Martirosyan niyə Azərbaycana qaçdı? - Şok detallar
18-09-2015, 17:00
Niyə Almaniya, Fransa yox, məhz Azərbaycan?...
Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri, müxalifətçi Vaan Emilyeviç Martirosyanın Sarkisyan rejimindən qaçaraq Azərbaycana sığınması günün müzakirə mövzusudur. Bu barədə sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirlir, onun bu addımında gizli məqamların olduğu iddia edilir.
Bu gün Bakıda keçirilən mətbuat konfransında erməni müxalifətçi Azərbaycana qaçış səbəbini mövcud rejimin ailəsinə qarşı təzyiqləri ilə əlaqələndirib: “Bura gəlməkdə məqsədim övladlarımı, ailəmi xilas etməkdir. Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir edib”.
Azərbaycanda mehribanlıqla qarşılandığını deyən Martirosyanın ölkəmizə sığınmasının əsl səbəbi nədir?
Bu və digər suallara `Atlas` Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavab tapmağa çalışıb.
Politoloq erməni müxalifətçinin Azərbaycana qaçmasında gizli məqamların olduğunu gizlətməyib.
-Ermənistan `Milli Azadlıq Hərəkatı` təşkilatının rəhbəri Vaan Martirosyanın Azərbaycana gəlməsi barədə xəbərini eşitdikdə birinci reaksiyam belə oldu: Martirosyan bu qədər işgəncə qarşılığında niyə Avropa dövlətlərinin birindən sığınacaq almaq istəməyib, axı sadaladıqları işgəncə faktlarına görə o buna asanlıqla nail ola bilərdi? Bu sualın iki cavab variantı var: Ya Martirosyan "riskə gedib" Azərbaycana sığınmaqla nifrət etdiyi Serj Sərkisyan rejiminə zərbə vurmaq istəyib, ya da bu qaçış strateji bir planın tərkib hissəsidir. Nəyi nəzərdə tuturam? ABŞ bölgədə müharibədə maraqlı deyil, azərbaycanlılarla ermənilərin barışmasını istəyir. Bu anda Ermənistanda incidilən siyasi və ictimai xadim Azərbaycana pənah gətirir. İlk baxışdan bu gəliş Azərbaycanın xeyrinədir. Bütün dünyaya nümayiş etdiririk ki, 1) Sərkisyan rejimi despotikdir, Martirosyan nümunəsində göstəririk ki, opponentlərini əzir. 2) Azərbaycana hörmətlə yanaşan ermənilərlə problemimizin olmadığını nümayiş etdiririk. Sonuncu bənd bizim "Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan Konstitusiyası çərçivəsində bütün hüquqları verməyə hazırıq" tezisimizi də gücləndirir.
E.Şahinoğlu hesab edir ki, erməni fəalın Azərbayan gəlməsində başqa dövlətlərin əli istisna deyil
-İndi keçək bu gəlişin alt qatlarına. Martirosyanın ardınca başqa ermənilər də Azərbaycandan siyasi sığınacaq istəsələr, onlarla nə edəcəyik? Sualı belə də qoymaq olar: Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə bu ermənilərdən necə istifadə edəcəyik?
Əlbəttə işğalçı Ermənistana qarşı təbliğatımızda bu ermənilər bizim işə yarayacaq. Ancaq Azərbaycana pənah gətirən ermənilər eyni zamanda əl-qolumuzu da bağlaya bilər.
Məsələn, Martirosyan mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda referendum keçirilsə əhali Azərbaycanı seçər. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Ancaq əgər belədirsə, ətraf rayonları güc yoluyla azad etmək istəyiriksə, həmin amerikalılar bizə deyəcəklər ki, "görürsüz Martirosyan da deyir ki, Qarabağ erməniləri Sizə üstünlük verirlər, ona görə onları ələ alın".
Buna görə məndə belə bir şübhə var ki, Martirosyanın Azərbaycana pənah gətirməsi okeanın o tayındakı beyin mərkəzlərinin hazırladığı strateji bir ssenarinin tərkib hissəsidir. Məqsəd bölgədə mümkün müharibənin qarşısını almaqdır. Bir daha sual edirəm: Almaniya və Fransada siyasi sığınacaq almaq imkanı varkən, Martirosyan niyə Bakını seçdi?
Ancaq bütün hallarda kənarda hazırlanan "strateji plan" nə olursa-olsun Sərkisyandan qaçan ermənilərin Azərbaycanda qəbuluna müsbət baxıram. Birincisi, təbliğat müharibəsində işimizə yarayır, ikincisi Martirosyanın gəlişi Azərbaycanın Dağlıq Qarabağdakı erməniləri yox etmək kimi bir planının olmadığını, tam əksinə birgə yaşayamaq formulunu dünyaya göstərmək üçün yaxşı nümunədir.
Qeyd edək ki, Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb.
“Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, Vahan Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.
Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”.