Bu il təhsil haqqına görə 5 milyon manat çox vəsait toplanacaq
24-08-2016, 08:35
Bu artım müəllimlərin layiqli əmək haqqı almasına təsir göstərəcəkmi?
Qubad İbadoğlu
Bu günlərdə ali məktəblərə qəbul olunanlar tələbə adlarını rəsmiləşdirmək üçün qazandıqları Universitetlərdə qeydiyyatdan keçirlər. İldən-ilə ali təhsil sistemində plan yerləri üzrə dövlət sifarişinin azalması və ödənişli əsaslarla təhsil xidmətinin artması hazırda təhsil alan tələbənin olduğu ailələrdə əlavə maliyyə öhdəliyi yaradır. Yeni qəbul olunan tələbələrin 1-ci təhsil ili üçün ödəniş haqqını tam şəkildə ödəməsi təhsil kreditlərinin mövcud olmadığı indiki dövrdə bu problemi bütövlükdə ailə büdcəsi hesabına həllini alternativsiz edib. Nəzərə alanda ki, bu il təhsil haqları orta hesabla 25 faiz artırılıb, onda qazancları ilə yalnız dolanışıq xərclərini ödəyənlər üçün bu artım ailə büdcəsində ciddi məsrəf yaradır. Ödəniş qabliyyəti olmayan ailələrin bu məsrəfi qarşılaya bilməməsi son nəticədə onların övladlarının qazandıqları ali məktəblərdə təshil almaq hüququnu reallaşdırmaması deməkdir. Məhz, bu səbəbdən Universitetlərdə təhsilini yarımçıq saxlayan, hətta təhsil olmaqdan imtina edən tələbələrin sayı ildən ilə çoxalır.
2016-cı ilin büdcəsində artımla proqnozlaşdırılan azsaylı mədaxil mənbələrindən biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalardır. Ötən il bu mənbədən 300 milyon manat vəsait proznozlaşdırılmışdı. Bu il ərzində həmin mənbədən əvvəlki illə müqayisədə 5 milyon manat çox vəsaitin daxil olması gözlənilir. Çox güman ki, artıq proqnozlaşdırılan 5 milyon manat ali təhsil sistemində ödənişli təhsil üzrə plan yerlərinin artması və ödəniş məbləğinin artımı hesabına təmin ediləcək. Artımı proqnozlaşdırılan 5 milyon manat büdcə üçün böyük gəlir mənbəyi hesab olunmasa da, xüsusilə də tələbə oxutduran aztəminatlı təbəqənin sosial vəziyyətini əhəmiyyətli dərəcədə pirləşdirir.
Heç şübhəsiz ki, övladının alı məktəbdə təhsil almaq arzusunu reallaşdırmaq istəyində olan valideynlərin böyük əksəriyyətinin məcburiyyət qarşısında ödədiyi bu vəsait ailə büdcəsinin strukturunda ciddi dəyişikliklərə gətirib çıxaracaq və borc yükünü kəskin artıracaq. Bu vəziyyətdən çıxışı üçün təhsil vauçerləri, qrantlar, kreditlərlə təhsil alma yolları ilə maliyyələşmə mənbələrini şaxələndirmək təklif oluna bilər. Lakin, bütün bunlar etibarlı və işlək maliyyə-bank sisteminin mövcudluğu şəraitində mümkündür. Bununla yanaşı ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmənin əhatə dairəsi də genişlənməlidir.
Nəhayət, ali məktəblərdə təhsil haqları hesabına formalaşmış büdcənin xərclənməsində şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq artırılmalıdır. Təhsil haqlarının artımı hesabına əldə edilən əlavə vəsait əsasən əmək haqlarında maddiləşməli və ali məktəb müəllimlərinə layiqli məvacib verilməlidir.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.