Heteredoks İslam və Qızılbaşlıq
31-01-2024, 17:48
Qızılbaşlıqla bağlı əvvəlki iki yazımızda qeyd etmişdik ki, islamiyyətin bu coğrafiyada yayılması zamanı geniş xalq kütlələri İslam dini ilə özlərinin qədim inanclarını eyniləşdirərək sadə bir müsəlman həyatı yaşayırdılar. Yəni, türklərin əsas hissəsini təşkil edən köçərilər yeni qəbul etdikləri dini kitabi əsaslarla (ortodoks İslam) deyil, şifahi şəkildə qədim inanclarından mənimsədikləri elementləri də qarışdıraraq qəbul etdilər. Müasir terminlə Heteredoks islam adlanan bu din zamanla türk sufizminin ilham qaynağı olacaqdı.
Heterodoks İslamın əsas yayıldığı areal Xorasan və Maüvərrənəhr kimi köçəri türklərin sıx yaşadığı ərazilər idi. Təsadüfü deyil ki, Əməvi ərəb hakimiyyətinə qarşı başlanan ilk üsyanlar da (daha sonra xürrəmilik) Xorasan mərkəzli olmuşdur. İslamda yaranan iki təsəvvüf mərkəzlərindən biri də məhz Xorasan (digəri Bağdad) idi. Əməvilər zamanı Xorasanın ərəblər tərəfindən fəth olunması və əməvi iqtidarına müxalif olan qrupların (şiələr və xaricilər) da bura köçürülməsi bölgədə türklər və ərəblərin qaynayıb-qarışmasına, hakimiyyətə qarşı ideoloji cəbhədə birləşməsinə güclü təsir göstərdi. Nəticədə bu proses Xorasan bölgəsinin islamlaşmasına və köçəri türklərin heteredoks islamı mənimsəməsinə şərait yaratdı.
Heteredoks islamın ilk dəfə siyasi səhnəyə çıxışı Əbu Müslüm Xorasaninin başlatdığı üsyanlarla gerçəkləşdi. Əməvi hakimiyyətinə qarşı məvalilərin (ərəb olmayan müsəlmanların) üsyanına rəhbərlik edən və Abbasiləri hakimiyyətə gətirən Əbu Müslüm islamın içində tənasüh anlayışını yerləşdirərək heteredoks islamın təməllərindən birini atmış oldu. Abbasiləri hakimiyyətə gətirəndən sonra 755-ci ildə elə Abbasilərin göstərişi ilə qətl edilən Əbu Müslüm özündən sonra alovlanan bütün üsyanların təməl qaynağı oldu. Belə ki, onun tərəfdarlarının yaratdığı "müslümiyyə" təriqəti də tənasüh əsaslı idi və ruhun bədən dəyişdirməsini əsas alırdı. Daha sonra meydana gələn müqənna, xürrəmi üsyanlarının rəhbərləri də Əbu Müslümün ölmədiyini, Zərdüşt tərəfindən göndərilən peyğəmbər olduğunu, Rey dağlarında yaşadığını və ruhunun onlara keçdiyini önə sürürdülər.
İlk xürrəmi üsyanının Əbu Müslümün tərəfdarı İshaq ət-Türkinin öndərliyində başlaması da bu baxımdan çox maraqlıdır. XV əsr tarixçisi Fəzlullah ibn Ruzbehan Xunci Ərdəbildə Qızılbaşlıq inancını yayan Şeyx Heydər haqqında qeydlərində "onun pozğun Babək soyundan gəldiyini və xürrəmilik inancını yaydığını" yazması Babək hadisəsinin Heteredoks İslam anlayışından qidalanmasının göstəricisidir. Xunci, həmçinin bu inancın Rum, Ərdəbil və Qaradağda geniş dəstəkləndiyini yazır ki, bu da Qızılbaş anlayışının təməlində yer alan düşüncələrin xürrəmilikdəki inanclarla eynilik təşkil etdiyini göstərir. Çünki hər iki dini-siyasi hərəkatın təməlini heteredoks islam inancını mənimsəmiş türklər təşkil edirdilər.
Qızılbaşlığın, əsasən köçəri türklərin Ortodoks İslamdan fərqli olaraq mənimsədiyi mədrəsəsiz islamın içində barındırdığı qədim türk inanclarının təməl aldığı bir cərəyan olmasını dövrün tarixçiləri də qeyd etmişlər. İren Məlikova özünün "Qızılbaşlıq problemi" adlı araşdırmasında yazır: "Qızılbaşlıq şiə bir islam deyil, daha çox Səfəvi təbliğatı ilə şiələşdirilmiş və sufiləşdirilmiş türkmən din anlayışı idi. Səfəvilərin əldə etdikləri uğur Tanrının insanda təcəlli etdiyi və tənasüh əsaslı inancları ilə bir tərəfdən şiə təsəvvüf baxışlarından təsirlənən və ondan ilhamlanan, lakin hələ də şaman düşüncəsinə bağlı olan türkmən tayfalarının döyüşçü və hərbi gücündə axtarılmalıdır". Yəni, Qızılbaşlıq şaman düşüncəsindən çıxıb İslam içində yerləşərək əvvəlcə Xorasan, daha sonra İran, Qafqaz və Anadoluda yerli sufi dəyərlərlə bütünləşən köçəri türklərin sıx yaşadığı bir dünyada formalaşan dini-siyasi bir ideologiya olmuşdur.
Beləliklə, müsəlmanlaşan köçəri türklərin şifahi şəkildə mənimsədikləri islam dini içində qədim inanclarını (buddizm, şamanizm, manixeizm, tenqriçilik) yaşatdığı, bunun nəticəsində Heteredoks islam adlanan Türk Xalq İslam anlayışının meydana çıxdığı, Xorasan mərkəzli bu islam anlayışının məvali üsyanlarının təməl qaynağı olduğu, zaman-zaman sufi cərəyanlarını da ortaya çıxardığı və həmin sufi cərəyanlarının ortaq dəyərləri əsasında Qızılbaşlığın formalaşdığı aydın olur. Beləliklə, Qızılbaşlıq Türk Xalq İslam anlayışından çıxan, yəsəvilik, vəfailik və heydərilik kimi sufi cərəyanlarından qidalanan siyasi-dini cərəyan olmuş, zaman-zaman Səfəvilər tərəfindən təşkilatdırılaraq dini-siyasi motiv qazanmış və dövlət müstəvisinə çıxmışdır.
Əkbər N.Nəcəf və Babək Cavanşir
Şah İsmayıl Külliyatı. İstanbul 2006