İsmayıllıda sahibkarlar ölkədə aparılan iqtisadi islahatlar barədə məlumatlandırılıb

30-10-2017, 13:13           

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabrın 28-də İsmayıllıda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirib. Regional müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından 200-dək sahibkar, həmin rayonların icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri qatılıb. Qonaqlar əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən tədbiri icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq son illər respublikamızın ayrı-ayrı bölgələrində, o cümlədən İsmayıllıda sistemli şəkildə aparılan sosial-iqtisadi islahatlardan, abadlıq-quruculuq işlərindən danışıb. Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, regional müzakirələrin keçirilməsində əsas məqsəd ölkədə aparılan iqtisadi islahatlar, strateji yol xəritələrinin qəbulu və bu istiqamətdə həyata keçirilən işlər haqqında əhalini, xüsusilə də sahibkarları məlumatlandırmaq, eyni zamanda, regionlarda iqtisadi islahatların aparılmasında ictimai iştirakçılığı təmin etməkdən ibarətdir. Regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, bələdiyyələrin və digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin dəstəklənməsi yolu ilə islahatların effektivliyinin artırılması da regional müzakirələrin keçirilməsində əsas məqsədlərdən biridir. Milli Məclisin deputatı Novruzəli Aslanov çıxışında bölgələrin sosial-iqtisadi inkişafından, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, sosial-iqtisadi sahənin inkişafından danışıb, sahibkarları müzakirələrdə fəal iştirak etməyə çağırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihə nəzarəti və qiymətləndirmə meneceri Namiq Şalbuzov "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda təqdimatla çıxış edib. İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədovun çıxışı isə “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusuna həsr olunub. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.