Milli Qəhrəman deputatlığa namizədliyini irəli sürdü
21-09-2015, 17:20
Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev parlament seçkilərində iştirak etmək fikrindədir. Bu haqda Modern.az saytına Milli Qəhrəman özü məlumat verib:
“Seçkilərdə iştirakla bağlı qəti qərara gəlmişəm. Namizədliyimi 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən irəli sürmüşəm. Namizədliyimi irəli sürməkdə məqsədim müharibə veteranları, şəhid ailələri, eyni zamanda milli qəhrəmanların hüquqlarını müdafiə etməkdir. Ancaq insanların bu addımımı necə qiymətləndirəcəklərini söyləyə bilmərəm”.
V.Quliyev 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1974-76-cı illərdə Sovet Ordusunda xidmət edib. 1976-81-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə təhsil alıb. Əvvəlcə müəllim işləyib, daha sonra hərbi zavodda çalışıb.
Vahid Quliyev 1992-ci ilin avqust ayında könüllü olaraq zabit kimi döyüş xəttinə yolllanıb. O, Ağdam istiqamətindən döyüşə girib. Daha sonra onu Qubadlı cəbhəsinə göndəriblər. Döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarıb.
V.Quliyev döyüşlərə atılandan atəşkəs elan olunana kimi ermənilərin 10 tankını təkbaşına məhv edib.
Prezidentin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə, Vahid Həbibulla oğlu Quliyevə «Azərbaycanın Milli Qəhrəmanı» adı verilib.
O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib.
Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.