Heteredoks İslam və Qızılbaşlıq
1-02-2024, 09:08
II HİSSƏ
Qızılbaşlıqla bağlı sonuncu yazımızda bu inancın Heteredoks İslam anlayışının bir məhsulu olduğunu qeyd etmişdik. Yəni oturaq türklərin qəbul etdiyi Ortodoks İslama qarşı köçərilərin şifahi şəkildə mənimsədiyi köhnə inancları içində barındıran Türk Xalq İslamı təsəvvüf düşüncəsinin təməl qaynağı olmuş və Qızılbaşlıq kimi cərəyanların yaranmasına yol açmışdı.
Köçərilərin mənimsədiyi şifahi İslam İran sufiliyinin süzgəcindən keçərək köhnə inanclarla qarışdığı üçün kitabi əsaslarından sıyrılıb mifoloji xarakter qazanaraq Heteredoks mahiyyət almışdır. Ona görə də Qızılbaşlıq mütləq mənada şiə İslamından daha çox köçəri türkmən ideologiyası idi. Yəni, Heteredoks islam dediyimiz türk xalq islamı mütləq islami təlimdən fərqli olaraq daha əhatəli olmuş və yerli amilləri də öz tərikibinə almışdır. Zamanla həmin yerli amillər bu anlayışın məzmununu təşkil etmiş, islam dini sadəcə görüntüdə qalmışdır.
Xorasan mərkəzli Heteredoks İslam anlayışı təsəvvüf düşüncəsini də şəkilləndirmiş, nəticədə babailik, yəsəvilik, heydərilik, vəfailik, qələndərilik, məlamilik, bektaşilik, ələvilik kimi sufi cərəyanların şəkillənməsinə səbəb olmuşdur. Bu sufi cərəyanlar əvvəlcə Osmanlı, daha sonra Səfəvi dövlətinin ideoloji təməl qaynağı olacaqdı.
Qeyd etmək lazımdır ki, Qızılbaşlığa digər sufi cərəyanlar kimi Hürufiliyin də böyük təsiri olmuşdur. Mehdilik, hülul və tənasüh anlayışlarının Hürufiliklə bərabər Qızılbaşlığın da içində yer alması bunu bir daha təsdiq edir. Lakin Hürufilik oturaq əhalinin anlayacağı dildə fəlsəfi görüşlərə daha çox yer verdiyi üçün Qızılbaşlığa sadə formada və zəif təsir göstərmişdir.
Göründüyü kimi, Qızılbaşlıq son şəklini alana qədər uzun bir mərhələ keçmişdir. Beləcə, türkmənlərin Heteredoks İslam anlayışı şiə motivlər olan Hz.Əli və On İki İmam kultları, Kərbəla matəmi və sair təməl inanclarla qarışsa da, yenə də əsl On İki İmam məzhəbindən fərqli bir xarakterlə Qızılbaşlıq (Ələvilik) inancına çevrildi. Qədim Göy Tanrı kultu, görünüşdə Allah-Məhəmməd-Əli düsturu ilə ifadə edilən üçlük, əslində isə Hz.Əlidən başqası olmayan Tanrını dilə gətirən tək bir ilahiyyət anlayışına endirildi. Ona görə də Qızılbaşlığın gerçək On İki İmam şiəliyi (Cəfərilik) ilə heç bir əlaqəsi yoxdur. Qısası, Qızılbaşlıq şaman, Göy Tanrı, Manixeizm kimi qədim türk inanclarından bəzi elementləri mənimsədiyi kimi şiə İslamın da bəzi amillərini içinə almışdır.
Əkbər N.Nəcəf və Babək Cavanşir
Şah İsmayıl Külliyatı. İstanbul 2006