"Hikmət Cavadov nə etdiyini heç özü də bilmir" - İTTİHAM
21-12-2017, 19:01
Dekabrın 18-də Ukraynanın Xerson şəhərində qondarma erməni soyqırımına abidə qoyulub.
Tədbirdə Xerson şəhər meri, Ukraynadakı erməni kilsəsinin baş kahini və Ermənistanın Ukraynadakı konsulu da iştirak edib.
Bununla əlaqədar olaraq Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov Ukraynanın Xerson şəhərinin merinə məktub ünvanlayıb.
Modern.az-a açıqlama verən Hikmət Cavadov Azərbaycanın Ukraynadakı səfirliyini günahlandıraraq, bunları deyib.
“Ümumiyyətlə, səfirliyin əsas vəzifələrindən biri də budur ki, Ukraynada Azərbaycana qarşı istiqamətlənmiş prosesləri görüb, əvvəlcədən reaksiya versin. Bu, təkcə diasporun üzərinə düşən vəzifə deyil. Bu məsələlərdə diplomatik korpusun fəaliyyəti vacibdir. Ümumiyyətlə, çox maraqlıdır ki, səfirliyin iş fəaliyyəti nədən ibarətdir? Ukraynadakı Azərbaycan diasporunun aparıcı şəxslərinə qarşı mübarizə aparmaq, yoxsa ermənilərə qarşı mübarizə aparmaq?"
Hikmət Cavadovun iddialarına Azərbaycanın Ukraynadakı səfirliyindən cavab verilib. Qeyd edilib ki, bu məsələdə səfirlik günahlandırılmalı deyil:
“Hikmət Cavadov nə etdiyini heç özü də bilmir. Ermənilərin Xerson şəhərində abidə qoymasına səfirlik nə etməlidir?! Əvvəla, bu məsələ bizdən çox türk qardaşlarımızın işidir. Onlar bu məsələyə heç bir reaksiya vermirlər. Əgər türklər bu məsələyə qoşulmağımızı xahiş etsələr, mütləq qoşularıq. Səfirlik Xarici İşlər Nazirliyinin tabeliyindədir. Bizə hər hansısa formada məktub gəlməsə, heç nə edə bilmərik. Təlimatımız olmalıdır.
Hikmət Cavadov yalan danışır. Onu Ukraynada tanıyan da yoxdur. Bildiyiniz kimi, Ukraynada Saakaşvilinin tərəfdaşıdır. Sonra bəyan elədi ki, qondarma erməni soyqırımı abidəsinə görə Xerson rəhbərliyinə məktub yazıb. Biz də araşdırdıq və bəlli oldu ki, Xerson vilayətinə heç bir məktub ünvanlamayıb.
Ümumiyyətlə, nə Türkiyə səfirliyi, nə də türk iş adamları tərəfindən də məktub daxil olub.
İkincisi, Hikmət Cavadov məktub ünvanlasa belə, onun məktubuna kim baxacaq?! O dövlətə qarşı çıxışlar edir. Bu adam islah olunmur. Heç kimə qulaq asmır”.
Səfirlikdən o da bildirilib ki, bu cür işlərdə günah diaspordadır.
“Onlar da bir abidə qoysunlar. Onlara mane olan var?! Biz gücümüz çatdıqca, Müslüm Maqomayevin, Nizaminin abidəsini qoyuruq. Ermənilərdə isə dahi insanlar yoxdur deyə, hər addımbaşı qondarma soyqırımı abidəsini ortaya atırlar.
Hikmət Cavadov hər yerdə erməni deputatların olduğunu deyir. Razıyıq onunla. Biz də dəfələrlə şahidi olmuşuq ki, ölkənin hər bir sahəsində ermənilər təmsil olunur. Axı bizə kim mane olur ki?! Onlar da bir diaspordur, bizimkilər də. Gedib onlar da deputat olsunlar. Biz də buna sevinərik. Səfirlik olaraq onların əl-qolunu tutub bağlamırıq ki! Təssüf ki, burada diaspor təşkilatlarının ancaq adı var”.