Atam o pulu heç vaxt qaytara bilməyəcək, - dedi və ardınca hıçqıraraq: - Atam şəhid olub...
3-01-2024, 00:07
Bu gün dərs olacaq bir hadisəni yaşadım... Əslində, bu, real həyatımızın içimizə çökmüş bir reallığı idi, yeni bir povestimin mövzusu oldu... Amma... Deməli belə: "Araz market"dən isti təndir çörəyi alırdım... Sonra kassaya yaxınlaşdım, gördüm, nəsə süni növbə yaranıb... Belə ki, bir qız uşağı evə çörək, şəkər və çay, sabun, kofe almışdı, amma ödəmə kartında vəsait olmaması səbəbindən kassir silinmə apara bilmirdi... Məcburən növbədən çıxıb kassaya yaxınlaşdım, qızcığazın yanında dayandım, kassir xanımdan bir daha problemin səbəbini soruşdum. "Ödəmə kartındakı məbləğdə kifayət qədər pul vəsaiti çatmır...", - deyə gileyləndi. Soruşdum ki, nə qədər vəsait çatmır? Məlum oldu ki, 3 manatdır... Dedim, xanım, o pulu mən ödəyərəm, o qızı biraxın, tələsirik, növbə çox uzandı axı...
Borclu qız üzümə baxdı: "Yox, istəmirəm, kassa aldığım ərzaqdan ikisini çixsın...", - deyib kassirə hirsli nəzərlərlə baxdı. Vaxt itirməmək üçün, həm də qızcığazı yola gətirmək bəhanəsi ilə dedim, qızım, eybi yox, mən ödəyim, siz gedin... Qızcığac bu dəfə lap əsəbi halda: - Yox, istəmirəm, - deyəndə, onu yola gətirmək üçün bir daha: - Qızım, narahat olma, telefon verərəm, atan 3 manatı mənə qaytarar, - deyə onu sakitləşdirməyə çalışdım... Qızcığaz mənə tərəf mehribanlıqla baxdı... "Sağ olun" demək istədiyi baxışlarından sezilirdi... Amma cəld əlini ərzaq "kulok"una atdı, aldığı ərzaqlardan ikisini kassirin qarşısına ataraq: -Əmi, sağ olun, amma atam sizə o pulu qaytara bilməyəcək...", - deyib aldıqlarını götürüb kassadan aralaşdı... Kassada növbə gözləyən çoxsaylı əsəbi müştərilər isə gülərək: - Bir buna bax, hələ bir...- deyib ardınca gileyləndilər... Qadınlardan biri: - Ay qızım, sizə borc verirlər, niyə əsəbləşirsən axı, atan gəlib qaytarar dəə, niyə imtina edirsən???- deyəndə qızcığaz ani olaraq dayandı, dərindən nəfəs alıb qəribə, özü də məğrur baxışları ilə bayaqdan onu tələsdirməyə səsləyənlərə üzünü çevirdi, yaşarmış gözlərini balaca əlləri ilə silib: - Atam o pulu heç vaxt qaytara bilməyəcək, - dedi və ardınca hıçqıraraq: - Atam şəhid olub...- deyib gözdən itdi...
Hamı kassanın yanında donub qalmışdı... Heç kim evə aparmaq istədiyi ərzağa əl vurmaq istəmirdi...
Asif Merzili
Teref: Xocanin Blogu