“Ey Firdovsi, qalx, küfr etdiyin türkü gör”
4-01-2024, 15:44
Əbülqasim Firdovsi 932-936-cı illər arasında Xorasanda Tus şəhərinin yaxınlığında dehqan ailəsində anadan olub. Gənclik illərindən məlumat olmayan Firdovsinin yaxşı təhsil aldığı bildirilir. Şair kimi formalaşan Firdovsi Sultan Mahmudun sarayına düşə bilir.
Tarixi mənbələrdə deyilir ki, Qəznəvilər imperiyasının xaqanı Mahmud Qəznəvi şairlərə və bilginlərə çox böyük sayğı göstərərdi. Hər il onlara toplam 400 mindən artıq altun axça verərdi.
Firdovsi və Sultan Mahmudun münasibətləri, "Şahnamə" əsərinin yazılması haqqında olan məlumatların çoxu rəvayətdir. “Şahnamə”nin sultanın sifarişi ilə yazıldığı güman olunur.
Firdovsi “Şahnamə”yə ömrünün 30 ilini sərf edir. “Şahnamə” poeması İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir. Bu əsər 60.000 beytdən ibarətdir və əfsanəvi İran-Turan müharibələrindən bəhs edir. Belə rəvayət olunur ki, Sultan Mahmud əsərin hər beytinə bir qızıl pul verəcəyini söz verir. "Şahnamə"ni oxuyan Sultan Mahmud əsəri bəyənmədiyinə görə Firdovsiyə hər beyt üçün qızıl yox, gümüş pul verir.
Bu hadisədən sonra Firdovsi sultana həcv yazaraq öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və qocalanadək vətəndən kənarda ömür sürür.
Ömrünün sonlarına yaxın, lap qoca yaşlarında Firdovsi öz elinə, obasına qayıdır. Bu zaman artıq sultan şairin poemasını layiqincə qiymətləndirmişdi və ona külli miqdarda qızıl pul ayırmışdı.
Sultan biləndə ki, Firdovsi vətənə qayıdıb, qızıl pulları dəvələrə yüklədərək şairin yaşadığı şəhərə yollayır. Ancaq...
Sultan Mahmud Qəznəvinin "Şahnamə" üçün Firdovsiyə söz verdiyi qızıllar şəhərin bir darvazasından daxil olarkən Firdovsinin nəşi bağında dəfn olunmaq üçün gördüyünüz darvazadan buraya gətirilir.
1020-ci ildə vəfat edən Firdovsi müsəlman qəbiristanlığında yox, şəxsi bağında dəfn olunur.
Əbülqasim Firdovsinin bu bağda dəfn olunmasının maraqlı tarixçəsi var. Deyilənə görə, dövrünün islam alimləri Firdovsinin İslam qaydalarına uyğun həyat yaşamadığını, İslam qaydalarına uyğun əsər yazmadığını deyirlər. Buna görə də onun müsəlman qəbiristanlığında dəfn edilməsinə qarşı çıxırlar. Bundan sonra qızının məsləhəti ilə Firdovsi bu bağda dəfn olunur.
Firdovsinin müsəlman qəbiristanlığında dəfn olunmasına qarşı çıxılması müxtəlif cür izah olunur. Bu versiyalar “Şahnamə”nin yazılması və hər beytə görə qızıl və ya gümüşün verilməsi məsələsini də izah edir.
Bəzi tarixçilər Firdovsinin “Şahnamə”ni yazandan sonra Sultanın yanına gəldiyini və hökmdarın əsəri oxumadan ona mükafat verməsini yazır. Saraya gələn Firdovsi sultandan kömək istəyir, o isə şairin qiymətləndirilməsini hətta əyanlara tapşırır və ümumiyyətlə əsərdən xəbərdar olmur.
Saraya gələn Firdovsi farsların tərif olunduğu “Şahnamə”yə yalnız Mahmud Xaqana etdiyi mədhi artırır ki, hökmdar ona yaxşı mükafat versin.
Başqa bir versiyada isə Firdovsinin “Şahnamə”ni Sultan Mahmudun fars vəzirinin verdiyi məlumatlar və göstərişlər əsasında yazdığı bildirilir. Firdovsi və həmin vəzirin farsların “Şüubiyə” adı ilə məşhur olan ictimai-siyasi hərəkatının üzvü olduğu, bu səbəbdən də əsərin türklərə və Turana qarşı düşmən münasibətdə yazıldığı vurğulanır. “Şüubiyə” hərəkatı fars irqçiliyini təbliğ edirdi.
Qeyd edək ki, Firdovsi ömrünün sonunda yazdığı “Yusif və Züleyxa” əsərinin başlanğıcında “Şahnamə”ni özündən uydurub yazdığını boynuna alır, orada danışılan nağılları büsbütün yalan hesab edir.
“Bütün o nağıllar (“Şahnamə”dəki nağıllar) yalandır, iki yüz o qədər nağıl bir ovuc torpağa dəyməz”.
“Mən o adları hiylə ilə düşünərək uydurmuşam”.
“Şahnamə”ni yazdığına görə peşman olan Firdovsi qocalıq dövründə kasıb həyat tərzi keçirir. Şairin məzarı bir müddət gizli qalır. Onun dəfn olunduğu yer şairin müasiri olan yazıçının əsərində qeyd olunduğundan məzarı müəyyənləşdirmək mümkün olur və məzar üzərində bu abidə düzəldilir.
Əmir Teymur İranı fəth etdiyi zaman “Şahnamə”də türkləri pisləyən Firdovsinin məzarına gəlir və məzarı ayağıyla vuraraq bu sözləri söyləyir:
“Ey Firdovsi, qalx, qalx da, hər sətrində pislədiyin məğlub türkü indi gör!
Qalx da küfr etdiyin, küçümsədiyin türkü gör!
Qalx, qalx da bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi?
Bağdaddan bu yatdığın yerə qədər fars sağ qoymadım!
Topal ayağımın dəydiyi yerdə ot bitməz oldu..."
Teref: Xocanın Blogu