Yol polisi: Bakıya şəxsi maşınınızla gəlməyin

4-09-2015, 00:53           
Yol polisi: Bakıya şəxsi maşınınızla gəlməyin
Artıq xəbər vermişdik ki, paytaxt sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına edilən çoxsaylı müraciətlər əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır. Plana görə, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə Bakı qeydiyyatı olmayan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev trend-ə bildirib ki, artıq həmin nəqliyyat vasitələinin paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılması, eləcə də sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyalarına çatdırılmasının təmin olunması ilə bağlı işlər tamamlanmaq üzrədir.
Lakin şöbə rəisinin fikrincə, bundansa, yaxın şəhər və qəsəbələrdən paytaxta gələn hərəkət iştirakçıları vaxta, yanacağa və pula qənaət baxımından daha əlverişli olan ictimai nəqliyyat vasitələrinə, Sumqayıt sakinləri isə həm də sentyabr ayının 15-dən onların istifadəsinə veriləcək sürətli qatarlardan istifadəyə üstünlük versələr, bu həm onlar üçün sərfəli variant olar, həm də paytaxtda nəqliyyat sıxlığı nisbətən aradan qalxar: "Buna görə, heç sentyabrın 15-ni gözləməyə ehtiyac yoxdur. Artıq bu gündən etibarən vətəndaşlar ictimai nəqliyyatdan istifadə etməklə paytaxta rahat gələ bilərlər. Vətəndaşların paytaxta daha rahat, vaxt itkisinə yol vermədən, əlavə xərclər ödəmədən ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri üçün tam şərait yaradılıb. Sentyabrın 15-dən etibarən isə yeni tədris ilinin başlanması yollarda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir. Bu səbəbdən yaxın şəhər və qəsəbələrdən Bakıya gələn insanların fərdi avtomobillərindən deyil, onlar üçün yaradılmış imkanlardan, müasir ictimai nəqliyyat vasitələrindən istifadə etməklə, eləcə də Sumqayıtdan dəmiryolu xətti ilə elektrik qatarından istifadə etmələrini tövsiyə edirik. Rayonlardan Bakıya fərdi avtomobillərlə gələn vətəndaşlar bilməlidirlər ki, bu hallarda paytaxt yollarında sıxlıq yaranır ki, bundan elə özləri əziyyət çəkirlər. Xüsusən də, Sumqayıt şəhərindən paytaxta gələnlərin ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur".
K.Əliyev qeyd edib ki, Sumqayıtdan Bakıya fərdi avtomobillə gəlib qayıtmaq ictimai nəqliyyatdan istifadədən daha baha başa gəlir: "Sürücünün 100 km məsafə qət etməsi üçün yanacaq işlətməsi, paytaxtda gəzməsi, şəhərdə avtomobili park etmək üçün müəyyən miqdarda məbləğ ödəməsi, avtomobilin amartizasiya xərclərini nəzərə almasaq, ona ən azı 10-12 manata başa gəlir. İctimai nəqliyyatdan istifadə edərkən isə buna görə təxminən 1,5-2 manat xərcləyir. Bundan başqa, parketməyə görə yer problemi yaşamır, buna görə əlavə pul ödəmir. Həm də şəhərdə nəqliyyat sıxlığı yaratmır, yollarda qalaraq vaxt itkisi ilə üzləşmir, mənzil başına da daha tez çatır".
Yol polisi sözçüsü əlavə edib ki, Sumqayıtdan ölkənin cənub və qərb bölgələrinə gedənlərin bəziləri isə yolları yaxşı tanımadığından şəhərin içindən keçməklə hərəkət edirlər: "Halbuki, Sumqayıt stansiyasından həm Şamaxı, həm də Qaradağ istiqamətinə yaxşı təmir edilmiş yollar var ki, onlardan istifadə edilməlidir".
Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında hazırlanmış tədbirlər planına əsasən, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə paytaxt qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsi də nəzərdə tutulduğu bildirilir.
avtosfer.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.