İsmayıllı səhiyyəsinin uğurları

30-10-2017, 19:33           

teref.az - Həyatını ölkəmizin yüksəlişinə, insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Əbədiyaşar liderimiz səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Ulu öndər ölkədə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verir, ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirirdi.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda dərindən hiss edirik.
Səhiyyə ilə bağlı bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrlə, onların müalicəsinin təşkili ilə bağlı qanvermə aksiyalarının keçirilməsi, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır. Bütün bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə geniş imkan yaradır.
İsmayıllı rayonunda da əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması sahəsində son vaxtlar səmərəli fəaliyyət həyata keçirilir, Lahıc qəsəbə və İvanovka kəndində 15 çarpayılıq xəstəxana tikilmiş, Topçu və Tircan kəndlərində kənd həkim məntəqələri, Gəraybəylidə tibb məntəqəsi istifadəyə verilmişdir. Tibbi avadanlıqların yeniləşməsi, müasir texnologiyaların tətbiqi, səhiyyə müəssisələrinin daha bacarıqlı kadrlarla təmin olunması sahəsində tədbirlər həyata keçirilmişdir. İndi böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dializ üçün başqa yerlərə getmir, öz xəstəxanamıza üz tuturlar.
Rayonun tibbi xidməti Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 həkim və 24 tibb məntəqəsindən ibarətdir. Rayonda 103 nəfər həkim, 335 nəfər orta tibb işçisi çalışır. Rayon uşaq poliklinikası tərəfindən uşaqlar arasında peyvəndlər təqvim planına uyğun aparılır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün RMX-da sanitar-epidemioloji briqadalar yaradılmış, infeksiya ehtimalı olan yaşayış məntəqələri və digər ərazilərdə dezinfeksiya işləri aparılmışdır. Sanitariya rejiminin gözlənilməsi, ətraf mühitin mühafizəsi sahəsində tədbirlər həyata keçirilmiş, kommunal-məişət, ticarət, ictimai-iaşə, sənaye və uşaq müəssisələrində sanitariya vəziyyəti nəzərdən keçirilmişdir.
Rayonda əhali arasında müəyyən tibbi maarifləndirmə tədbirləri həyata keçirilir, inzibati ərazi dairələrində həkimlərlə əhalinin görüşləri təşkil olunur, təşviqat vasitələrindən istifadəyə geniş yer verilir, həkimlər yerli qəzetdə tibbi mövzulu yazılarla çıxışlar edirlər. Məktəbli-gənclərə yoluxucu xəstəliklərin başvermə səbəbləri və yayılması onlara izah olunur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il fevral ayından may ayının 1-dək əhali tibbi müayinədən keçirilir. Bu tapşırıq İsmayıllı rayonunda da uğurla icra olunub. Dörd ildir ki, hər il 18 yaşdan yuxarı əhali qrupundan 50 mindən yuxarı insan pulsuz tibbi müayinədən keçirilib. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır. Komissyanın işinə yerli icra və müvafiq sahə qrumlarının rəhbərləri, habelə müayinəni keçirəcək səhiyyə müəssisələrinin tibbi personalı cəlb edilmişdir.
Əsaslı yenidənqurmadan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Mərkəzi Xəstəxananın binası hər cür diaqnostik aparatalar və müalicə vasitələri ilə təchiz edilib. İşləmək üçün hər cür imkan və şərait yaradılıb. İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi səhiyyənin təşkili və sağlamlıq tədbirlərinin gedişində ortaya çıxan problemləri uğurla həll edir.
Səhiyyəmiz gündən-günə inkişafdadır.Əhalinin sağlamlığını qorumaq üçün daha optimal variantlar düşünülür, icrası təmin edilir. Məqsəd ona yönəlir ki, rayonda tam sağlam mühit yaradılsın. Müasir tibbi texnologiyaların tətbiqinə nail olunsun. Kadr məsələləri həll edilsin. Bu istiqamətdə Rayon Mərkəzi Xəstəxanası fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa nail olur. Problemlərin həlli istiqamətində müvafiq tədbirlər görür.
Nəsimi Teymurov
İsmayıllı Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.