Nəsimi rayonunda yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur
11-09-2015, 17:17
Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olumuşdur. Rayonda 8 ali, 25 orta və 34 məktəbəqədər təhsil müəssisəsi mövcuddur.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Son 4 il ərzində Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunmuş, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunmuşdur. Bu il sentyabr aynının 10-da Prezident İlham Əliyev Nəsimi rayonunudakı Texniki Humanitar liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyevin müavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Nəsimi rayonunun təhsil müəssisələri üzrə 4 orta, 5 uşaq bağçasının və 1 Uşaq Yaradıcılıq Mərkəzinin əsaslı təmiri nəzərdə tutulmuşdur. Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb keçən il əsaslı təmir olunmuş, bu il məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilmişdir. Həmçinin 174 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, 147 saylı uşaq bağçasında aparılan təmir başa çatmaq üzrədir.
Həmçinin son illər ərzində Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən təhsil sistemində yeni islahatların aparılması, orta və ali məktəblərdə təhsilin səviyyəsinin günümüzün tələblərinə uyğun olaraq qurulması, şagird və tələbələrin savadlı və bilikli, vətənvərvər ruhda tərbiyə olunması istiqamətində həyata keçirilən işlər barədə söz açılmış, bildirilmişdir ki, həyata keçirilən yeniliklər tədris prossesinə öz müsbət təsirini göstərir.
Asif Əsgərov bildirmişdir ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində təmirlər aparılımış, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunmuşlar.
Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Vurğulanmışdır ki, 2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirmiş, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar.
Bakı Türk Anadolu Liseyinin məzunu Məcidov Nurlan Namiq oğlu 700 bal toplayaraq, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur.
2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala layiq görülmüşdür.
Tədbirdə çıxış edən 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış Nərmin Hacılı, Cəmil İmranov, Nurlan Məcidov və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuş, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 200 uşağa isə məktəbli forması hədiyyə olunmuşdur.