29 YANVAR - ANTON ÇEXOVUN DOĞUM GÜNÜ
30-01-2024, 12:08
Dünyada qəbul olunan 10 rus yazıçısı götürsək 10-dan biri, 5 rus yazıçısı götürsək 5-dən biri olan Çexov (1860-1904) dünya, rus və rus sovet ədəbiyyatına, dolayısıyla Azərbaycan ədəbiyyatına yetərincə böyük təsir göstərib.
Məhz indi, Qanlı 20 Yanvar da daxil olmaqla başımıza gətirilən Qarabağ epopeası, Rusiya-Ukrayna müharibəsi və rus dəstəkçilərinin çox olması səbəbindən antirus ovqatın geniş yayılması vaxtı, bu böyük rus yazıçısının doğum gününündə bir neçə söz deməyi özümə borc bilirəm.
Əsərləri 100-dən çox dilə tərcümə olunan, dünyanın ən tanınan dramaturqlarından biridir - “Qağayı”, “Üç bacı” və “Albalı bağı” pyesləri yüz ildən artıqdır ki, aparıcı dünya teatrlarının səhnələrində baxılır. Qısa, cəmisi 25 illik yaradıcılığı ərzində Çexov beş yüzdən çox müxtəlif əsər – oçerk, felyeton, hekayə, novella, pyes yazıb.
Önəmli bir cəhətini vurğulayım - “siyasətə qarışmayan” olmayıb, əksinə, ədəbi və publisistik əsərlərində kasıb rus kəndli və fəhləsinin həyatıni, varlıların zülmünü, pulun pozucu gücünü təsvir etməklə və kənd həkimi fəaliyyətiylə yanaşı, uşaqlara, quraqlıqdan aclıq çəkən kəndlilərə, vərəm xəstələrinə yardım edib, xeyriyyəçilik fəaliyyətinə qələmi, nüfuzuyla önəmli dəstək verib.
Bir söz, açıq desəm, hakimiyyətə yaltaqlanan, “mən çarımın/imperatorumun/dövlətimin (prezidentimin) yanındayam"-zad deyənlərdən olmayıb, əksinə, yaltaqlığı ifşa və gülüş hədəfi edib. Bunu bilmək üçün elə birçə “Məmurun ölümü” (1883), “Unter Prişibeyev” (1885), "Qılaflı adam" (1898) və b. belə hekayələri oxumaq yetər.
Sovet vaxtı hekayələri azərbaycandilli məktəblərin də ədəbiyyat proqramlarına salınmışdı, əlbəttə, daha çox sosial-siyasi yüklü, sovet ideolojisinə uyğunları. Amma hekayə ustası olan Çexovun yaradıcılığı böyük və çoxşaxəlidir, çox maraqlı, dərin və Love Story-ləri və b. siyasətdən uzaq əsərləri də var. Əkrəm Əylislinin "Ürək yaman şeydir" yazmağından 80-100 il əvvəl "İnsan ürəyi qəribə şeydir, qadın ürəyi isə xüsusən" yazıb.
Tərcümənin keyfiyyətini bilmirəm, amma sovet vaxtı Çexovun əsərləri Azərbaycan dilinə yetərincə çevrilib və işin yaxşı olmağına ümid yenə də ideoloji nədəndən çoxdur.
Çexovun 100 il əvvəl gənc yazıçılara verdiyi peşəkar məsləhətlərinin, - məsələn, "Uzun-uzadı təsvirlər oxunmur", "Yazdığın hekayənin birinci abzasını kəs at, birbaşa ikincidən başla", "Qısalıq istedadın bacısıdır", - indi də çox dəyərli olması öz yerində, köhnəlməməsinin daha bir maraqlı sübutu kimi “Дядя Ваня” pyesindən bir qəhrəmanın, hələ gənc, otuz yaşlı ziyalı kişinin ürək yanğısıyla dediyi sözləri sitat gətirmək istəyirəm:
“Özgə payını çox yemişəm, az iş görmüşəm, həyatda yerimi tapmamışam! Pis şerlər yazmaq bacarmıram, heç istəmirəm də!”...
Anton Çexovun böyük humanist olmaqla yanaşı, antisemit, şovinist çalarlı ya meylli sayılacaq 3-4 hekayəsi də var, oxumuşam. Amma Rusiyadakı şovinist təbliğata uyan, başı qaçaraq müharibəni dəstəkləyən adamların ağlını yerinə yenə də Çexov kimi böyük yazıçıların əsərləri qaytaracağına inanıram.
Ruhun şad olsun, ustad!
Cingiz Sultansoy
TEREF: Xocanın Blogu