Dünyada ərzaq qiymətləri kəskin enir, bizdə isə qalxır

10-09-2015, 19:21           

FAO: Qlobal ərzaq qiymətlərində azalma davam edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksi aşağı düşməkdə davam edir.

İndeks Avqust ayında 2008-ci ilin Dekabr ayından bu yana ən böyük aylıq enişini qeyd edib (son 7 ildə ən sərt eniş).

"Marja "FAO-nun yaydığı məlumata istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi Avqust ayında 5,2 faiz azalma ilə 155,7 səviyyəsinə enib. Azalmaya yanacaq qiymətlərinin aşağı düşməsi və Çin iqtisadiyyatındakı ləngimə təsir göstərib.

Eyni ayda taxıl qiymətləri indeksi 7 faiz azalma ilə 154,9, yağ qiymətləri 8,6 faiz azalma ilə 134,9 səviyyəsinə qədər enib.

Şəkər qiymətləri indeksinin 10 faiz azalma ilə 163,2 bəndə endiyi ayda, ət qiymətləri dəyişməyərək 172,9 bənddə qalıb. Süd qiymətləri indeksi isə 9,1 faiz azalma ilə 135,5 səviyyəsinə enib.

TAXIL İSTEHSALI VƏ EHTİYATI PROQNOZUNU YÜKSƏLDİB

FAO, 2015/16 dövrü üçün istehsal və ehtiyat (stok) proqnozlarını da yüksəldib.

Hesabata görə, Qurum taxıl istehsalını 2 milyard 540,2 milyon ton olaraq gözləyir. Əvvəlki proqnoz 2 milyard 526,5 milyon ton səviyyəsində idi.

Dünya taxıl təklifi əvvəlki dövr üçün verilən 3 milyard 171,5 milyon tondan 3 milyard 189,8 milyon tona qaldırılıb.

FAO, qlobal taxıl rezervi (anbarlardakı ehtiyat) proqnozunu 631,3 milyon tondan 643,2 milyon tona yüksəldib.

FAO, buğda istehsalı gözləntisini 723,4 milyon tondan 728,4 milyon tona, rezerv proqnozunu isə 197,5 milyon tondan 201,8 milyon tona qaldırıb.

FAO qarğıdalı istehsal proqnozunu 1 milyard 303,8 milyon tondan 1 milyard 311,3 milyon tona, rezerv proqnozu 264,4 milyon tondan 271,8 milyon tona çıxardıb.

FAO düyü proqnozlarını da artırıb və istehsal üçün 499,3 milyon ton olan proqnozunu 500,6 milyon tona, rezerv üçün 169,4 milyon ton olan proqnozunu isə 169,6 milyon tona qaldırıb.

İDXALÇILAR BUNU NƏZƏRƏ ALMIRLAR

Qeyd edək ki, son günlər devalvasiya ilə əlaqədar olaraq Azərbaycanda ərzaq məhsullarının qiymətləri qaldırılır. İdxalçı şirkətlər qiymət artımını hələ də düzgün əsaslandırmırlar. Devalvasiya qiymət artırmağa əsas versə də, dünyada ərzaq qiymətlərinin və enerji qiymətlərinin aşağı düşməsi nəzərə alınmır.
marja












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.