Rusiya ilə ABŞ Cənubi Qafqazda savaşa başlayacaq - “Stratfor” analitiklərindən ŞOK
30-10-2015, 16:54
Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” adlandırılan “Stratfor” agentliyi növbəti analitik hesabat yayımlayıb. Modern.az saytı xəbər verir ki, “Stratfor” agentliyi Rusiya ilə ABŞ arasında növbəti nüfuz davasının Cənubi Qafqazda başlayacağını yazıb.
“Ukraynada ABŞ-ın qızışdırdığı konflikt gərginləşməkdə davam etsə də, yaxın zamanlarda həll oluna bilər. Amma bu həll Kiyevdəki Amerikaya meylli qüvvələrin xeyrinə olmayacağı üçün ABŞ-a “yeni qan” lazımdır. Qərblə Rusiya arasında gərginliyin artmaqda olduğunu nəzərə alan Vaşinqton yeni kartdan – keçmiş sovet periferiyaları olan Gürcüstan, Ermənistan və Azərbaycandan istifadə edəcək.
Birləşmiş Ştatlarda “Ukrayna layihə”sini uduzduqlarını anladılar və bu bölgəyə maraqlarını itirdilər. Kiyev nəzarətdən çıxır və Qərbə tabe olmayaraq öz daxilində hakimiyyət bölgüsü və səlahiyyət davası aparır. Ukrayna münaqişəsinə Amerikanın ayırdığı kredit və maliyyə yardımları hər keçən gün daha da azalır, Dövlət Departamenti isə Moskvaya yeni təzyiqlər üçün yeni layihələr hazırlayır. Vaşinqtonlu analitiklər və “qaynar nöqtə” yaradanlar üçün Cənubi Qafqazdakı sovet respublikaları ən perspektivli dövlətlər ola bilər. Artıq ilk təcrübə daşı Yerevana atılmışdı – 2015-ci ilin iyunuda elektrik enerjsinin tarifləri ilk aksiyalara səbəb olmuşdu”.
“Stratfor” analitiklərinin fikrincə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsi rəsmi Moskvanın regional supergüc kimi dirçəlməsinin işarəsi oldu. Rusiya Ermənistanda öz hərbi mövcudluğunu da möhkəmləndirdi: “Zəif yer olaraq isə yalnız Azərbaycan qalmışdı. Öz zəngin enerji resursları və strateji mövqeyi ilə rəsmi Bakı Rusiya, Türkiyə və Qərbdən güzəştlər əldə etməyə başladı. Amma rusların Ermənistan və Gürcüstanda hərbi qüvvələri Azərbaycana qarşı da nəzarət funksiyası yerinə yetirirdi”.
“Stratfor”un analitikləri yazır ki, rəsmi Bakı Rusiyanın regionda əsas dominant qüvvə olduğnuu həmişə anlayırıdı.
Məhz bu amilləri nəzərə alan Qərb analitikləri regionda süni gərginlik yaradaraq Moskvanı cavab addımları atmağa vadar etmək və bununla Moskvanı gözdən salmaq niyyəti güdür.
“ABŞ çox güman ki, öz layihəsini Azərbaycan-Ermənistan, yaxud Rusiya-Gürcüstan münaqişələrindəki ziddiyyətlərdən istifadə edərək başlayacaq. İstisna deyil ki, daha effektli olması üçün hər 2 variantdan istifadə olunacaq”.
“Stratfor”un fikrincə, Kreml NATO qüvvələrinin Gürcüstan ərazisində yerləşdirilməsindən qıcıqlanacaq və Ukraynadakı münaqişə və Qarabağdakı gərginlik fonunda rəsmi Moskvanın reaksiyası daha sərt olacaq: “Bütün bunlar Moskvaya təzyiq metodudur və onun regiondakı təsirini və çoxsaylı münaqişələrdəki “üçüncü tərəf” rolunu heçə endirmək məqsədi daşıyır”.