“Xalq artisti zəng edib onu şantaj edirdi, qardaşları incidirdi ki, başımızı aşağı etmisən..."

5-01-2024, 09:24           
“Xalq artisti zəng edib onu şantaj edirdi, qardaşları incidirdi ki, başımızı aşağı etmisən..."
O Azərbaycan teatr və kino sənətinin ən məşhur simalarından biri idi. Doğum günündən 1 həftə öncə əbədiyyətə qovuşan aktrisa, xalq artisti Səfurə İbrahimovanı xatırlayırıq. Bu gün sevilən aktrisanın 85 yaşı tamam olur.

Moderator.az ömrünü tənhalıqla başa vuran, bəxtsiz qadın aktrisalarımızdan biri olan Səfurə xanımı dayısı qızı Nailə Səlimova ilə birgə xatırlayır. Qeyd edək ki, Nailə xanım tanınmış müğənni Samirə Yusifqızının anasıdır.

"Səfurə mənim doğma bibimin qızıdır. 14 nömrəli məktəbdə oxuyurdu. Həsən Turabov, Eldəniz Zeynalov da onunla birlikdə həmin məktəbdə təhsil alırdılar. Çox adam istəyirdi onu. Kubinkada qonşuluqda yaşayırdıq. Səfurəyə elçi gələndə bibim bizi də çağırırdı. Elçiləri qapıdan qaytarırdı. Deyirdi ki, "mən hələ oxuyuram, ərə getmək istəmirəm". Elə bir gün yox idi ki, ona elçi gəlməsin. O qədər gözəl, ağıllı, yaraşıqlı, tərbiyəli, əxlaqlı qız idi ki. Tibb universitetinə sənədlərini verdi, amma kəsildi. Sənədlərini götürüb İncəsənət universitetinə verdi. Verən kimi də daxil oldu. Universiteti bitirməmiş onu Akademik Milli Dram Teatrına aktrisa təyin etdilər. Teatrın səhnəsində çox gözəl rollar oynayırdı. Hər dəfə də premyera günü bizi dəvət edirdi. Gedib baxırdıq, ləzzət alırdıq. Heç kəsi bəyənmədi, ildən-ilə elçilərin də ardı-arası kəsildi. Yaş da keçirdi. O vaxt aktrisaya, müğənniyə bir az pis baxırdılar. Neçə dəfə qardaşları onu az qalmışdı ki, döysünlər ki, bizim başımızı aşağı etmisən. Hətta üstünə balta da çəkmişdilər. Heç cür fikrindən dönmədi. Rəcəb adlı bir fanatı var idi. Səfurədən 11 yaş kiçik idi. Amma onun dərdindən dəli-divanə olmuşdu. O qədər sevirdi Səfurəni. Dəstə-dəstə güllərlə tamaşalarına gedirdi. Rəcəb hüquq fakültəsində oxuyurdu. Gəlib-getdi, əl çəkmədi. Çox göyçək, tərbiyəli bir oğlan idi. Nəhayət Səfurə razı oldu. Ona iki gün toy etdik. Birinci gün bütün teatr gəldi. İkinci günü dedi ki, "arzum var, mənim üçün qız toyu edin". Onun üçün qadınlardan ibarət qız toyu da etdik. Getdi Rəcəbin evinə. Gedəndən 3-4 ay sonra Rəcəb universiteti bitirdi. Sonra onu xarici ölkəyə göndərdilər. Nə illah etdi Səfurə onunla getmədi. Dedi ki, "mən sənətimi heç nəyə dəyişmərəm". Xoşbəxtliyini, ailəsini sənətinə qurban verdi. Rəcəb son dəfə ona dedi ki, "gedirəm, arxamca gələrsən". Rəcəbə demişdi ki, "get sənə yaxşı yol"

Belə-belə Rəcəb də soyudu ondan. Rəcəb sağdırsa Allah ona ömür versin. Bu gün yəqin ki, 75 yaşı var. Onu bilirəm ki, Rəcəb Bakıdadır, məsul vəzifədə işləyir, amma harada yaşadığını bilmirəm. O Səfurədən sonra ailə həyatı qurub, övladı da var, nəvəsi də. Rəcəbdən sonra Səfurə heç vaxt evlənmədi. Ömrünün axırına qədər nə bir kişiyə "hə" dedi, nə də ki, kiməsə tamah saldı. Nailə Səlimova xalq artistinin insanlardan uzaq gəzməsinin, özünə qapanmasının səbəbini də ilk dəfə açıqlayıb."Samirənin xətrini çox istəyirdi. Bir aya yaxın qızım onun evində qalıb. Ona heç kim baxmırdı. Çünki yanına heç kəsi buraxmırdı. Vallah qapını açsaydı yaşımın çoxluğuna baxmazdım, özüm gedib qulluğunda dayanardım, bacı olardım ona. Səfurənin tərkidünyalığının səbəbi də var idi. Bunu ilk dəfə sizə açıqlayıram. Demək o bir dəfə bir gəncin İncəsənət Universitetinə daxil olmağına kömək etmişdi. Aktrisalardan biri bunu eşitmişdi. Xalq artisti idi. Telefonu götürüb, səsini dəyişdirib, ona zəng edib demişdi ki, "bunu yuxarılara deyəcəyik, sən rüşvət alıb iş görmüsən". Bu zəngdən sonra o çox qorxdu. Əlləri qıc olmuşdu, hərəkətini itirmişdi. Elə qorxmuşdu ki, özünə qapanıb, hamıdan uzaqlaşmışdı. Ondan sonra qapını heç kimə açmırdı, o aktrisanın adı gələndə qorxurdu. Havalanmışdı. Teatrdan aktyorlar zəng edib deyirdilər ki, gəlin pulunuzu götürün. Qorxudan heç nə qəbul etmirdi. O qədər pulu, evi olan insan yıxılıb, döşəmənin üstündə qalmışdı. Səfurə sənət fədaisi idi. Heyf ondan. İncəsənətimiz böyük bir aktrisasını itirdi"

Müğənni Samirə Yusifqızı da Səfurə İbrahimova ilə bağlı xatirələrini bizimlə bölüşüb. "Uşaqlıq illərindən get-gəlimiz olub. Səfurə xanımın bacısı Rübabə bizə daha yaxın idi. Toylarda nağara çalırdı. "Sevil" filmində Dilbəri oynayanda Həsənağa qardaşı üstünə balta çəkmişdi. Onu öldürmək istəyirdilər. Qaçıb bizə gəldi. Atama dedi ki, "ay dayı, qoyma Həsənağa məni öldürür". Atam onları başa saldı ki, bu aktrisadır, hər rolu oynaya bilər. Təmiz, namuslu qadın idi. Bir sevgisi var idi, o da Rəcəb. Onun evində qalanda şeyin şahidi oldum ki, Səfurə xanım ancaq xatirələrlə yaşayır. Bir sözü indiyə qədər yadımdadır. Deyirdi ki, "Samirə, qızım, hər şeyə döz, it olsun, qurd olsun, nə olursa-olsun evdə kişin olsun. Kişisiz qadına küçədən keçən it də hürür". Səfurə xanım bir toyuqu 4-5 yerə bölüb, onu bir dəfəyə bişirib yeyirdi. Soyuducuda yemək qaldısa onu yemirdi. Hər şeyi az-az alırdı. Ömrünün son illərində yaddaşını itirmişdi.. Hətta jurnalistlər ona mənimlə bağlı sual ünvanlayanda demişdi ki, "Samirə kimdir? Samirəni tanımıram". Biz qan qohumuyuq, qohumluğu axı silib atmaq olmur. Yeri gələndə öz bacısını da heç tanımırdı.. Ömür boyu güclü sənətkarı vurmağa çalışıblar. Səfurə xanım da dahi aktrisa idi. Həm də gözəl idi. Təsəvvür edin ki, görün onun nə qədər sevməyəni, paxıllığını çəkəni var idi. Bizim sənətdə paxıllıq adi bir şeydir. Paxıllıqla qadının həyatını yedilər. O qədər gözəl idi. Bu gün onu heç kim yada salmır. Görün bir dəfə adını çəkirlər? Ölməyəsən, öldünsə hər şey boşdur" deyə müğənni bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.