ATU ilə Türkiyənin Düzcə Universiteti arasında əməkdaşlığın təməli qoyulub
9-11-2017, 18:52
teref.az - Azərbaycan Texnologiya Universitetinin prorektorları (ATU) Türkiyənin Düzcə şəhərinə səfər edib. Burada Düzcə Universiteti və yerli dövlət orqanlarında görüşlər keçirən ATU-nun rəsmiləri bir sıra mühüm məsələlərdə əməkdaşlığa dair razılıq əldə ediblər.
ATU-nun tədris işləri üzrə prorektoru dosent Vüqar İsmayılov, elm və texnika üzrə prorektoru dosent Səbuhi Yusifov əvvəlcə Düzcə Universitetinin rektoru professor Nigar Demircan Çakar ilə görüşüb. Görüşdə əvvəlcə iki universitetin fəaliyyət sahələri və əməkdaşlığın mümkün istiqamətləri, ATU-nun Türkiyə ali təhsil müəssisələri ilə mövcud əlaqələri müzakirə olunub. Bildirilib ki, Mövlanə Proqramı çərçivəsində tələbə və müəllimlərin mübadiləsi üçün əlverişli zəmin mövcuddur. Həmçinin mövcud elmi və maddi-texniki potensialın ortaq istifadəsi, birgə konfransların keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması barədə razılıq da əldə olunub.
Prorektorların Düzcə valisi Zülkif Dağlı ilə görüşündə isə iki qardaş ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrindən danışılıb. Qeyd olunub ki, bu əlaqələrin yüksək səviyyəsi təhsil sahəsində özünü xüsusilə biruzə verir. ATU-da kadr hazırlığının istiqamətləri barədə danışan prorektorlar tələbələrin ixtisaslarına uyğun sahələrdə beynəlxalq təcrübəni mənimsəməsinin zərurətindən də bəhs edib. Vali Zülkif Dağlı isə ATU-da dövlət və bələdiyyə idarəetməsi ixtisası təhsil alan tələbələrin Düzcə Valiliyi və Düzcə Bələdiyyəsində təcrübə keçmələrinə hər cür şərait yaradılacağına söz verib. Sözügedən məsələ ilə bağlı razılıq Düzcə Bələdiyyəsinin sədri Dursun Ay ilə görüşdə də bir daha təsdiqini tapıb.
ATU-nun prorektorları Vüqar İsmayılov və Səbuhi Yusifov Düzcəyə səfər çərçivəsində vilayətin əmniyyət müdiri və baş prokuroru ilə də görüşüb. Görüşlərdə rəsmi şəxslərə Azərbaycanın zənginliklərini əks etdirən xatirə hədiyyələri təqdim olunub.