Dərmanların satışında problem var - nazir müavinindən etiraf
18-09-2015, 13:22
“Dərman preparatlarının yeni qiymətlə satışa çıxarılması işi hələ təzə başlayıb və buna görə də problemlərdən qaçmaq mümkün deyil”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O, fikrini belə davam etdirib:
“Hələlik dərman preparatlarının yeni qiymətlə satışında müəyyən qədər problemlər var. Çünki satışda həm qiyməti düzgün göstərilməyən, həm də qeydiyyatdan keçməyən preparatlar var. Ona görə də mövcud problemlərin həlli zamanın işidir. Hesab edirəm ki, qısa zaman kəsiyində problemlər aradan qaldırılacaq”.
Ölkə rəhbərinin tapşırığı ilə dərmanların qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atıldığını xatırladan E. Ağayev bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçən dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, respublikanın Tarif şurası qiymətlərlə bağlı müvafiq təlimat hazırlayıb:
“Artıq 25 təsiredici maddə üzrə 1057 dərman qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib. İqtisadiyyat və Sənaye Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə monitorin yoxlamalar həyata keçirir. Ədliyyə Nazirliyində resyestrdən qeydiyyatdan keçdikdən sonra bizim əməkdaşlarımız apteklərdə monitorinqlərə başlayıblar. Tarif Şurasının planına görə gələn ilin ortalarına qədər ölkədə qiyməti tənzimlənməyən dərman preparatı qalmayacaq”.
Nazir müavini deyib ki, bu gün Azərbaycanda qeydiyyatdan keçən dərmanların 57 faizi Avropa, 26 faizi MDB ölkələrinin (12 faizi Rusiyanın) payına düşür. Hindistan və Asiya ölkələrinin payına isə çox kiçik pay düşür:
“Söz yox ki, qiymətlərin tənzimlənməsi müəyyən probemlər də yaradacaq. Amma biz bu problemlərdən qorxmamalıyıq, bu işimizi davam etdirməliyik. Sözsüz ki, sonda yaxşı nəticə əldə olunacaq. Məqsədimiz odur ki, ölkə əhalisinə satılan dərmanlar birinci növbədə keyfiyyətli olsun, ikinci növbədə isə onların qiymətləri aşağı olsun. Tarif Şurasının qərarına baxdıqda görmək olur ki, qiymətləri bir necə dəfə düşən dərmanlar var. Çox baha qiymətə olan dərmanları varsa, onların qiymətləri süni qaldırılıbsa, təbii ki, biz onların bazarda olmasının tərəfdarı deyilik”.