“Mən rektor deyiləm” - deputat
15-09-2015, 21:30
Mən “Odlar Yurdu” universitetinin rektoru deyiləm. Universitetdə İdarəetmə Şurasının üzvüyəm. Ona görə də parlament seçkilərində iştirakıma heç bir problem yaranmır.
Bu sözləri Axar.az-a YAP-çı deputat Əhməd Vəliyev deyib.
Onun sözlərinə görə, “Odlar Yurdu” universitetinin rektoru Monil Vəliyevdir və artıq bir neçə aydır bu vəzifədə çalışır.
Millət vəkilinin sözlərinə görə, sözügedən təhsil ocağında 20 il rektor vəzifəsində olub deyə, ictimaiyyət hələ də onun bu vəzifədə olduğunu bilir: “Necə ki Xəzər universitetində Hamlet İsaxanlı rektor kimi təqdim olunur, amma səhv etmirəmsə, o ali məktəbdə də rektor ingilisdir. Ancaq hətta rektor belə olsaydım, deputatlığa namizədliyim irəli sürülə bilərdi.
Çünki bu qanun özəl sektora şamil edilmir. Bu, prezidentin sərəncamı ilə təyin olunan rektorlara aiddir ki, seçkilərdə iştirakla bağlı seçim etsinlər”.
Ə.Vəliyev partiyanın parlament seçkilərində namizəd siyahısında adının olub-olmamasından xəbərsizdir:
“Mən 10 ildir millət vəkiliyəm. Əgər partiya yenidən namizədliyimi irəli sürməyi məsləhət bilsə, seçkidə iştirak edəcəyəm”.
Ə.Vəliyev adının siyahıda olmayacağı təqdirdə elmi fəaliyyətini davam etdirəcəyini söyləyib. Deputat YAP-ın əsgəri olduğunu və bu baxımdan adı siyahıda yer almazsa, müstəqil şəkildə namizədliyini irəli sürməyəcəyini vurğulayıb.