Facebookda yayılan porno videoların məqsədi nədir?

11-06-2015, 15:26           
Facebookda yayılan porno videoların məqsədi nədir?
“Mənim səhifəmdən virus yayılır”. “Bu link spamdır, açmayın” və s. kimi xəbərdarlıqlar tez-tez sosial şəbəkə istifadəçilərinin statuslarında yer alır.

Viruslar əsasən Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir və daha sonra həmin şəxsin dostluğunda olan istifadəçilərə yayılır. Bu tipli mesajların qəbulu və əlavədəki faylların açılması istifadəçilərin kompyuterini və məlumatlarını, habelə təşkilatın, şirkətin şəbəkəsindəki digər kompyuter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhlükə qarşısında qoyur.

Bəs zərərli viruslarla necə mübarizə aparmalı? Ümumiyyətlə, istifadəçilərin öz təhlükəsizliklərini sonadək qorumaları mümkündürmü? Mövzu ilə bağlı araşdırma apararkən xeyli maraqlı nüanslarla qarşılaşdıq.

Hesabınızda virus yayılarsa

Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, gizli kod, proqramlar olan viruslar istifadəçinin kompyuterinə, istifadə etdiyi informasiya resurslarına düşəndə oradan asanlıqla yayılmağa başlayır: «Bunlar zərərverici proqramlardır. Həmin virusları proqramçılar, onların qurduğu proqramlar əsasında adi fiziki şəxslər yaya bilir. Həmçinin viruslar şirkətlər və ya ayrı-ayrı qruplar tərəfindən yayılır. Təbii ki, burada məqsəd başqasına zərər vermək və ya nüfuzdan salmaq, onu təhqir etmək, işinə mane olmaqdır».

O.Gündüzün dediyinə görə, əvvəlki dövrlərdə təzə fəaliyyətə başlayan proqramçılar kiməsə zərər vermək üçün deyil, «mən bunu bacardım, saytı sındırdım və ya kiməsə virus göndərdim, onun parolunu ələ keçirdim» - deyə özlərini təsdiq etməyi qarşılarına məqsəd qoyurdular. Son dövrlərdə isə bu, daha çox başqasına zərər vermək, onun məlumatını ələ keçirmək və s. məqsədlərdən ötrü həyata keçirilir. Müəyyən qruplar da bu cür zərərverici proqramlardan öz məqsədləri üçün istifadə edirlər. Ekspertin fikrincə, hər hansı bir istifadəçinin hesabında virus yayılarsa, bunun qarşısını almaq üçün ilk növbədə o şəxs özü təhlükəsizlik tədbirləri görməlidir. Yəni hər bir istifadəçi özü özünü qorumalıdır: «Tutaq ki, sizə sosial şəbəkədə gözlənilməz bir məktub və ya link gəlib ki, ona daxil olun. Siz onu “klik” edən kimi hesab edin ki, öz kompyuterinizə yükləyirsiniz. Ancaq siz onu görmürsünüz. Sanki ona razılıq verirsiniz ki, sizinlə bərabər istifadəçisi olduğunuz sosial medianızı işlətsin. Ona görə hər bir istifadəçi bu cür məktublar və ya mesajlar gələndə ehtiyatlı olmalıdır. İstifadəçinin kompyuterində antivirus proqramı işlək, şifrələr güvənli olmalıdır”.

AİF prezidentinin sözlərinə görə, istifadəçilər qarşısını ala bilməyəcəyi təhlükələrlə bağlı Elektron Təhlükəsizlik Mərkəzinə müraciət etməlidirlər. Belə ki, həmin mərkəzin əsasnaməsində qeyd edilib ki, adi vətəndaşları, media qurumlarını və fiziki şəxsləri bu qurum məlumatlandırmalıdır: “Onlar deməlidirlər ki, sosial şəbəkələrdə virus yayılır, ehtiyatlı olun, filan addımları atmaq lazımdır və s. Mərkəz daim istifadəçiyə kömək etməlidir. Son dövrlərdə bu qurum tərəfindən ara-sıra addımlar atılsa da, fiziki şəxslərin məlumatlandırılması, metodiki köməklə bağlı fəaliyyətlərini hələ qənaətbəxş hesab etmirəm». Virusları yayanlarla mübarizəyə gəlincə, ekspert qeyd edir ki, bununla bağlı ölkə qanunvericiliyində müəyyən müddəalar nəzərdə tutulub. Belə ki, cərimədən tutmuş, 3-5 ilə kimi həbs qəti imkan tədbiri seçilə bilər: “Əgər kimsə viruslarla bağlı zərər çəkibsə, aidiyyəti qurumlara müraciət edə bilər. Həmin qurumların da borcudur ki, virusun istifadəçiyə hansı zərəri vurmağı ilə bağlı tədqiqat aparsın. Hüquq-mühafizə orqanları həmin virusu araşdırıb proqramı yayanlarla bağlı tədbir görə bilər».

Bu cür təhlükələr hər zaman olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçisi Aysel Hadıyeva virusun yaranmasının və yayılmasının arxasında hər hansı bir məqsədin ola biləcəyini istisna etmir: «Virusları ziyanverici proqramlar adlandırırlar. Ola bilər ki, kimsə başqasına maddi zərər vurmaq, məsələn, kompyuterini sıradan çıxarmaq və ya əyləncə məqsədilə virus proqramlarından istifadə edir». A.Hadıyevanın sözlərinə görə, hər hansı faylın sonuna müəyyən bir zərərverici kod yazıla və ya şəklin pikselinə yerləşdirilə bilər. Həmin şəkil və ya fayl sosial şəbəkə hesabında paylaşıla və ya istifadəçilərin elektron poçt ünvanlarına göndərilə bilər. İstifadəçi elektron poçt hesabını açarkən və ya sosial şəbəkədə həmin şəkli kompyuterinə yüklədikdə, həmin fayl və ya şəklin arxa fonunda olan zərərverici proqram artıq kompyuterdə işləməyə başlayır: “İstifadəçi təbii ki, hələ bundan xəbər tutmur. Çünki bütün bu proseslər kompyuterin arxa fonunda baş verir. Bu proqramlar fəaliyyətə keçəndən sonra istifadəçinin məlumatları artıq qarşı tərəfə ötürülür. Eyni zamanda, sosial şəbəkədə müəyyən şəkillər və ya fayllar paylaşıla və istifadəçilərə göndərilə bilər ki, bu cür şəkilləri istifadəçi yenə kompyuterinə yüklədiyi zaman eyni problemi yaşayır”.

Baş məsləhətçinin sözlərinə görə, Mərkəz problemlə bağlı araşdırmalarını davam etdirir: “Bu cür təhlükələr meydana çıxdığı zaman dərhal Mərkəzin saytı, sosial şəbəkə hesablarımız və televiziya çıxışlarımız vasitəsilə insanları maarifləndiririk. Bu virusun təhlükəsi, iş prinsipi ilə bağlı məlumatları çatdırmağa çalışırıq. Həmçinin bu barədə tövsiyələr hazırlayırıq ki, istifadəçilər bu viruslardan necə qorunmalı, hansı tədbirləri həyata keçirməli olduqlarını bilsinlər. Əgər istifadəçi internetə daxil olubsa, çalışmalıdır ki, antivirusu həmişə işlək vəziyyətdə olsun. Eyni zamanda, sosial şəbəkə hesabından və ya elektron poçtundan istifadə edirsə, tanımadığı insandan gələn şəkilləri və faylları açmamalıdır”. Mərkəz rəsmisinin dediyinə görə, qurum müxtəlif təşkilatlarda seminarlar və təlimlər keçirir ki, insanlar internetdən istifadə edərkən öz informasiya təhlükəsizlik qaydalarını bilsinlər və ya hər hansı təhlükə ilə üzləşərlərsə, bu barədə məlumatlı olsunlar».

Mərkəz məsləhətçisi sosial şəbəkələrdə tez-tez bu cür halların yarandığını qeyd edir: “Artıq uzun müddətdir ki, sosial şəbəkələrdə bu cür hallar yaşanır. İstifadəçi hər hansı sayta daxil olanda və ya hesabına göndərilən linkə daxil olanda həmin istifadəçinin hesabı virusa yoluxur. İstifadəçi özü bilmədən həmin virus onun dostluğunda olan şəxslərin səhifəsinə də gedir. Özü də bilmədən dostlarını müəyyən linklərə “taq” edir. Bir virus bir şəxsdən zəncirvari şəkildə bir neçə dosta yayılır, onlarla, yüzlərlə, hətta minlərlə şəxsin hesabına yoluxa bilir. Bəzi istifadəçilər bu barədə məlumatlı olanda həmin xəbəri dərhal lövhələrindən silirlər və dostlarını da bununla bağlı xəbərdar edirlər”. A.Hadıyeva hesab edir ki, ümumilikdə bu cür proqramları əngəlləmək mümkün deyil. Belə ki, texnologiyalar hər gün inkişaf edir: “Bu o deməkdir ki, bu cür təhlükələr hər zaman olacaq. Bu proqramın qarşısına bir blok qoyub əngəlləmək mümkünsüzdür. Bu, təkcə bizim ölkəmizdə yox, dünyanın istənilən inkişaf edən ölkəsində baş verən hadisədir. Bunun yeganə yolu istifadəçilərin bu barədə məlumatlı olması və cəmiyyəti bu barədə maarifləndirməkdir”.

Mərkəz rəsmisi bildirir ki, ölkədə Facebook istifadəçilərinin çox olduğunu nəzərə alaraq qurum «Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları haqqında” kitabça nəşr etdirib: “Bizə müraciət edən şəxslərə həmin kitabçanı təqdim edirik ki, istifadəçilər bu cür problemlərlə qarşılaşarkən hansı addımları atacaqlarını bilsinlər. Gələcəkdə bu cür təlim və seminarları daha sıx keçirmək nəzərdə tutulur».
("Kaspi", Təranə Məhərrəmova)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.