Məşədi İbadın yarıya qədər oxuduğu ”Tarixi Nadir” kitabı haqqında maraqlı faktlar

1-02-2024, 00:06           
Məşədi İbadın yarıya qədər oxuduğu ”Tarixi Nadir” kitabı haqqında maraqlı faktlar
”Tarixi Nadir” kitabı 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan, İran, Türküstan və Hindistanın şahı olub.
Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə görə ”Şərqin Napoleonu” və ya ”İkinci Makedoniyalı İskəndər” ləqəblərini veriblər. Dahi Üzeyir Hacıbəyovun ”O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi ”Mən özüm ”Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz bu kitab haqqındadır.
Məşədi İbadın bu sözləri sonradan məşhur zərbi-məsələ çevrildi. İndi də adətən nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Çoxlarımız da ”Tarixi Nadir” kitabının 3 səhifədən ibarət olduğunu zənn edirik.
Kitabın əsli, Ərkivan qəsəbə sakini, kəndin din xadimlərindən olan Hacı Həmid Məmmədov tərəfindən qorunur.
Maraqlısı budur ki, Hacı Həmidin ”Tarixi Nadir” kitabının əslinə sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə həm atasından yadigar olaraq, həm də qədim kitab kimi qoruyub saxlayıb.
”2009-cu il idi, Həcc ziyarətindən təzə gəlmişdim. Radio kanallarından birində ”Dİn və cəmiyyət” mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq ”Mən ”Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam dediyinizdən heç nə anlamadım” cümləsini işlətdi.
Mən sual etdim ki, ””Tarixi Nadir” kitabı neçə səhifədir?” Xanım 3 səhifə olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim: ”Xanım, siz şah olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olarsınızmı?”. Xanım ”Əlbəttə, xeyr” dedi”.
Əslində isə əsər 147 səhifədən ibarətdir.
Bir müddət sonra isə AMEA-dan bir komissiya gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra da dilimizdən ”3 səhifəlik ”Tarixi Nadir” kitabı kəlməsi” çıxarıldı.
Məlumat üçün bildirək ki, kitabın əsl adı ”Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xandır.
Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3 möhür var, bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı yazan müəllifin möhürüdür.
interpress.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.