"Qarabağın maralı” nın müəllifi, həyatı faciəli və kədərli olan, İsgəndər Qasımovun (Novruzlu) faciəli taleyi
4-02-2024, 18:24
"Azərbaycan maralı" deyil, "Qarabağın maralı" olub, xalq mahnısı deyil, müəllifi də Novruzlu İsgəndər olub...
Xalq mahnısı kimi tanınan "Qarabağın maralı” nın müəllifi, həyatı faciəli və kədərli olan, İsgəndər Qasımov (Novruzlu) 1918-ci ildə Ağdamın Novruzlu kəndində doğulub. Onun əsl adı "İngilis" idi, rəsmi orqanlarda şübhəli qarşılandığı üçün adını dəyişərək İsgəndər edir.
İsgəndər Sovet-Fin müharibəsində iştirak edib, 2-ci Dunya müharibəsində ağır yaralanıb. Müharibədən sonra Ağdamı tərk edərək, Aşqabada yollanır. İsgəndər orada əslən Şuşadan olan Sona xanımla ailə həyatı qurur, bu evlilikdən iki oğlu və iki qızları dünyaya gəlir.
Lakin bu ailə həyatı faciə ilə bitir. 1948-ci ildə Aşqabadda dəhşətli zəlzələ baş verir, şəhər xarabalığa çevrilir və 100 min insan ölür. İsgəndər nə qədər axtarsa da ailəsinin heç bir üzvünü tapa bilmir. Ailəsini itirmiş İsgəndər depressiyaya düşərək Ağdama qayıdır.
Ağdamda həmyerlisi olan bir qıza vurulur, lakin qızın ailəsi onların izdivacına razı olmurlar.
Hər kəsdən küsən İsgəndər özünə qapanır və "Qarabağın maralı" şeirini yazaraq mahnı bəstələyir. Şair bu mahnını Bakıda Sara Qədimovaya təqdim edir.
Mahnı türk musiqisinə yaxın idi, o zaman türk musiqisi oxumaq olmadığına görə, Sara xanım mahnını "Şahnaz" muğamında təsnif kimi oxuyur.
Lakin sonra tələb olunur ki, mahnı "Azərbaycanın maralı" kimi oxunsun!
Novruzlu İsgəndər bir gün "Ağdam" adlı yeni mahnı bəstələyir.
Vəzifəli şəxslərdən biri bu mahnının bəstəkarı kimi öz adının yazılmasını istəyir və şair buna etiraz etdiyi üçün şərlənərək həbsxanaya salınır.
Dustaq həyatı yaşayan İsgəndər Novruzlu 1958-ci ildə Şuşa həbsxanasında vəfat edir.
Novruzlu kənd qəbiristanlığında dəfn edilir.
Onun həbsdə olarkən də bir çox şeirlər yazdığı deyilir.
1973-cü ildə İsgəndər bəyin qardaşı oğlu Hacı bəy Aşqabada yollanır və orada əmisinin həyat yoldaşı Sona xanımı və böyük qızı Natellanı tapır.
Məlum olur ki, onlar zəlzələdə uçqunun altından çıxarılaraq, şəhərdən uzaq bir xəstəyəxanaya aparılıblar.
Hacı bəy onları Ağdama gətirmək istəsə də, İsgəndərin vəfatını bilib qayıtmırlar.
ALLAH Hacı bəyə də, əmisi Novruzlu İsgəndərə də rəhmət eləsin!
Aliyeva Raymonda
TEREF: Xocanin Blogu