Tabor komandirinin müavinindən Zakir Həsənova ilginc şikayət...

3-09-2015, 00:51           
Tabor komandirinin müavinindən Zakir Həsənova ilginc şikayət...
"Nə vaxta kimi günahsız neçə-neçə zabit-gizirin taleyi və karyerası ilə oynayacaqlar?"
"Polkovnik Aydın Eyyubovun, polkovnik Bəxtiyar Hümbətovun, polkovnik-leytenant Murad Mirzəyevin, mayor Müsaməddin Bayramovun əlbir olaraq elədikləri haqsızlıqlara son qoyun"


Moderator.az saytına Silahlı Qüvvələrimizin birində xidmət edən mayor Oruc Abbasov tərəfindən aşağıdakı məzmunda şikayət məktubu daxil olub. Məktubda hərbi hissələrin adları göstərilsə də hərbi sirr olduğundan onları göstərmirik, Müdafiə Naziriliyinin müvafiq strukturları maraqlansa məktubun hərbi hissələrin adları qeyd olunan orijinalını təqdim etməyə hazırıq:

"30.07.1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycanlı, ali hərbi təhsilli, əvvələr məhkum olunmamış, ailəli, 1997- ci ildən SQ- də həqiqi hərbi xidmətdə olan və hal-hazırda N saylı hərbi hissənin 5-ci motoatıcı tabor komandirinin müavini vəzifəsində xidmət edən mayor Oruc Abbasov tərəfindən şikayət

ƏRİZƏSİ

Yazaraq Sizə bildirirəm ki, mən Abbasov Oruc Əliağa oğlu Heydər Əliyev adına Ali Hərbi məktəbin ilk məzunlarındanam. 2001-ci ildə ali hərbi məktəbi bitirdikdən sonra 2001-2002-ci illərdə SQ-in TTM (təlim tədris mərkəzi)-də zabit dinləyici olmuşam, 2002-ci ildə N saylı hərbi hissədə xüsusi təyinatlı tağım komandiri vəzifəsində xidmət etmişəm, 2002-2004-cü illərdə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə taqım, bölük komandiri vəzifəsində xidmət etmişəm, 2004-2005-ci illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbində kursant taqım komandiri-müəllim köməkçisi vəzifəsində xidmət etmişəm, 2005-2006-cı illərdə Heydər Əliyev adına AAHM-də mühafizə bölüyünün komandiri vəzifəsində xidmət etmişəm, 2006-2007-ci illərdə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət etmişəm, 2007-ci ildə öz istəyim ilə N saylı hərbi hissədə təşkil edilən xüsusi təyinatlı qüvvələr kursunu bitirmişəm, kursu bitirdikdən sonra N saylı hərbi hissədə təşkil edilən xüsusi təyinatlı qüvvələr kursunun bölük komandiri vəzifəsinə təyin olmuşam və 2010-cu ilə qədər həmin vəzifədə xidmət etmişəm, 2010-cu ildə 1-ci Xüsusi Təyinatlı Alayın 2-ci taborunda 5-ci xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin olunmuşam və 2013-cü ilə qədər həmin vəzifədə xidmət etmişəm, 2013-cü il noyabr ayından 2014-cü il mart ayına kimi 2-ci Xüsusi Təyinatlı Alayın fiziki hazırlıq və idman rəisi vəzifəsində xidmət etmişəm, 2014-cü ilin mart ayından 2014-cü il iyul ayına kimi N saylı hərbi hissənin Əməliyyat bölmə rəisinin fiziki hazırlıq üzrə baş köməkçisi-mütəxəsis vəzifəsində xidmət etmişəm, 2014-cü ilin iyul ayının 28-dən Naxçıvanda MR-nın Culfa şəhərində yerləşən N saylı hərbi hissənin 5-ci motoatıcı tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşam və hal-hazırda həmin vəzifədə xidmət edirəm.
Mənim şikayətim N saylı hərbi hissədə mənə qarşı edilən haqsızlıqdan, böhtan və saxtakarlıqdandır. Mən hərbi hissə komandirinin 07.05 və 24.05.2014-cü il tarixlərində yarım illik kompleks yoxlama heyətinin üzvü olduğum halda məni N saylı hərbi hissənin kadrlar və nizami bölmə rəisi polkovnik-leytenant Emin Abışov yanına çagıraraq polkovnik Bəxtiyar Hümbətovun əmridir, səhər olmalısınız Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə. Aldığım məlumatı dəqiqləşdirmək üçün polkovnik Bəxtiyar Hümbətovun yanına getdim. O, mənə şifahi olaraq bildirdi ki, gedin N saylı hərbi hissəyə, amma hansi əmrə əsasən, kimin əmrinə əsasən getməli olduğumu bildirmədi. Həmin gün mən Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissə komandirinin vəzifəsini icra edən polkovnik-leytenant Kənan Seyidova gəlməyim barədə məruzə etdim.
25 iyun 2014-cü il tarixində N saylı hərbi hissə komandirinin vəzifəsini icra edən polkovnik-leytenant Kənan Seyidov mənə bildirdi ki, həmin gün saat 14:00-da polkovnik Aydın Eyyubovun qəbulunda olmalısan, mən təyin edilən vaxtda polkovnik Aydın Eyyubovun qəbulunda oldum. Lakin o bildirdi ki, sizi mən yox, polkovnik Bəxtiyar Hümbətov çağırıb, mən də gəlməyim barəsində polkovnik Bəxtiyar Hümbətova məruzə etdim. O, mənə bildirdi ki, polkovnik Aydın Eyyubovun otağına keç, sonra polkovnik Aydın EYYUBOVUN, polkovnik Bəxtiyar HÜMBƏTOV, mayor Müsaməddin BAYRAMOV otağa gələrək mənim ilə söhbət aparmağa başladılar. İlk olaraq polkovnik Bəxtiyar HÜMBƏTOV məndən soruşdu ki, sizin neçə mobil nomrəniz var və neçə mobil nömrə işlədirsiniz? Cavab olaraq bildirdim ki, mənim iki mobil nömrəm var biri bakcell, digəri isə azercell-dir. Sonra polkovnik Aydın EYYUBOV mənə bildirdi ki, siz xidmət vaxtı internetə girirsiniz və sosial şəbəkələrdə hərbi hissəyə aid məxfi məlumatları paylaşırsınız və bununla da Baş Qərargah Rəisinin əmr və direktivlərini pozursunuz. Cavab olaraq bildirdim ki, mən xidmət vaxtı mobil telofonumdan və digər məlumat daşıyıcı və ötürücülərdən istifadə etmirəm, heç bir sosial şəbəklərdə yoxam və onlar haqında heç bir anlayışım da yoxdur. Əgər mən hər hansı əmr və direktivləri pozmuşamsa, raport yazın aidiyyatı orqanlar araşdırsınlar. Əks halda sizdən xahiş edirəm ki, mənim adıma ləkə yaxaraq komandanlığın gözündən salmayın. Əgər yenə də mənə inamınız yoxdursa, mən xidmət vaxtı xidməti otaqda tək olmuram və mənim ilə bərabər otaqda Əməliyyat və Kəşfiyyat bölməsinin zabit və gizirləri var, onlardan maraqlana da bilərsiniz, hətta onlar da şahidi ola bilərlər ki, mən xidmət zamanı heç vaxt mobil telofondan istifadə etmirəm və otaqda heç bir mobil operatorun şəbəkəsi yoxdur.
Söhbət zamanı otaqda bildirildi ki, güya mən yanvar ayında qruplar tapşırıq icra edən zaman orda olanlardan birinin ailəsinə zəng edərək xoşagəlməz sözlər deyərək təhqir edib, narahat etmişəm, mən o, şəxsin kimliyini soruşanda cavab olaraq bildirildi ki, güya əməliyyat sirridir, ad çəkmək olmaz. Komandirin təyin etdiyi şəxslər var, özləri araşdıracaqlar. Cavab olaraq bildirdim ki, yanvar ayının 16-dan 21-dək tapşırıqla əlaqədar əməliyyat bölməsində olmuşam və orda qalmışam, heç bir yerə getməmişəm. Daha sonra əməliyyat növbətçisinin köməkçisi olaraq növbəyə daxil olub, növbəni təhvil verib polkovnik Mustafa NİYAZALIYEVLƏ bərabər Füzuli rayonu istiqamətində çıxışa getmişəm, yanvar ayının 26-da çıxışdan gəldikdən sonra evə getmişəm. Sonra polkovnik Bəxtiyar HÜMBƏTOV mənə bildirdi ki, bunlar komandanlığa məruzə ediləcək. Mən qərargahdan çıxıb verilən tapşırığa əsasən hərəkət etdim N saylı hərbi hissəyə. Mən yolda olarkən mayor Müsaməddin BAYRAMOV mənə zəng edib bildirdi ki, qayıt hərbi hissəyə, söhbətləşmə vərəqinə qol çək, mən təkrar geri qayıdaraq hərbi hissəyə daxil olan zaman yolda polkovnik-leytenant Murad MİRZƏYEVLƏ qarşılaşdım. O, məni öz otağına çağırıb söhbətləşmə vərəqini mənə verdi. Mən də orda yazılanları oxuduqda məzmununa narazılığımı bildirdim, çünkü orda qeyd edilmişdir ki, siz xidmətdə etdiyiniz “ciddi nöqsanlara” görə başqa hərbi hissəyə köçürülürsünüz, buna münasibətiniz? Mən də cavab olaraq bildirdim ki, digər hərbi hissəyə köçürülməyimə görə heç bir narazılığım yoxdur. Çünkü harda üç rəngli bayrağımız dalğalanırsa, orda xidmət etmək şərəfdir. Sadəcə hansı xidmətimdə “ciddi nöqsanlara” yol verdiyimin səbəbini mənə polkovnik-leytenant Murad MİRZƏYEV izah edə bilmədi. Çünkü mən vəzifəyə təyin olunduğum vaxtdan bu günə kimi heç bir xəbərdarlıq, töhmət, şiddətli töhmət, xidmətə gecikmə, xidmətdən yayınma, verilən əmri yerinə yetirməmə və bu kimi digər nöqsanlarım olmayıb. Polkovnik-leytenant Murad MİRZƏYEV mənə bildirdi ki, onun da bu olan hadisələrdən xəbəri yoxdur. Bu olan hadisələrlə bağlı mən hərbi hissə komandirim general-mayor Hikimət MİRZƏYEVLƏ dəfələrlə görüşmək istəsəm də o, məni qəbul etmədi. Daha sonra mən 07.07.2014-cü il tarixində Göytəpə qəsəbəsindən hərbi hissə komandirim general-mayor Hikimət MİRZƏYEVƏ məktub vasitəsi ilə müraciət etdim, lakin yenə də mənə heç bir cavab bildirilmədi. Mən 3 ay ərzində N saylı hərbi hissədə ezamiyyətdə olduğum zaman baş zabit olaraq hərbi şəhərçikdə deyil, əsgər yataqxanasında yaşayış üçün yerlə təmin edildim.
01.07.2014-cü il tarixidə mənim yaşayışım üçün ayrılan otağımın qapısı mən olmadığım zaman açılaraq istifadə etdiyim şəxsi notbookum qəsdən, planlı şəkildə oğurlanmışdır. Bu oğurluq faktı ilə bağlı hərbi hissə komandirinə yazılı olaraq raportla məruzə etdim və planlı şəkildə edilən oğurluq faktı araşdırılmadı və bu gunə qədər də mənə dəymiş zərər ödənilmədi.
Heç bir nöqsanım olmadan mən səbəbsiz olaraq Naxçıvan MR-nın Culfa şəhərində yerləşən N saylı hərbi hissəyə göndərildim. Xidmət etdiyim müddət ərzində 18.08 - 07.09.2014-cü il tarixində ƏUQ ordusunun qarbağlar dağ təlim mərkəzində təşkil etdiyi snayper toplantısında iştirak etmişəm. Toplantı bitdikdən sonra mən hərbi hissəyə qayıtdığım zaman şəxsi işimlə tanış oldum. Şəxsi işimlə tanış olarkən mənə qarşı şər, böhtan, yalan və saxtakarlığın bir daha şahidi oldum. Mən may, iyun, iyul aylarında N saylı hərbi hissədə ezamiyyətdə oldğum zaman mənə N saylı hərbi hissədə 07.05.2014-cü il tarixində mobil telofondan istifadə etdiyim üçün, 19.05.2014-cü il tarixində verilən əmri yerinə yetirmədyimə və xidmətdə verdiyim səhlankarlığa gorə, 23.05.2014-cü il tarixində isə xidmət müddətimdə internetdən istifadə etdiyim üçün hərbi hissə komandiri tərəfindən şiddətli töhmət verilib, faktiki olaraq mən həmin tarixlərdə N saylı hərbi hissədə yox, N saylı hərbi hissədə ezamiyyətdə olmuşam, əgər hərbi qulluqçuya xəbərdarlıq, töhmət, şiddətli töhmət məzəmmət elan olunursa şəxsən özünə bildirildiyi halda mənə heç bir şiddətli töhmət bildirilmədən mən digər hərbi hissəyə getdikdən sonra yazılmışdır.

Sizdən artıq dərəcədə xahiş edirəm ki, polkovnik Aydın EYYUBOVUN, polkovnik Bəxtiyar HÜMBƏTOVUN, polkovnik-leytenant Murad MİRZƏYEVİN, mayor Müsaməddin BAYRAMOVUN əlbir olaraq elədikləri haqsızlıqlara son qoyun. Nə vaxta kimi günahsız neçə-neçə zabit-gizirin taleyi və karyerası ilə oynayacaqlar, polkovnik Bəxtiyar HÜMBƏTOV internetdən, məxfiçilikdən, dövlət sirrinin qorunmasından danışır, məsləhətlər verir, lakin özü bütün gün əlində planşet saytlarda, sosial şəbəkələrdə olur. Budurmu haqq - ədalət prinsipi?!
Başıma gələnləri sizlərin diqqətinə çatdırdım. Düzü, hərbi hissələrin adlarının açıqlanması hərbi sirr olaraq saxlanılmalıdır. Amma məsələ sizlərə aydın olsun deyə hər şeyi aydın yazdım. Son olaraq xahişim budur ki, başıma gələnləri işıqlandıracağınız təqdirdə hərbi sirr məsələsini diqqətdə saxlayasınız. Mən vətənimi sevirəm, hərbi sirrin nə olduğunu gözəl bilirəm. Amma haqsızlıqla barışa bilmirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.