Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib - FOTO

13-11-2018, 19:00           
Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib - FOTO
Teref.az - Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. İnstitut haqqında səfirə geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, Türkiyə universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Aİİ rəhbərliyinə təşəkkürünü bildirən səfir Erkan Özoral səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin qurulması üçün mühüm addımlar atılmasının vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.

Daha sonra səfir Aİİ-nin tələbələri ilə görüşüb. Görüş zamanı Aİİ rektoru bildirib ki, hazırda Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə də əməkdaşlıq yüksək səviyyədədir. İki dövləti, həm də strateji maraqların birləşdirdiyini vurğulayan rektor bu əlaqələrin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu bildirib. C.Məmmədov qeyd edib ki, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Səfir Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərini xatırladıb, iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafından məmnunluğunu ifadə edib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafının böyük əhəmiyyətə malik olduğunu, tarixi köklərə söykəndiyini, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı qardaşlıq münasibətinin əsrlər boyu yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini bildirib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.