İrəvanın Naxçıvan qorxusu - Ermənistan parlamentində həyəcan
21-12-2017, 09:44
Erməni deputatlar hökumətdən izahat istədi: “Azərbaycan Naxçıvan sərhədinə qoşun yığır”; Qafar Çaxmaqlı: “Ermənistan bu müqavilənin şərtlərini pozaraq, Naxçıvanın yaşayış məntəqəsini - Kərki kəndini - işğal edıb” Türkiyə XİN rəhbəri: “Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir”
Son zamanlar qardaş Türkiyənin Qarabağ məsələsinin həlli prosesinə daha aktiv müdaxilə etmək cəhdləri işğalçı Ermənistanda ciddi narahatlıq doğurub. Xüsusilə də R.T.Ərdoğanın V.Putinlə davamlı görüşləri zamanı Qarabağ məsələsindən bəhs olunması, Ankaranın işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasını Ermənistanla sərhədlərin açılması üçün əsas şərt olaraq irəli sürməsi, Türkiyənin dövlət rəsmilərinin, ordu generallarının Azərbaycana intensivləşən səfərləri İrəvanda təlaşa səbəb olub.
Dekabrın 20-də axşam isə Türkiyənin baş naziri Binəli Yıldırım Naxçıvana səfər etməli idi. Məlumata görə, B. Yıldırım dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək. Ancaq şübhəsiz ki, bu, sıradan bir səfər deyil. Son zamanlar Ermənistanda Naxçıvandakı Azərbaycan ordu hissələrinin genişmiqyaslı hərbi təlimlərindən həyəcanla bəhs edirlər. Hətta məlumata görə, erməni hakimiyyəti Qarabağdakı ordu hissələrinin bir qismini Naxçıvanla sərhəddə yerləşdirmək məcburiyyətində qalıb.
“Ermənistanda belə bir fikir var ki, Rusiya bu ölkənin Avropa İttifaqına meyl etməsi və Avropa İttifaqı ilə ortaqlıq müqaviləsi imzalamasını bağışlamayacaq”.
Ermənişünas alim Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspertimiz qeyd etdi ki, hazırda Ermənistanda Rusiyanın bu ölkəni cəzalandıracağı günü gözləyirlər: “Ermənistanı cəzalandırmaq üçün Naxçıvan istiqamətindən ona zərbə vurulacağını keçən həftə Ermənistan mətbuatı yazmışdı. Nədən Naxçıvan? Çünki Rusiya bəzi planları təkbaşına etmək istəmir, buraya Türkiyəni də qoşmaq istəyir. Naxçıvanla bağlı beynəlxalq müqavilələri təsbit edılmiş Türkiyənin haqları var. O cümlədən Ermənistanın da altına ımza atdığı Qars və Moskva müqavilələri”.
Q.Çaxmaqlı xatırlatdı ki, Ermənistan bu müqavilənin şərtlərini pozaraq, Naxçıvanın yaşayış məntəqəsini - Kərki kəndini - işğal edıb. Bu yerdə xatırladaq ki, Q.Çaxmaqlının barəsində bəhs etdiyi Kərki kəndi 1990-cı ildə Ermənistan tərəfindən işğal edilib. Sədərək rayonunun inzibati tabeliyində olan kənd Arpa çayı sahilində yerləşir. İşğaldan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb. Ekspert cəbhənin Naxçıvan istiqamətindən gərginliyin yaranmasını istisna etmir: “Dolayısı ilə Rusiyanın da Qars müqaviləsində tərəf olduğunu nəzərə alsaq, burada bir aprel döyüşlərinə bənzər döyüşün olacağı ehtimalı var. Və beləliklə, Rusiya özü də ”ərindən boşanmamış başqa birinə ərə gedən" - rus politoloqun sözüdür - Ermənistanı cəzalandırmaq istəyir. Qüdslə bağlı olaylar göstərdi ki, Türkiyə ona dünyada ideoloji anlamda zərbə vuran və düşmənçilik siyasətini davam etdirən bu terrorçu və işğalçı ölkəni yerində oturtmaq istəyir. Çünki son zamanlar ölkənin təhlükəsizliyi ilə bağlı narahatçılıqlar var. ABŞ özünün təhlükəsizliyi üçün Çin və Rusiyanı görürsə, nədən Türkiyə yanındakı Ermənistanı görməsin? Bir halda ki, onun ərazisinə iddialarını prezident səviyyəsində dilə gətirirlər və hələ də Türkiyənin ərazi bütövlüyünü dünyada tanımayan tək ölkə Ermənistandır, bəlkə də o məqam yetişib". Qarabağ məsələsində gəldikdə, ermənişünas alim bildirdi ki, məsələnin müharibəsiz həll variantı yoxdur: “Əgər dediyimiz istiqamətdə münaqişə alovlansa, Qarabağda antiterror əməliyyatları keçirmək imkanı yaranacaq, bunu etmək üçün isə bir çox faktorları həll etmək lazım gələcək. Onlardan biri digər ölkələrin, xüsusən ABŞ-ın bu məsələyə maksimum müdaxiləsini azaltmaqdır”.
Q.Çaxmaqlı qeyd etdi ki, Türkiyənin baş nazirinin bu ərəfədə Naxçıvana gəlişi vəziyyətin ciddiliyindən xəbər verir: “Gözləyək, görək siyasi gərginliklər daha nə sürprizləri diktə edəcək”.
Erməni dilini mükəmməl bilən alim qeyd etdi ki, elə bizimlə danışmazdan bir az əvvəl işğalçı ölkənin parlamentindəki müzakirələri də dinləyib: “Ermənistan Milli Məclisində dövlət büdcəsi müzakirə olunur. Orada da bu məsələlərdən narahatlıq ifadə edildi. Deyirlər ki, Azərbaycan Naxçıvan sərhədinə qoşun yığır. Hökumətdən izahat tələb olunur. Milli Məclisin sədr müavini Eduard Şarmazanov bununla bağlı dedi ki, vəziyyətdən xəbərimiz var. Müdafiə naziri bu haqda məlumat verəcək”.
Bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan da aprel döyüşləri Azərbaycan ordusunun qələbəsini etiraf edib. “Biz qələbə qazandığımızı nə qədər desək də, faktiki olaraq əlverişli mövqedə olan Lələtəpəni itirdik” (ordu.az) “Niyə onu qaytara bilmirik? Təlimat, yoxsa imkanlarımız yoxdur?” sualına isə bu şəkildə cavab verib: “Yaranmış vəziyyət qəbul edilmiş qərarların nəticəsidir. Bu gün cəbhə xətti bu mövqedən keçir. Cəbhə xəttinin əvvəlki vəziyyətini bərpa etmək mümkün olmayıb. Bəzi beynəlxalq təşkilatların və Rusiyanın müdaxiləsi nəticəsində uzunmüddətli müharibənin qarşısı alınıb”. Müsahibə zamanı Hakopyan Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqları üçün hər an əməliyyatlara başlaya biləcəyini də söyləyib. “Siz elə zənn etməyin ki, Azərbaycan Qarabağı tutmaq istəmir, onun arzuları daha genişdir. Qarabağı, Süniki (Zəngəzuru-red.), vaxt getdikcə İrəvanı tutmağı arzulayır”, - deyə Hakopyan öz qorxusunu gizlədə bilməyib.
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib. “Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Ermənistanla əlaqələrimizin bərpa olunması üçün əvvəlcə onlar qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdırlar. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Ermənistan tələblərimizi yerinə yetirmədiyi müddətdə onlarla nədəsə razılaşmağımız mümkün deyil”, - M.Çavuşoğlu bildirib.
“Ermənistan həm suçlu, həm güclü. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik”- Çavuşoğlu əlavə edib. O bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: “Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur”.
Türkiyə XİN başçısının mövqeyi bir daha sübut edir ki, Ankara Qüdslə bağlı prinsipiallıqdan sonra Qarabağa da analoji münasibətin göstərilməsi zərurətini ciddi şəkildə nəzərə alır və digər müsəlman ölkələrinə nümunə göstərir. Görünür, Ermənistandakı bəzi dairələr məhz bu kimi məsələləri nəzərə alır və 1918-ci il hadisələrini xatırladaraq, “türklər gəlir” düşüncəsi ilə həyəcan içində vurnuxurlar...
E.PAŞASOY,
“Yeni Müsavat”