Baş həkimlə növbətçi həkimin sözləri uyğun gəlmədi - “Bakı Sağlamlıq Mərkəzi”-ndə ölüm ARAŞDIRMA

24-08-2016, 21:33           
Baş həkimlə növbətçi həkimin sözləri uyğun gəlmədi - “Bakı Sağlamlıq Mərkəzi”-ndə ölüm ARAŞDIRMA
Avqustun 22-də İrina Zotova adlı xanımın “Facebook” statusu müzakirələrə səbəb oldu. Onun sözlərinə görə, atası 67 yaşlı atası Vladimir Zotov 19 avqust tarixində əməliyyata girib və həkimlərin günahı üzündən dünyasını dəyişib. Vətəndaşın sözlərinə görə təcili yardım maşınında atası “Bakı Sağlamlıq Mərkəzi”nə çatdırılıb. Reanimasiyaya yerləşən xəstəyə düzgün diaqnoz qoyulmadığı üçün əməliyyat bir xeyli gecikib. Kritik vəziyyətdə xəstə klinikaya gətirilsə də xəstəxanada ultrasəs müayinə, rentgen və digər cihazlardan istifadə edərək ona diaqnoz qoymaq mümkün olmayıb.

Xəstəni əməliyyat edəcək cərrah isə sərxoş halda klinikaya gəlib. Kabinetində öz kreslosuna otura bilməyən cərrah o qədər içkili olub ki, hətta siqareti belə ağızına apara bilməyib.

“Bütün bunları gördükdən sonra biz xeyli heyrətləndik. “Bakı Sağlamlıq Mərkəzi”nin şöbə müdiri Elçin Əzizovdan soruşduq ki, bəlkə toydan gəlmisiniz. O cavab verdi ki, yox evdən gəlmişəm və içməyə də hüququm var. Mən doktordan təkrar soruşdum ki, biz əməliyyat üçün sizi gözləyirdik? O isə cavabında mənə söyüşlər söydü və bizi çölə göndərdilər” – deyə İrina bildirib.

Vətəndaşın sözlərinə görə, onun atası üzərində heç bir tədqiqat aparılmayıb. Diaqnoz qoymaqda çətinlik çəkən sərxoş həkimə mane olan xəstənin yaxınları əməliyyatı başqa həkimə həvalə edib. Nəhayət gecə saatlarında İrinanın atası ayıq həkim tərəfindən əməliyyat olunub. Ancaq təəssüf ki, əməliyyatdan sonra yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov Trend-ə deyib ki, V.Zotovu müayinə edən şöbə müdiri Elçin Əzizov ümumiyyətlə alkoqollu içki içmir. Mərkəz direktoru əlavə edib ki, avqustun 19-da təcili-tibbi yardım maşını ilə xəstəxanaya daxil olan V.Zotova görə həkim E.Əzizova zəng edilib və ondan ağır vəziyyətdə olan xəstəyə görə evindən mərkəzə gəlməsi xahiş edilib. E.Əzizov Şüvəlandan öz avtomobili ilə mərkəzə 25 dəqiqəyə gəlib: “Əgər Elçin Əzizov içkili olsaydı, avtomobilini idarə edə bilməzdi. Xəstənin yaxınlarının bu barədə söylədiklərinin hamısı yalandır. Elçin Əzizov çox səriştəli həkimdir. Direktor əlavə edib ki, V.Zotov 2 dəfə infarkt olub: “Bunun fəsadı olaraq, onun bağırsağında tromboz (bağırsaq “infarktı”) yaranıb. Təcili yardım xidməti çağırılanda da onun şikayəti ürəyindən olub. Lakin sonradan onun qarnında ağrılar, yəni tromboz başlayıb. Mərkəzdə xəstənin laporoskopik müayinəsi aparılıb və dəqiqləşdirilib ki, onun bağırsağında tromboz var. Xəstə üçün səhər saat 11-dək bütün reanimasiya tədbirləri görülüb. Lakin buna baxmayaraq, o, dünyasını dəyişib. Onun ölümü də gözlənilən idi. Çünki bu diaqnoz 100 faiz ölümə səbəb olur”.

“Mən heç vaxt bəyan etməmişəm ki, doktor Elçin Əzizov atamı öldürüb. Və Elçin Əzizoc mənim atamı müayinə etməyib. O qədər sərxoş idi ki, biz onu atamıza yaxın buraxmadıq”, – deyə İrina Zotova Kavkaznews.az-a açıqlamasında bildirdi. İ.Zotovanın sözlərinə görə, o, 102-yə zəng edərək polis çağırıb.

“Mən yalvarırdım ki, Elçin Əzizovun sərxoş olub-olmamasını yoxlamaq üçün alkoqol testi keçirsinlər. Ama polislər mənim bu tələbimi yerinə yetirmədilər”, – deyə mərhumun qızı qeyd etdi. “Bəs həkimlər atanızın ölümünü nə ilə izah etdilər?” – deyə soruşduq. “Əvvəlcə bizə dedilər ki, onun appendiksi olub. Sonra növbətçi cərrah Esmira Mahmudova bizə bildirdi ki, atamın mədə ilə problemi olub. Amma o, yekun cavab ancaq təşrihdən sonra məlum olacağını dedi.

Biz həkimdən soruşduq ki, təşrihi kim aparacaq, o isə “Elçin Əzizov təşrih edəcək” dedi. Belə çıxır ki, təşrihi də o sərxoş cərrah aparacaq”, – deyə İ.Zotova cavab verdi. Biz “Bakı Sağlamlıq Mərkəzi”nin direktoru Hikmət Həsənovla da əlaqə saxladıq.

“Vladimir Zotovu təcili yardım maşınında gətirdilər. Ona qədər iki dəfə infarkt olmuşdu. Həkimlər onda ürək aritmiyası aşkarlayıblar. Güman ki, aritmiya ikinci infarktdan sonra başlayıb”, – deyə direktor bildirdi. “Vladimir Zotovun ölümünə səbəb nə olub? – deyə soruşduq. “Elçin Əzizov onun mədəsinə baxıb və heç bir problem tapmayıb. Lakin məlumdur ki, aritmiya tromba səbəb ola bilir. Tromb isə istənilən arteriyanı zədələyə bilər. Vladimir Zotovda bağırsaq trombozu var idi. Bağırsaq isə tezçürüyən orqandır. Mərhumu əməliyyatla xilas etmək mümkün deyildi”, – deyə H.Həsənov cavab verdi.

“İrina Zotovanın sözlərinə görə, cərrah Elçin Əzizov sərxoş olub”, – deyə qeyd etdik. “Elçin Əzizov öz avtomobilində Şüvəlandan 25 kilometr yol gəlib. O, sərxoş deyildi. Bizdə video var ki, Elçin Əzizov pilləkənləri özü qalxıb. İrina Zotova həkimə böhtan atır. O, öz atasına baxmırdı. Mərhum “bomj”a oxşayırdı və çoxdan çimmirdi”, – deyə direktor bildirdi.

“Mərkəzə gələn polislər alkoqol testi keçirməyi lazım bilmədilər?” – deyə müxbirimiz souşdu. “Yox, onlar buna ehtiyac duymadılar, çünki Elçin Əzizovdan spirt iyi gəlmirdi”, – deyə Hikmət Həsənov cavab verdi.

“Bakı Sağlamlıq Mərkəzi”nin növbətçi həkimi Xalidə Mirzəyeva bildirdi ki, mərhum Vladimir Zotov mərkəzdə iki dəfə EKQ-dən keçib. “Onun ürək nahiyyəsində ağırlaşma halı yox idi”, – deyə nöbətçi həkim qeyd etdi. Bununla yanaşı xatırladaq ki, X.Mirzəyevanın sözləri tamamilə direktor Hikmət Həsənoun sözlərinə zidd gəlir. Direktorun sözlərinə görə, Vladimir Zotov artmiyadan əziyyət çəkib. Biz cərrah Elçin Əzizovun da fikrini öyrənməyə çalışdıq, lakin o, suallarımıza cavab verməkdən imtina etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.