İrəvanda azərbaycanlı “oğru”ya çıxarılan hökm İstanbulda icra edildi
22-08-2016, 01:11
Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlindən sonra sifarişçinin kimliyi ətrafında müzakirələr başlayıb. Bir çoxları killerlərin bağlı olduğu klanın Rusiya kriminalının “xaç atası” olmağa iddialı “Kürd Şakro”, “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan əmr aldığını bildirir. Uzun illər İspaniyada həbsdən sonra Rusiyaya qayıdan Kürd Şakronun əsas düşmənləri siyahısında ilk yerdə nüfuz müharibəsində uduzmağa ən iddialı namizəd olan Rövşən Lənkəranski dayanırdı.
Sirli qayıdış
Şakro Molodoyun Moskvaya qayıtdığı hələ 2014-cü ilin 29 oktyabrında məlum idi. Həmin gün Moskva aeroportlarından birinə avtoritet sərnişini gətirən təyyarə endi. Onun nüfuzu o qədər böyük idi ki, qarşılamağa “qardaşlar” gəlmədi. Əvəzində aeroportda çox sayda polis əməkdaşı vardı və onlar baş verə biləcək hər şeyə hazırlıqlı idilər. Dərhal sərnişini əhatə edib polis bölməsinə gətirdilər. Onu saxlamaq üçün heç bir əsas yox idi, ancaq polisin əsas mübarizə üsulu olan profilaktik söhbət prosedurundan keçmək də lazımlıydı. Onu “qardaşlar” elə burda polis bölməsinin qarşısında gözləyirdilər. “Böyük qardaş”ın polisə gətiriləcəyini bildiklərindən aeroporta yox, elə bura gəlmişdilər. Bu jest kriminal aləmdə yüksək dəyərləndirilir. “Oğru”nun paqonluların meydançasında ona güc nümayiş etdirməsi nüfuz məsələsidir. Gələnlər arasında Vasya Voskres adı ilə tanınan Vasili Xristoforov və Piquç ləqəbli Yuri Piquçin də vardı. Şakro Moskvaya qayıdan sıradan bir “qanuni oğru” deyildi. Rusiya kriminalının Ded Xasandan sonra “xaç atası” olmağa iddialı olan şəxsindən söhbət gedirdi. Onun nüfuzu Ded Xasan və Yaponçikin sağlığında da az deyildi. İndi isə ikisinin də həyatda olmaması ona öz imkanlarından daha gen-bol istifadəyə şərait yaradırdı.
Milyonluq malikanədəki toxunulmaz “oğru”
Moskvaya qayıtdıqdan sonra Şakronun ilk işi dincəlmək oldu. Demək olmazdı ki, o, uzun illər qaldığı İspaniya həbsxanasından yorğun qayıtmışdı. Həbsxanada istirahət üçün kifayət qədər zamanı və şəraiti, ən əsası da pulu vardı. Amma həbs başqa, azadlıq başqa. Kalaşov Odinsoviski rayonunda malikanələrindən birinə yerləşdi. Söhbət dəyəri milyonlarla dollarla ölçülən malikanədən gedir. Hətta bu yaxınlardakı həbsi zamanı malikanəyə gələn polis əməkdaşları gözlərinə inana bilməmişdilər. Axı belə dəbdəbəli malikanələrin qapısından içəri girə bilmək polisə heç də həmişə nəsib olmur. Bu qapılar və onların arxasındakı insanlar çox zaman toxunulmaz olurlar…
Manukyanın kazinosuna çemodanlarla pul daşınırdı
Malikanəyə yerləşdikdən bir müddət sonra Şakro aktiv həyata başladı. Planları yerinə yetirməyin tam zamanı idi. İş gözləmirdi, heç “qardaşlar” da. Ded Xasanın klanı onu dərhal qəbul etdi. Amma kriminal dünyada tək bir klanın sözü hələ hər şeyin həlli demək deyil. Parçalanma isə çox dərinə işləmişdi. Xüsusilə Ded Xasanın qətlində kimin əlinin olmasına dair mübahisələr klanlararası münaqişəni daha da dərinləşdirmişdi. Ded Xasanın qətlinin ilk günlərindən sirafişçi kimi gürcü və azərbaycanlı “oğru”ların adıı hallandırılırdı, xüsusilə də Rövşən Canıyevin. Şakro bir neçə gününü vəziyyətin öyrənilməsinə sərf etdi. Əvvəllər kazino kimi fəaliyyət göstərən, indi isə mehmanxana olan “Golden Palace”i ofisinə çevirdi. Bura onun köhnə dostlarından birinə- Manukyana məxsus idi və avtoritet kimi də nüfuzu olan Konstantin Manukyan Şakroya heç nədə etiraz etmirdi. Qeyri-rəsmi ofisində Şakro kriminal aləmin, iş dünyasının onun görüşünə gələn nümayəndələrini qəbul edirdi. Onlardan azadlığa çıxması münasibətilə təbriklər alır, “iş dünyasının” çoxdan həllini gözləyən problemlərini qaydasına salmağa çalışırdı. Rusiyanın hər yerindən bura gələnlərin sayı azalmaq bilmirdi. Şahidlər deyirdilər ki, bəzən çemodanlarla pul ofisə gətirilir, sonra harasa aparılır, təkrar geri qaytarılırdı. Pulun mənşəyi barədə isə heç kəs heç nə bilmirdi.
Qəlbinin sahibi ilə görüş
Rusiyaya qayıtdıqdan sonra ilk 6 ay Şakro heç bir kriminal toplantıda görünmədi. O, sadəcə tapşırıqlarını və adamlarını göndərirdi. “Sxodka”lar Şakrosuz, ancaq onun təlimatına uyğun keçirilirdi. Vəziyyət 2015-ci ilin dekabrından etibarən dəyişdi. Şakro artıq “ictimaiyyət” arasında görünməyin zamanının çatdığını düşünürdü. Elə bu məqamda ona Şakronun yanına tanış dizayner, bir çoxlarını fikrincə isə “qəlbinin sahibi” Fatima Mikisova gəldi. Xanım dizayner bildirdi ki, ona borcunu ödəməyənlər var və pulunu almaqda Şakro ona yardım edə bilərmi? Söhbət məşhur “Elements” restoranından gedirdi. Fatimə Mikisova həmin restoranın dizaynını vermişdi, xeyli zamanını orda sərf etmişdi, amma indi əməyinin müqabilində ona ödənilməli olan məbləğı verməkdən imtina edirdilər. Restoran sahibi dizaynerlə müqaviləyə əməl etməməsinin səbəbini onun işini bəyənməməsi ilə izah edirdi. Bunu eşidən Şakro xanımın hüquqlarını müdafiə etmək barədə qərar verdi. Öz adamlarını restorana göndərdi.
İki xanımın qalmaqalı: 2 ölü, 6 yaralı
14 dekabr 2015-ci ildə onun adamları restorana getdilər. Dəstəyə avtoritet,“İtalyan” ləqəbli Anrey Koçyukovksi rəhbərlik edirdi. Restoranın sahibi olan Janna Kimlə haqq-hesab çəkmək istəyən avtoritet ya 8 milyon rubl ödənilməsini, ya da restoranın bütünlüklə onun əlindən alınacağını elan etdi. Janna Kim də boş dayanmadı. Bu söhbətdən sonra öz müdafiəsinə Eduard Budantsevi çağırdı. Bu şəxs əvvəl KQB-də xidmət etmişdi, sistemdən uzaqlaşdıqdan sonra isə kollektor fəaliyyəti ilə məşğul olurdu. Restorana 15 nəfərlik silahlı qrup gəldi.
Bəzi məlumatlara görə, həmin gün Şakro özü də qalmaqallı restoranda olub və burda keçmiş KQB əməkdaşını homoseksual adlandırıb. Şakronun göndərdiyi dəstədə ancaq pnevmatik silahlar olduğu halda, keçmiş KQB əməkdaşının sərəncamında olan şəxslər odlu silah daşıyıblar. Tərəflər arasındakı mübahisənin həllinə silahsiz nail olmaq mümkün olmayıb. Şakronun 2 adamı öldürülüb, 6 nəfər yaralanıb. Ancaq hələ silahlı insident başlamazdan əvvəl restorana polis çağırılıb. Hadisə yerinə dərhal operativ axtarış qrupundan olan İldar Şakirov şəxsən təşrif edib. Onun yanında isə daha bir yüksək rütbəli əməkdaş- Rinat Zinatullin olub. Onlar restorana müştəri kimi gəlib, qonşu masada nahar edib, atışma başlayanda isə baş verənləri, sadəcə, kənardan izləyiblər. Hər iki şəxsə qarşı da daha sonra cinayət işi açılıb. Hadisədən bir müddət sonra “İtalyan” ləqəbli avtoritet və onun tabelindəki Eduard Romanov saxlanılıb. Daha sonra isə atışmanın iştirakçısı olan 3 nəfər də saxlanılıb. İstintaqda əsas qarşıya qoyulan məsələ hadisənin arxasında kimin dayanmasına dair ifadə almaq olub. Ancaq heç kəs bunu etiraf etmirdi və onlardan bunu gözləmək də olmazdı. Sonradan müstəntiqlər Şakro Molodoyun ətrafından olan daha bir nüfuzlu şəxsə “çıxa bildilər”. O da keçmiş sistem işçisi idi.
1 milyon rüşvət
Yevgeni Surjikov adlı bu şəxs polisdə xidməti dövründə dəfələrlə Şakronun ətrafı ilə qarşı-qarşıya gəlmişdi, onu zarafatla Şakro əməliyyatlarının ixtisaslaşmış kadrı adlandırırdılar. Xidmətdən azad edildikdən sonra isə “İtalyan”la bərabər eyni sırada durmağa başlamışdı. 2016-cı ildə isə Cinayət Məcəlləsinin 163-cü bəndinin 3-cü hissəsi ilə məsuliyyətə cəlb olunmuşdu. İtalyanın azad edilməsi üçün Şakro hətta 1 miyon dollar təklif etmişdi. 14 iyun 2016-cı ildə İtalyan təcridxanadan çıxdı. Onun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti başa çatmışdı. Bunu belə əsaslandırdılar ki, müstəntiq həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət verməyi “unudub”. Ancaq Şakronun adamı təcridxananın qapısından uzuqlaşa bilmədi. Bu dəfə onu xüsusi təyinatlılar saxladı. Yenidən onu təcridxanaya qaytardılar. “Unutqan” istintaqçı barədə cinayət işi açıldı. Ardınca yeni həbslər gəldi. İtalyanın mühafizəçisi, Fatimə Mikisovanın işçisi Həmid Həmidov da saxlanıldı. Onlar da atışma günü restoranda olmuşdular və Kalaşovun orda olduğunu xəbər verdilər. Bu ifadələrdən sonra polis Şakronun milyonluq malikanəsində axtarış orderi ilə “qanuni oğru”nun qapısını döydü.
Şakronun “ürəyinin sahibi” əvvəl ölü tapıldı, sonra qaçdı
Maraqlıdır ki, hadisənin əsas qəhrəmanı olan Fatimə Mikisova atışmadan dərhal sonra yox çıxdı. Mikisova Fatimə Teymuraz qızını gördüm deyən olmadı.Xanımın vəkili bildirdi ki, o, bu konfliktin tərəfi olmayıb. Daha sonra bir qadın cəsədi tapıldı və qohumları onun Fatimə olduğunu bildirdilər. Az keçmədi ki, Fatimə Mikisovanın xaricdə olduğu xəbərləri gəldi. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçildi və axtarışa verildi. Şakroya qarşı ittihamlar isə təsdiqini tapacağı təqdirdə onun ömürlük həbsdə qalacağı deyilir.
Ded Xasanın məzarı üstdə verilən ölüm fitvası
Beləliklə, barəsindəki həbs qətimkan tədbiri uzadılan və istintaq altında olan Şakronun azadlıqdakı son sifarişinin Rövşən Lənkəranskinin qətli olduğu deyilir. Bu, çoxları üçün inandırıcıdır. Çünki Şakro Moskvaya qayıtdıqdan sonra ilk işi Ded Xasanın məzarını ziyarət etmək və onun qatilindən qisas alacağına dair söz verməsi olmuşdu. Elə o zaman çoxları bunu Rövşən Lənkəranskiyə ölüm fərmanı kimi dəyərləndirmişdi. Ardınca məhz İrəvanda “sxodka” keçirildi və bu dəfə də Şakronun təşəbbüsü ilə Rövşən Lənkəranskinin “qanuni oğru” statusunun alındığı elan edildi. Azərbaycanlı “qanuni oğru”lara qarşı müharibə elan edən Şakro Molodoy hətta Röşən Lənkəranski ilə münasibəti heç də yaxşı olmadığı deyilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyədə olan qardaşı Namik Səlifovun da statusunun alınmasına təşəbbüs etdi. Qərar əvvəlcə elan edildi və çox keçmədən məsələ yenidən “sxodka”ya qoyularaq geri götürüldü. Rövşənin statusunun ləğv edilməsi də çox sayda nüfuzlu “oğru”nun etirazı ilə qarşılandı və keçərsiz sayıldı. Ancaq bu, Şakronun Lənkəranski barədə düşüncəsinin dəyişməsi demək deyildi. Özü kimi yezidi kürdü olan Ded Xasanın qətlinin əsas sifarişçilərindən birinin də Rövşən Lənkəranski olduğunu düşünən Şakro Molodoyun ölüm fitvası qüvvədə qalırdı… Ta ki avqustun 17-nə, Lənkəranski öldürüldüyü günə qədər…
Cebhe.info