isə Sergey Skripal olayından sonra İngiltərədə ifşa olunduğu qeyd edilib. Rusiyanın müxalif mövqedə dayanan “The İnsider” saytı isə bu xəbəri təsdiq edib.

Rusiya Xarici İşlər Nazirliyinin bu xəbərlərə reaksiya gecikməyib. XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova “The İnsider” saytını ittiham edib. O, saytın rəhbərliyini Qərb xüsusi xidmət orqanlarının əlində bir alət olmaqda ittiham edib. Bunun da səbəbi başında Rusiya vətəndaşı olan bu saytın “Le Monde” saytının xəbərini təsdiqləməsidir.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova 305 rus agentinin ifşasını mümkünsüz sayır: “Bu günlərdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın İngiltərədə öz qızı ilə birlikdə zəhərlənməsi böyük siyasi qalmaqala səbəb oldu. S.Skripal Baş Kəşfiyyat İdarəsində işləyən ikili agent olub və Rusiyada həbs ediləndən sonra Qərbdəki ifşa olunmuş bir neçə rus agentinə dəyişdirilib. Zəhmli Baş Kəşfiyyat İdarəsinin tarixində bu ilk, belə hal deyil. Lakin dünyanı lərzəyə gətirən, hətta sovet dövründə KGB-ni belə kölgədə qoyan bu təşkilatın tarixində çox az satqın olub, indi də bu təşkilatın yüzlərlə agentlərinin ifşası barədə deyilənlər inandırıcı deyil. Çünki BKİ əməkdaşları və onların agentləri olduqca peşəkar və sədaqətlidirlər, onları asanlıqla öz tərəfinə çəkmək və ya ifşa etmək qeyri-mümkündür. Rusiya SSRİ yaranandan bu günədək öz hərbi-siyasi qələbələrini məhz bu təşkilata borcludur. İkinci Dünya müharibəsi, soyuq müharibə, SSRİ-nin parçalanmasından sonra keçmiş sovet respublikalarında, o cümlədən Qarabağda ermənilərin qələbəsində BKİ-nin böyük rolu olub. Ermənilərin Qarabağda vuruşan bir çox səhra komandirləri, o cümlədən Köçəryan, Sərkisyan, cinayət məsuliyyətinə cəlb edilən general-polkovnik Xaçaturov və başqaları BKİ-nin agentləri olması sirr deyil. Rusiya bu gün də onları qoruyur. Yəqin ki, Ermənistanda ABŞ-ın xüsusi xidmət orqanları çalışırlar və onlar Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla, Xaçaturova və Köçəryana cinayət işi açmaqla Rusiyaya onun agentlərinə olan münasibətlərini göstərdilər. Suriya müharibəsində Rusiyanın qələbələrində BKİ-nin böyük rolu danılmazdır. Çünki o, Rusiyada kosmik kəsfiyyat aparmaq imkanları olan tək xüsusi xidmət orqanıdır. BKİ Müdafiə Nazirliyinə tabe olsa da, onun rəsmisi birbaşa Putinə məruzə etmək səlahiyyətinə malikdir. BKİ Suriyada İŞİD və digər terror təşkilatlarının fəaliyyətini kosmosdan çəkmişdi, terrorçuların Suriya sərhədini NATO hərbçilərinin köməyi ilə keçdiyini, İŞİD-in Türkiyə sərhədindən keçən neft biznesini ifşa etmişdi və s. Rusiyanın təqdim etdiyi təkzibolunmaz faktlar Qərb ölkələrini çətin duruma salmışdı. Bu, Rusiyanın və müttəfiqlərinin-Türkiyə və İranın Suriyada təkcə diplomatik qələbəsini yox, həm də hərbi-siyasi, kəşfiyyat sahəsində üstünlüyünü təmin etmişdi. Hətta soyuq müharibə illərində BKİ-nin satqın agentlərini və əməkdaşlarını krematoriyada yandırılması barədə versiyalar var. Bütün bu xidmətlərinə görədir ki, özü də çekist olmuş Putin noyabrın 2-də Petroqradda Trotskinin əmrilə əsası qoyulmuş BKİ-nin 100 illik yubileyini təntənəli surətdə qeyd etdi. Təsadüfi deyil ki, BKİ-nin Rusiya dövlətində oynadığı böyük rola görə Britaniyanın "The Times" jurnalı yazıb ki, BKİ-nin iflası Rusiya dövlətinin, onun silahlı qüvvələrinin tənəzzülünün göstəricisidir. Bu, doğurdan da belədir.

Bir vaxtlar çar Aleksandr demişdi ki, Rusiyanın iki müttəfiqi var: ordu və donanma. Lakin mənim fikrimcə, Rusiya dövləti də bugünkü qüdrətini iki şeyə borcludur - nüvə silahına və Baş Kəşfiyyat İdarəsinə. BKİ-də bu sayda satqının ifşası mümkün deyil. Onun agentləri peşəkardır. İfşa edilə bilməzlər”.

N.Məmmədova belə bir yazının dərc edilməsinin səbəblərinə də toxundu: “Fransanın nüfuzlu “Le Monde” qəzetində belə bir yazının dərc edilməsinin bir neçə səbəbləri ola bilər. Xüsusi xidmət orqanları, agentlər mövzusu daima cəmiyyətin maraq dairəsindədir və istənilən qəzet, xüsusilə “Le Monde” kimi milyonlarla oxucusu olan mətbuat orqanı sensasiya, oxucu marağı naminə araşdırdığı mövzunun nəticəsini oxucularla bölüşüb. Digər tərəfdən isə hazırda biz Fransa və Rusiyanın yaxınlaşmasını müşahidə edirik. Fransa prezidenti Makronun Avropada vahid ordu yaradılması ideyasını Putin dəstəkləyib. Çünki bu, NATO-nun zəifləməsinə, Avropa ölkələri ilə ABŞ arasında qarşıdurmaya səbəb ola bilər. Biz Rusiya-Fransa yaxınlaşmasını həm də lap qonşuluğumuzda, Gürcüstan və Ermənistanda müşahidə edirik. Fransa vətəndaşı olmuş, bu ölkənin Tiflisdəki keçmiş səfiri Salome Zurabişvili Rusiyayönümlü İvanaşvilinin partiyası tərəfindən dəstəklənir və Rusiya-Fransa birliyi Gürcüstanda ABŞ namizədi Vaşadzeyə qarşı birgə çıxış edir. Eləcə də, Ermənistanda Rusiya yəqin ki, ABŞ-dansa, Fransanın Paşinyan üzərində təsirini daha çox məqbul hesab edir. Makronun Ermənistanda Frankofoniya tədbirinə qoşulması, separatçı Bako Saakyanın Fransaya səfəri də müəyyən Fransa-Rusiya yaxınlaşmasını ortaya qoyur. Belə bir məqamda ki, biz sadəcə yalnız bir neçə misal çəkdik. Ola bilsin ki, Moskva və Paris arasında yaxınlaşma bir sıra qüvvələri narahat edib və onlar Fransa mətbuatında belə bir məlumatı dövriyyəyə buraxıblar”.

Cavanşir ABBASLI,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.