Xoşbəxt və bədbəxt gənclər günü
3-02-2024, 08:07
Bayaq bir dost mesencerə yazıb ki, sən niyə gəncləri təbrik eləmirsən? Dedim ki, 35 yaşa qədər olan bütün vətəndaşlar gənc hesab olunur!
Gənc var atasının kölgəsi sayəsində ən yüksək kürsüdə oturub, ali təhsili olmasa da, oturduğu kürsüdə niyə oturduğundan elmi- güman xəbəri yoxdur, gənc var , inomarkalardan ibarət maşın kolleksiyası var, məsuliyyətsizlikdən 2 insanın həyatına son qoydu, 2 insanı şikəst etdi. Amma işin içindən " ağ qaşıq" kimi çıxdi. Gənc var, Riçard Mil” brendinə məxsus 1,35 milyon dollarlıq qol saatıni itirdi, heç tükü də tərpənmədi. İşlətdiyi İstirahət mərkəzi ilə bağlı vergi ödəməli olduğu halda basıb vergi işçilərini döyən, amma cəzasıni almayan papa oğlu gənc var. Bir modelin öz yaxtasında ölümünə bais olan, gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünən mama balası gənc var. Ayı ətinin kababıni yeyərək gündəmdən düşməyən gənc var! Bahalı kişilərin bahalı , harın gənc oğulları!
Bir də var, digər gənclər ki, yaşlarının ən gözəl dövrünu vətən uğrunda müharibəyə, son 3 ilini isə zillətdə, zülmdə, kasıbçılıqda, can ağrısı və haqqının pozulması ilə baş - başa qalıb dübarə mənən sınan, agrayan igid gəncləri deyirəm!
Qiymətli ömrünü vətənə qurban verən şəhidləri demirəm, onların başsız, çarəsiz qalmış həyat yoldaşlarını da demirəm..
71 igidin, gəncin özünə qəsd etməsini, gənckən torpağa görülməsini deyirəm. Amma minlərlə gənc də artıq intihar yoluna yaxınlaşmaqdadir.Onlarin taleyi məni çox üzür .. gozumuzun qabağında məhvə gedirlər.Yanıram, tökülürəm!
4 ildir yarımcan olmuş qazilərin əlillik hüququnu təsdiqləməyən dövlət strukturları görəsən hansı üzlə" Xoşbəxt Azərbaycan gəncliyi"sözünü dilinə gətirir?
Hələ 4 il gecəsini gündüzünə qatıb ali məktəblərdə təhsil alan, hər il ətək- ətək ödəniş haqqı verib, diplom alan, nəhayət sonda diplomu əlinə alıb, evinə gətirib sandıga atıb qul bazarlarına, daş karxanalarına, ən yaxşı halda marketlərdə, bazarlarda yük daşıyan işlərində məcburən çalışan gənclərin palçığa düşüb heç olmuş umidləri peşmançılıq tökülən gözlərində "gənclər günü" əhval ruhiyyəsi görünürmü?
Sahibsizlikdən, işsizlikdən, ümidsizlikdən alkoqol və narkomaniya bataqlığına təslim olan, məhv edilən gənclər var. Dilənən, bəzən istəmədən cinayətə, oğurluğa, quldurluga, xuliqanliga qurban gedən nə qədər ana quzusu, ata pənahı, ümidi gənclər bədbəxt olur.. hər gün, hər saat...
Ayağı yer tutan gənclərimiz də çoxdur, ilk işi camadanını qablayıb ölkəni tərk etməyə tələsirlər, hara gəldi baş götürüb qaçırlar, başlarına nələr gələcək, dilini, dinini, qanunlarını bilmədiyi ölkədə başına nələr gələcəyindən bixəbər gənclər...
Bəs gənc qızlar ? O zaman kafelərə , otellərə , barlara, həbsxanalara , tiktoklara baxın...
Gəncliyimizin bu günə qoyanları özünüz tapın.. məncə, hər kəs gəncliyimizin qarşısında günahını anlayacaq...
Gəncliyi təbrik etməyə kimin üzü varsa o təbrik etsin, mən utanıram, xəcalət çəkirəm, ölüb, yerə girirəm...
Heç nədən bixəbər kimi " Gənclər Gününüz mübarək olsun" deyənlərin ikiüzlülüyünə mat qalıram!
Nə gözəl xalq idik, nə gözəl gəncliyimiz vardı bizim... Heyf..
Əntiqə Rəşid Aslan
TEREF: Xocanin Blogu