Yaltaqlıq, qorxaqlıq və... - Bu xüsusiyyətlərimizi köhnə ildə qoyaq
31-12-2023, 15:58
2023-cü ili yüksək əhval-ruhiyyə ilə yola salırıq. Daha "növbəti ili Xankəndidə, Xocalıda qarşılayaq" deməyə ehtiyac qalmayıb. Qanı qanımızdan, canı canımızdan olan xeyli soydaşımız Yeni ili Xankəndi, Xocalıda qarşılayır. Xankəndi, Xocalı, Ağdərə Azərbaycan əsgərinin nəfəsi ilə isinir...
İl ildən uğurlu gəlir. İnşallah, gələn il Cəbrayıldan, Füzulidən, Zəngilandan olan yüzlərlə ailə Yeni ili öz ata-baba yurdunda qarşılayacaq. Yurdumuza sülh, əmin-amanlıq gələcək. Top, mərmi səsindən qorxub yurddan uzaq düşən Qarabağ bülbülləri yenidən doğma ağacların başında cəh-cəh vuracaq.
Hələ bunlar nədir ki...
Arzularımız kimi özümüz də dəyişməli, inkişaf etməliyik. 44 günlük Vətən müharibəsindən sonra belə yazmışdım: "Şəhidlərimizin canı, qanı bahasına işğaldan azad olunan bu torpaqları rüşvət və korrupsiya ilə murdarlamağa heç kimin haqqı yoxdur!"
Düzdür, bu cür nanəcib əməllərdən əl çəkməyənlər var. Sabah da olacaq. Necə ki, dünən də olub. Dünya binə olandan insan öz nəfsi ilə mübarizə aparır. Nəfsinə əsir düşənlər ona qalib gələnlərdən həmişə çox olub. Mən yazmasam belə bunun gerçək olduğunu siz hamıdan yaxşı bilirsiniz...
Biz informasiya əsrində yaşayırıq. Dəyişmək, inkişaf etmək başlıca vəzifəmiz olmalıdır. Amma bu dəyişiklik yalnız xarici görünüşümüzü əhatə etməməlidir. Daxili aləmimizin də dəyişməsinə, yenilənməsinə ehtiyac var. Şəxsən mən azərbaycanlıların bəzi mənfi cəhətləri, xüsusiyyətləri köhnə ildə qoymasını arzulayıram.
Qarabağı azad edən, Xankəndidə bayrağını dalğalandıran xalqın nümayəndələrinə qorxaqlıq yaraşmır. Beş-üç manat pula, bapbalaca bir vəzifəyə görə bir ömür boyu qorxa-qorxa yaşamaq əzabdır, olmazın əziyyətdir. Gəlin, içimzidəki qorxu hissini köhnə ildə dfən edib yeni ilə daha cəsur addımlarla qədəm qoyaq...
Yaltaqlıq qorxaqlıqdan da pis xüsusiyyətdir. İnsanı qurd kimi içəridən yeyir. Kişini arvad, atanı övlad yanında başıaşağı edir. Gəlin, bu mərəzdən birdəfəlik xilas olaq, onu 2023-də dəfn edib üstünə də beş-altı "KamAz" daş-çınqıl tökək...
Bayram günü olduğu üçün heç kimi incitmək istəmirəm. Biz hamımız bir ağacın budaqlarıyıq. Yuxarıda ürək ağrısı ilə bəhs etdiyim neqativ xüsusiyyətləri çoxumuzun xarakterində müşahidə etmək mümkündür. Birimizdə az, birimizdə çox. Aydın məsələdir ki, heç birimiz süddən çıxmış qaşıq deyilik...
Bunu da yazım, gedək Yeni ili qarşılamağa: Lütfən, 2024-də səmimi olaq. Heç kim bizdən özümüzü intellektual göstərməyi tələb etmir. İntellektual cəmiyyətin kitab mağazalarında milçəklər qol-qanad açmaz...
Elzadan, Rəksanədən, Türkandan, Vəfadan yazanda əsəbləşməyin. Guya Azad Mizəcanzadədən, Lütfi Zadədən, Rafiq Əliyevdən yazanda oxuyursunuz? Toyda qarşılaşanda mənə salam vermirsiniz, amma başqa vaxt bəyənmədiyiniz Rəksanənin qabağına qaçıb şəkil çəkdirirsiniz...
Demirəm e çox dəyişək. Deyirəm ki, özümüz olaq...
Bayramınız mübarək!
Seymur VERDİZADƏ