Narkomaniya bataqlığında boğulan gənclərin faciəsini təsəvvür etmək belə qorxuncdur..
19-11-2017, 10:34
Narkomaniya bataqlığında boğulan gənclərin faciəsini təsəvvür etmək belə qorxuncdur...
Artıq 1 aya yaxındır ki,rəhbərlik etdiyim BakuPress Milli İnformasiya Agentliyi könüllü olaraq "Ağ ölümün qara fəsadları"adlı layihəyə start verib.Bu layihə çərçivəsində apardığım araşdırmalar məni bu yazını yazmağa vadar etdi.Bacardığım qədər əsrin bəlası olan narkomaniya haqqında araşdırmalar apardım.
Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil.
Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya...
insan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və.s. bu amillərin sırasındadır. Son çağlar sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir.
Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün Azərbaycanda durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.Bundan əlavə ölkəmizdə buna şərait yaradanlar var.Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu.
Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: "Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir".
XIX əsrdə Fransada "Həşişçilər məclisinin" üzvü şair Şarl Bodler "Süni cənnət" əsərində asılı olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir edir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə bilməyən iblisdir".
Lev Tolstoy isə deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".
Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə çevrildi. Digər bir tərəfdən isə narkotik maddələrin qanunsuz dövriyyəsi gəlir əldə etmək üçün başlıca vasitə oldu.Narkotiklə mübarizə dedikdə, narkomanlarla mübarizə nəzərdə tutulur. Beynəlxalq təşkilatların qəbul və təsdiq etdiyi prinsiplər narkotikə qarşı mübarizə zamanı diqqətli olmağı tövsiyyə edir. Bu, narkotik istifadəçilərinə qarşı müharibə kimi qəbul olunmamalıdır. Çünki narkotikdən əziyyət çəkən insanlara qarşı mübarizə aparmaq adətən onları daha da sıxışdırmaqla problemin getdikcə artması ilə nəticələnir. Mütəxəssislərin fikrincə, bu insanları cəmiyyət arasına gətirmək, onların reabilitasiyasına çalışmaq və narkotik asılılıqlarını bir xəstəlik kimi qəbul etmək, onları təqib etməmək (cinayət təqibi) və.s. lazımdır. Bütün bunlar Avropa ölkələrində tətbiq olunur və çox müsbət nəticələr verir.
Qonşu Rusiyada narkotik istifadə etdiyinə görə insanları məsuliyyətə cəlb etmək yoxdur. Onlara iki yol təklif olunur: ya cəzaçəkmə müəssisəsində məcburi müalicə olunmaq, ya da azadlıqda özünün könüllü müalicəsi. Bu yollardan biri mütləq seçilməlidir. Amma bunu Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Çünki ölkəmizdə reabilitasiya mərkəzi və proqramları yoxdur. Ekspertlərin fikrincə, Azərbaycanda reabilitasiya proqramları olmadıqca narkomaniya ilə mübarizə effektiv formada aparılmayacaq. Biz gəncləri bu bəladan qorumalı, qoruya bilmədiklərimizi isə xəstə kimi qəbul etməməliyik. Bu şəxslərə cəza tətbiq etməklə onları cəmiyyətdən təcrid etmək olmaz. Psixoloqların fikrincə, araşdırmalar zamanı bəlli olur ki, bu şəxslər dispanserə adətən o zaman müraciət edir ki, onların ailəsi və yaxın adamları buna məcbur edirlər. Və ya narkomanların pulu qurtarır, ağrılara dözə bilmir və xəstəxanaya müraciət edir. Deməli, o xəstəxanadan çıxdıqdan sonra da bu zərərli maddədən yenə istifadə edəcək.
İnsanlar narkomaniya adlanan tora necə düşürlər?
Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda ilk əvvəl xoş hisslər yaranmağa başlayır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Bu qənaətin yanlış olduğunu isə deməyə heç ehtiyac yoxdur. Əgər hər şey narkotik istifadəçilərinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanları onlar olardılar.
Narkotikin aludəçisi olanlarla aparılan sorğular göstərir ki, ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit və digər müxtəlif səbəblər onları narkotikdən istifadəyə istiqamətləndirib. Əlbəttə, narkotikdən sırf əyləncə məqsədilə istifadə edənlərin də olması faktdır.
Qeyd etdiyimiz kimi, narkomaniya insanın tədricən ölümünə səbəb olur. Daha doğrusu, insan şüurlu olaraq özü-özünü ölümə məhkum edir. Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar - qara ciyər, böyrək öz funksiyasını itirməyə başlayır. Bundan başqa, narkotik maddələr şəkərli diabet, hepatit kimi xəstəliklərin də yaranmasına səbəb olur. Və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəlik qaçılmaz olur. Bu xəstəliyə yoluxanların əksəriyyəti narkotik maddə istifadəçiləridir. Bütün bunlarla yanaşı, narkotikin təsirindən həmin insanların yaxınları, ətrafındakıları ilə problemlər yaranır, onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar.
Əfsuslar olsun ki, bu gün orqanizmində narkotik daşıyıcı olanların əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.Odur ki,hamılıqla bu bəlaya qarşı mübarizə aparmalıyıq...
Şəfəq Ağacan