Şəhidlərin məzarına düzülmüş güllər oğurlanır və… – ARAŞDIRMA

20-08-2016, 22:16           
Şəhidlərin məzarına düzülmüş güllər oğurlanır və… – ARAŞDIRMA
Son günlər qəbiristanlıqlarda məzar daşlarının, mərmər gül qablarının, qəbir üstünə gətirilən qızılgüllərin oğurlanması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Sonuncu xoşagəlməz xəbəri isə aprel döyüşlərində şəhid olmuş pilot Təbriz Musazadənin oğlu Tayfun Musazadə paylaşıb.
“Atam şəhid Təbriz Musazadənin məzarına sərilmiş bayraq götürülüb, 10 manata başqa şəhid ailəsinə satılıb”. Şəhid pilotin məzarına qoyulmuş güllər də yoxa çıxıb…
…Avqustun 12-də Təbriz Musazadənin doğum günü qeyd edilib. Şəhidin ailəsi, yaxınları, döyüş dostları onun II Şəhidlər Xiyabandakı məzarını ziyarət ediblər. Məzarın üzərinə bayraq qoyulub, qızılgüllər düzülüb. Amma sonradan bayraq da, güllər də yox olub. Şəhidin yaxınları qarşılaşdırları mənzərədən təəssüflənirlər.
Azərbaycanın bir neçə Milli Qəhrəmanın və Qarabağ şəhidlərinin dəfn olunduğu II Şəhidlər Xiyabanda olub, baş verənləri öyrənməyə çalışdıq.
Qeyd edək ki, II Şəhidlər Xiyabanı tanınmış elm və incəsənət xadimlərinin dəfn olunduğu II Fəxri Xiyaban ilə yanaşı yerləşir.
Xiyaban xüsusi mühafizə olunmasa da, ətrafda müşahidə kameraları yerləşdirilib. Bura hər gün onlarla ziyarətçi gəldiyindən giriş qapısı daim açıq olur.
Əvvəlcə şəhid Təbriz Musazadənin məzarını ziyarət etdik.

Şəhidin qəbrinin ətrafı süni güllərlə bəzədilib, məzarın üstündə şəhidin doğum günündə gətirilən və artıq solmuş bir-iki əklil gözə dəyir.
Digər şəhidlərin məzarlarını da ziyarət edib bayaqdan bəri bizi izləyən qəbiristanlıq əməkdaşlarına yaxınlaşırıq. “Bu xiyabanda oğurluq ola bilməz. Çünki müşahidə kameraları qoyulub. Şəhidlərin məzarına sərilmiş bayraqları yalnız külək uçura bilər. Heç kim buna cürət etməz”, – sualımıza molla cavab verir.
Adını söyləmək istəməyən qəbiristanlıq əməkdaşı da bayraqların digər şəhid ailəsinə satılmasının mümkün olmadığını deyir: “Hər gün axşam saat 5-dək burada adam olur. Məzarların ətrafı təmizlənir, sulanır. Axşam saat 5-dən sonra hamı gedir, heç kim olmur. Buna görə də, axşam məzarın üzərinə düzülmüş gülləri götürə bilərlər. Digər qəbiristanlıqlarda da belə hallar tez-tez baş verir. İndi insanlar imkansızlıqdan qəbiristanlıqlardan da oğurluq edirlər”.
Onu da öyrənirik ki, məzarların üzərindən götürülən güllər ucuz qiymətə elə qəbiristanlıqların yaxınlığındakı gül mağazalarına satılır. “Niyə təəccüblənirsiniz ki? Bütün qəbiristanlıqlarda belədir. Məzarın üzərinə gül qoyun, bir-iki saatdan sonra yoxa çıxacaq”. Bunu II Fəxri Xiyabana ziyarətə gələn Adil Eyvazov deyir.
Onun sözlərinə görə, bu qəbiristanlıqda vəziyyət nisbətən yaxşıdır. “Yasamal qəbiristanlığında gül qoymaqla aparmaqları bir olur. Guya ki, gülləri oğurlayıb, çörəkpulu qazanırlar. Amma kimlərinsə qəbiristanlıqdan oğurluq edib evinə çörək aldığı inandııcı deyil. Bu işi yəqin ki, gül satanlar təşkil edirlər”.

Fəxri Xiyabanın yaxınlığındakı qəbiristanlıqda yaxınlarını ziyarətə gələnlər də gül oğrularından narazılıq edirlər. “Avqustun 16-da anamın ad günü idi. Gül alıb uşaqlarla birgə ziyarətə gəlmişdik. Səhəri gün qardaşım zəng vurub güllərin oğurlandığını dedi. Əvvəllər belə hadisələr olmazdı. Görün, indi hansı yollarla pul qazanırlar”, – deyə anasının məzarını ziyarət edən Səmayə xanım şikayətlənir.
Fəxri Xiyabanın yaxınlığındakı gül mağazasında isə sualımıza belə cavab verirlər: “Hər qəbiristanlığın rəhbəri, əməkdaşları var. Onlar nəzarət etməlidirlər. Gül oğurluğu ilə məşğul olanları onlardan yaxşı tanıyan yoxdur”.
Çoxlarının “xırda məsələ” kimi əhəmiyyət vermədiyi belə hadisələr ölü sahiblərinin haqlı narazılığına səbəb olur. Şəhid məzarlarından pul qazananların əməllərinə isə haqq qazandırmaq mümkün deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.