QURUT

1-01-2024, 16:54           
QURUT
Atamın ən yaxın dostu, sirdaşı idi.
Universitetdə bir oxumuşdular.
40 ilə yaxın dostluq etdilər.
Atamdan əvvəl köçdü dünyadan İsmayıl Vəkilov.
Anamla İsmayıl Vəkilovun həyat yoldaşı isə onlardan 2 kurs aşağı oxuyur, tələbəlik illərindən rəfiqə idilər.
Hər il 31 dekabrda İsmayıl Vəkilov səhər bizə xəngəl yeməyə gələrdi.
Yoldaşını gətirməzdi, çünki o, öz evində Yeni il axşamı üçün hazırlıq görürdü.
Xəngəl qonaqlığından sonra evə yatmağa gedərdi ki, axşam qalxıb ailəsi ilə bayramı qeyd etsin.
Çox baməzə idi, zarafatından doymaq olmurdu.
***
Məşhur Sovet filmini xatırlayırsız.
Hər il Yeni il axşamı o filmi verirdi Mərkəzi televiziya.
“Taleyin ironiyası və həmişə təmizlikdə” filmindəki məşhur “Hər il dekabrın 31-də dostlarımızla hamama gedirik. Bu, bizdə bir ənənədir” sözlərini bilməyən yox idi.
Tələbə dostlarımızla bu filmdən sonra “Bir ənənə də biz qayıraq” dedik.
Dedik ki, hər il 31 dekabr səhər tezdən “pomidor-yumurta+konyak” qonaqlığı düzəldib, Yeni ilimizi təbrik edək, sonra da evə qayıdıb ailəmizlə Təzə ili qarşılayaq.
Danışdıq, vədələşdik.
31-i səhər evdən çıxırdım ki, qapının zəngi çaldı.
İsmayıl dayı idi, ilk sözü sən hara gedirsən oldu. Dedim ki, “pomidor-yumurta qonaqlığına…bayramlaşmağa”.
Təəccüblə üzümə baxıb, “Yumurta nədi a bala? Yeni ildə səhər xəngəl yemək lazımdır. Qazaxlı döysənmi sən?” dedi və əlavə elədi: “Adam gərək ənənələrə sadiq qalsın”…
Anam da getməyimi istəmirdi.
Getmədim, evdə qaldım.
İsmayıl dayı elə bildi ki, onun sözünü yerə salmamaq üçün vaz keçdim,
anam isə düşündü ki, onun sözündən çıxmadım.
Ancaq mən “ənənə” sözünə görə getmədim, o söz məni yaman tutmuşdu.
“Ənənə” axtarırdım, baxdım ki, gül kimi hazır “ənənə” var.
O gün “ənənə” məni nəsə açmadı.
Çünki qulluq elədim böyüklərə – apardım, gətirdim, bezdim bir sözlə…
Dostlarıma gəlməyəcəyimi xəbər də edə bilmədim ¬– cip telefonu hələ çıxmamışdı…
“Ənənə”nin necə yaxşı bir şey olduğunu isə düz bir sonra – növbəti 31 dekabrda anladım.
Anam dostlarımı səhər tezdən evə xəngələ dəvət elədi.
Atam, İsmayıl dayı, mən və üç dostum gözəl bir gün keçirdik.
İsmayıl dayı kiməsə zəng vurub, bizim evin yolunu başa saldı.
Günorta bir aşıq əlində saz qapının zəngini çaldı…
O gün xəngəl qonaqlığı yumşaq bir şəkildə Yeni il süfrəsinə keçdi.
***
Ay yarım əvvəl Bakıda idim.
Bir dostumun bağına toplanmışdıq.
Bacısı “Qazağa getmişdim, sənə 3 baş qurut, kəkotu və yemşan gətirmişəm” dedi.
Axşam gedəndə yaddan çıxdı.
Dostum F. dedi ki, eybi yox, dekabrın 4-ü İstanbula gəlirəm, gətirəcəm.
Gətirmədi, unutdu, başqa gələn də olmadı.
Qaldıq qurutsuz.
Dünən axşam yoldaşım dedi ki, balaca bir qurut var, ancaq daş kimidir.
Bu sabah ilin son marafonuna çıxdım.
Qayıdanda baxdım ki, qurudu çəkiclə qırıb, sonra da blenderdən çəkib.
Ənənə pozulmadı.
Mutlu oldum.
Xəngəl genetik kodlardır;
xəngəl sazdır, “İncəgülüdür”,
qımqımadır, nənələrin laylayı, bayatılarıdır;
xəngəl dastanlardır;
xəngəl qıpçaqlıqdır, qaçaqlıqdır, mərdlikdir, əfəndilikdir, asilikdir…
“Ənənə” ciddi məsələdir…
İbrahim Nebioğlu
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.