Moskvada Rusiya və Azərbaycan strateji tərəfdaşlığına həsr olunan beynəlxalq konfrans keçirilib

31-03-2018, 09:52           

Diaspor nümayəndələri Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını seçkilərdə prezident İlham Əliyevi namizədliyini dəstəkləməyə çağırıblar
Moskvada "Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlığı inkişafının və möhkəmləndirilməsinin əsas prinsipləri" adlı beynəlxalq konfrans keçirilib.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyadakı Azərbaycan icmalarının təşkilatçılığı ilə Beynəlxalq Ticarət Mərkəzində keçirilən tədbirdə rusiyalı və azərbaycanlı deputatlar, iş adamları, siyasi ekspertlər, elm adamları, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan Rusiyadakı Azərbaycan icmasının lideri Fazil Qurbanov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Diaspor lideri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: "Əsası ulu öndər Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin tərəfindən qoyulan Azərbaycan-Rusiya münasibətləri bu gün prezident İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Bildiyiniz kimi, Rusiyada prezident seçkiləri yenicə başa çatıb. Seçki kampaniyası vaxtı Rusiyanın regionlarındakı Azərbaycan icmalarının rəhbərləri Vladimir Putinin namizədliyini dəstəkləmək məqsədi ilə təşəbbüs qrupu yaradılması üçün müraciət etdilər. Putinin namizədliyinə dəstək məqsədi ilə təşəbbüs qrupu yaradıldı. Təşəbbüs qrupu tərəfindən seçki kampaniyası dövründə Rusiyanın regionlarında tədbirlər keçirildi. Rusiya azərbaycanlıları prezident seçkilərində Vladimir Putini dəstəklədilər. İndi isə qarşıda ana vətənimiz Azərbaycanda prezident seçkiləri gəlir. Rusiyada yaşayan azərbaycanlılar Rusiya-Azərbaycan münasibətlərinin inkişafından olduqca razıdırlar. Həmvətənlərimiz bu siyasi xəttin davam etdirilməsini istəyirlər. Ona görə də, Rusiyada Azərbaycan icması olaraq burda yaşayan Azərbaycan vətəndaşlarını seçkilərdə iştirak etməyə və iki ölkə arasında siyasi xəttin davam etdirilməsi üçün İlham Əliyevə səs verməyə çağırırıq".



Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Aqşin Əliyev konfrans iştirakçılarına səfir Polad Bülbüloğlunun salamını və təbriklərini çatdırıb. Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışan diplomat qeyd edib ki, bu münasibətlər bütün sahələrdə, siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində yüksələn xətlə inkişaf edir.



Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədli isə çıxşında bu günki beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. O, Azərbaycan-Rusiya münasibətlərinin bir sıra aspektlərinə toxunub: "Həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Rusiya prezidenti Vladimir Putin çıxışlarında iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayırlar. Bu gün iki ölkə arasında siyasət, iqtisadiyyat və humanitar sahələrdə əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra humanitar layihələr həyata keçirilib. Məhz bu layihələr iki ölkə arasındakı humanitar sahədə əlaqələrin inkişafına öz töhvəsini verib".



Azərbaycandakı rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Rusiyadakı Azərbaycan diasporu və Azərbaycandakı rus icması haqqında danışıb: "Azərbaycan diasporu və Rus icmasını iki ölkə arasındakı münasibətlərin səviyyəsi hər zaman narahat edib. Çünki münasibətlərdə bir vaxtlar durğunluq olub. Ümummilli lider Heydər Əliyev və Vladimir Putinin görüşündən sonra iki ölkə arasındakı münasibətlərdə yeni dövr başlayıb. Bu gün bu münasibətlər prezidentlər İlham Əliyev və Vladimir Putin sayəsində strateji tərəfdaşlıq səviyyəsinə çatıb". Azərbaycanda rus dilinin tədrisi səviyyəsindən danışan M. Zabelin bildirib ki, hazırda ölkəmizdə 16 rus dili məktəb var: "Bu 16 məktəbdə tədris ancaq rus dilindədir. 340-dan çox məktəbdə isə rus dili bölməsi fəaliyyət göstərir".



Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dmitri Savelyev çıxışında iki ölkə arasında humanitar sahədə əməkdaşlığın yeni bir səviyyəyə qədəm qoyduğunu söyləyib: "Rusiya və Azərbaycan arasında humanitar sahədə əlaqələrdə yüksəlişi izləyirik. Artıq bu sahə müstəqil sahəyə çevrilib. İki ölkənin vətəndaş cəmiyyətləri uğurla əməkdaşlıq edirlər". Rusiyalı deputat ölkəsinin çətin günlərində Azərbaycanın Rusiyanın yanında olduğunu xatırladıb: "Rusiya-Türkiyə münasibətləri pozulan zaman Azərbaycan kənarda durmadı, vasitəçilik edərək bu münasibətlərin düzəlməsində mühüm rol oynadı".



İnnovasiya inkişafı İnstitunun Strateji Analiz Mərkəzinin direktoru, ekspert, fəlsəfə elmləri doktoru Andrey İvanov "Rusiya və Azərbaycan beynəlxalq arenada. İki ölkə arasında əməkdaşlıq və siyasi münasibətlər" adlı məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasındakı münasibətlərin bugünkü səviyyəsi qonşu dövlətlər üçün nümunədir: "Rusiyanın heç bir qonşusu ilə Azərbaycanla olduğu kimi münasibətləri yoxdur. Bu, həqiqətən də belədir. Baxın Rusiyanın qonşularına, hansı qonşu ilə Rusiyanın bu səviyyədə əlaqəsi var?! Rusiya və Azərbaycan arasındakı münasibətlər xüsusi prinsipə əsaslanır. Bu prinsiplər bir-birinin daxili və xarici siyasətinə qarışmamasından ibarətdir. Moskva və Bakı bir-birinə qarşılıqlı hörmətlə yanaşır. Bu münasibətlər Putin və İlham Əliyevin sayəsində mümkün olub. Bu gün Azərbaycan əhalisinin çoxluğu İlham Əliyevi dəstəkləyir. Hesab edirəm ki, Moskva və Bakı arasındakı münasibətlər daha da inkişaf edəcək. Bu şübhəsizdir. Çünki Rusiya və Azərbaycanın regionda maraqları üst-üstə düşür".



Tədbirdə çıxış edən digər ekspertlər və natiqlər də Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafının əsas prinsiplərindən danışıblar. Konfransın yekununda iştirakçılar Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.