“Texnikabank” işində şok gəlişmə - 38 milyonluq dələduzluq
9-09-2015, 16:48
Bakı Apelyasiya Məhkəməsində 81 nəfərin pulunu mənimsəyən “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı apelyasiya şikayətinə baxılıb. Teleqraf.com xəbər verir ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər rayon Məhkəməsinə müraciət edib. İslam Yusifovun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Onun tələbi təmin edilməyib. Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib.
O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib. İslam Yusifovun şikayətinə bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılıb. Martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib. İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb. Baş Prokurorluq kasasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib.
Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə İslam Yusifovun barəsində ittiham hökmü çıxarılması üçün Baş Prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrlik etdiyi hakim kollegiyasının çıxardığı qərar ləğv edilib. Məhkəmə İlham Yusifovun barəsində olan işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar verilib. İslam Yusifovun işinə bu dəfə apelyasiya instansiyasında hakim Əflatun Qasımovun sədrliyi ilə baxılıb. Hakim kollegiyası Xəzər Rayon Məhkəməsinin İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı çıxardığı qərarı qüvvədə saxlayıb. İslam Yusifov məhkəmə zalından həbs edilərək cəza çəkmə müəssisəsinə göndərilib. Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib. Belə ki, Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifovun vətəndaşlardan dələduzluq yolu ilə pul almasında oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.