“Təcili iki yoldan birini seçmək lazımdır” –Ekspertdən dolların qalxmasına reaksiya
24-08-2016, 08:48
Artıq bir neçə gündür ki, sürətlə bahalaşmaqda olan dolların qarşısı yeni üsulla alınıb. Belə ki, banklar demək olar dollar satışını dayandırıb. Satanlar isə maksimum 200-300 dollar satır.
Görəsən, bu üsulla manatın dəyərdən düşməsinin qarşısını almaq olarmı?
teref.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov Moderator.az-a açıqlamasında problemin həlli üçün 2 yolun olduğunu bildirib:
“Bu vasitə ilə manatın ucuzlaşmasının qarşısını, əlbəttə ki, almaq olmaz. Cari vəziyyət sadəcə qara bazara sərf edir. Çünki rəsmi kanalla dollar ala bilməyənlər, qeyri-rəsmi kanala müraciət edəcək. Qara bazarda isə məzənnə şişirdilmiş olacaq. Deməli, faktiki devalvasiya baş vermiş olacaq, panika isə daha da artacaq. Buna görə də təcili iki yoldan birini seçmək lazımdır:
1. Ya cari rəsmi məzənnə ilə Mərkəzi Bank bankların dollar tələbatını tam ödəməlidir;
2. Ya da devalvasiyaya gedib, dolları yeni məzənnə ilə satmalıdır”.