Rusiyanın ermənilərə ən böyük pisliyi - 94 il öncə basdırılan “mina”

20-12-2017, 10:51           
Rusiyanın ermənilərə ən böyük pisliyi - 94 il öncə basdırılan “mina”
Dağlıq Qarabağ ikinci əsrdir ki, ermənilərin problemi deyil, çünki...; Levon Ter-Petrosyanın partiyadaşı: “Azərbaycan keçən ilin aprelindəki kimi ildırımsürətli hücum planı hazırlayır...”

2017-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün növbəti itirilmiş il kimi başa çatmaqdadır. Bunun tək səbəbi əlbəttə ki, Rusiyanın münaqişənin nizamlanması üçün real rıçaqları ola-ola, onları bu il də işə salmaq istəməməsi oldu. Rusiyanın Qarabağ məsələsində davam edən passiv mövqeyi bu ölkədəki siyasi kəsimin də diqqətindən yayınmayıb.

“Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir”. “Trend”in məlumatına görə, bunu “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib. Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin, birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”. Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.

Züqanovun Güney Qafqazla, Qarabağ məsələsi ilə bağlı Kremlin daha səmərəli işləməli olması haqda sözləri ilə razılaşmaq olar. Lakin bu, Rusiyanın mövcud imkanlarına nəzərən olduqca yumşaq və faktiki, Moskvanın regiona yönəlik destruktiv siyasətini görməzlikdən gələn bir yanaşmadır. Maraqlıdır, görəsən, prezident V.Putinin yerində Gennadi Züqanovun özü olsaydı, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət indiki kimi olardımı, eyni siyasəti yürüdülərdimi?

Hər halda, kommunistlərin dönəmində Qarabağ problemi öz həllini tapmayıb, əksinə, məhz onların hakimiyyəti dövründə alovlanıb. Biz hələ onu demirik ki, 1923-cü ildə SSRİ zamanında Dağlıq Qarabağdakı bir ovuc erməniyə muxtar vilayət statusu verib Azərbaycan dövlətinin altına “gec partlayan mina” qoyan məhz kommunist rejimi olub - Ermənistan adında müttəfiq respublika ola-ola.

Erməni xalqı isə hələ də qəbul eləmək istəmir ki, bununla Moskva ona heç də yaxşılıq eləməyib, əksinə, müstəsna olaraq öz maraqlarından çıxış edib və erməniləri hələ ki sonu görünməyən bəlaya düçar edib. Onlar, faktiki, ən böyük pisliyini edib.

*****

Bu arada işğalçı Ermənistanda sosial-iqtisadi durum daha da pisləşməkdədir. Bunun da kökündə şübhəsiz ki, illərdir davam edən blokada şəraiti ilə yanaşı, ölkədə hökm sürən korrupsiya rejimi dayanır. Bu xüsusda tanınmış erməni şansonye Şarl Aznavurun Fransada dərc edilən “Nouvelles Armeniya” qəzetinə müsahibəsi diqqət çəkir. Aznavur deyib ki, Ermənistanda yumurta oğurlayanı həbs edirlər, amma milyonları oğurlayan cəzasız qalır. “Biz anlamalıyıq ki, ölkəmizi inkişaf etdirməsək, o, yox olacaq. Buna görə məsuliyyəti Ermənistanın rəhbərləri daşıyacaq”, - deyə o bildirib.

Image result for Şarl Aznavurun

Ancaq Aznavur bir şeydə yanılır, Ermənistanın inkişafı, yox olub-olmaması yalnızca ölkədə korrupsioner rejimin ləğvindən asılı deyil. İlk növbədə onun əsas qonşuları olan Azərbaycan və Türkiyə ilə normal iqtisadi-ticari və diplomatik əlaqələri bərpa eləməkdən asılıdır. Bu isə Dağlıq Qarabağ probleminin ədalətli, yəni Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllindən keçir. Aznavur öncə bu haqda danışsaydı, hım məntiqli, həm də erməni xalqının maraqlarına uyğun olardı.

*****

Əfsus ki, öz havadarlarına, Rusiyaya güvənən Ermənistanın indiki rəhbərliyi konfliktin həllində konstruktiv mövqe tutmaqdan hələ çox uzaqdır. Nəticə etibarilə də bunun altını ən çox Ermənistanın əhalisi, onun iqtisadiyyatı çəkir.

Image result for Ter-Petrsoyan

Sabiq prezident Levon Ter-Petrsoyanın rəhbəri olduğu müxalifətçi Erməni Milli Konqresi İdarə Heyətinin üzvü Vardan Malxasyanın fikirləri də bu mənada maraqlıdır. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, Malxasyan deyib: “Bizim əsas məqsədimiz ölkəni hakimiyyəti zəbt edənlərdən azad eləmək və konstitusion qayda-qanunu bərpa eləməkdir. Biz hiss edirik ki, situasiya gərgindir, həmçinin Dağlıq Qarabağ məsələsində aktivlik azalıb. Amma bu gün ən vacib problem Qarabağ məsələsidir. Geosiyasi planda Yaxın Şərqdə elə problemlər peyda olub ki, onlar Qarabağ məsələsini ikinci plana keçirib. Bu problemlərdən biri də Qüdslə bağlıdır”.

Malxasyana görə, hazırda Qarabağ münaqişəsi zonasında vəziyyət ötən ilin aprel öncəsini xatırladır: “Ona görə ki, azərbaycanlılar başa düşüblər ki, dünyanın güc sahibləri onlara geniş miqyaslı müharibə aparıb irəli getməyə imkan verməz. Ona görə də yenə blits-müharibəyə əl ata bilərlər. Çünki iştah yemək vaxtı gəlir - onlar 800 hektar (2000 hektar-red.) torpaq tutublar. Çox böyük ehtimalla, yaxın zamanda Əliyevin bir neçə günlük ”ildırım sürətli hücum planı" olacaq. Və biz sayıq olmalıyıq ki, hər şey keçən dəfəki kimi təkfrarlanmasın".

*****

Düşmən ölkədə belə təlaşın yaşanması əsaslıdır. Hər necə olmasa, ilbəil öz döyüş qabiliyyətini və hərbi potensialını artıran Azərbaycan yeni-yeni silahları vitrində, anbarlarda saxlamaq üçün almır, yeni hərbi zavodları da status-kvonun sonsuzadək uzanmaması üçün qurur.

Təəssüf ki, düşmən tərəfdə zamanın guya onun xeyrinə işləməsi barədə illüziya var. Lakin Avropa Birliyinin 24 noyabr Brüssel sammitinin yekun bəyannaməsi, ardınca isə 13 dekabr Avropa Parlamentinin qərarı göstərdi ki, işğalçının gözləntisi əbəsdir. Analoji xəbərdarlıq bir daha Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tərəfindən səslənib.

Image result for Hikmət Hacıyev

“Ermənistan xarici İşlər nazirinin müavini Şavarş Köçəryan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun timsalında, deyəsən, yeni rəqabətlə üzləşib. Amma məntiqsizlik və mahiyyətsizlik baxımdan hər ikisinin açıqlamaları bir-birindən geri qalmır”. Hikmət Hacıyev bunu Ermənistan parlamentinin vitse-spikeri Şarmazanovun Latviya nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirləri APA-ya şərh edərkən bildirib (qeyd edək ki, şarmazanov həmin görüşdə latviya tərəfinin azərbaycanla imzaladığı ikitərəfli bəyannamədə azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsindən təəssüf ifadə eləmiş, avropa birliyi adından danışmağa cəhd eləmişdi - s.ş.).

Hacıyev isə Avropa Birliyi adından danışan Eduard Şarmazanova ilk növbədə Avropa İttifaqının sənədləri ilə tanış olmağı tövsiyə edib: “Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Strategiyasına da istinadlar öz əksini tapıb”.

XİN sözçüsü daha sonra qeyd edib ki, Aİ-nin Qlobal Strategiyasında dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Avropanın təhlükəsizlik nizamının əsas elementləridir: “Bu prinsiplər Aİ üzv dövlətlərinə və Aİ sərhədlərindən kənar bütün dövlətlərə şamil olunur. Avropa Parlamenti tərəfindən 13 dekabr 2017-ci il tarixində qəbul olunmuş ”Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti haqqında" qətnamədə Avropa Parlamentinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu təsdiqləyir. II Dünya müharibəsi və faşizm işğalından əziyyət çəkmiş Avropa üçün ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığının təməl prinsiplər olması heç də təsadüfi deyil".

“Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir və heç bir halda legitim hesab oluna bilməz”, - deyə XİN-in rəsmisi əlavə edib.

*****

Söz yox ki, beynəlxalq hüquq sistemini bu yolla açıq-aşkar təhdid edən Ermənistan öz arxasında böyük güclərin himayəsini hiss elədiyi üçün təxribatçı mövqe tutmaqda davam edir. Ancaq düşmən ölkə gərək onun da fərqində olsun ki, dünya birliyi, həmin o böyük güclər Azərbaycan torpaqlarında ikini erməni dövlətinin yaranmasını məqbul saysaydılar, çoxdan separatçı rejimi tanımışdılar. Demək, ermənilərdən böyük siyasi oyunda maşa qismində istifadə davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.