QARA QARAYEV və AZAD MİRZƏCANZADƏ
6-02-2024, 08:58
Müəllimim, elmi rəhbərim akademik Azad Mirzəcanzadə klassik musiqi bilicisi idi, çox sevirdi ciddi musiqini. Ən sevdiyi əsərlərdən biri dahi Qara Qarayevin 3-cü simfoniyası idi.
Azad müəllim Qara Qarayevdən 10 yaş kiçik idi, bir məhlədə böyümüşdülər. "Kara Abulfazoviç" deyirdi haqqında danışanda. Sitaiş edirdi onun sənətinə, simfoniyalarını, onların yazılma tarixçəsini, premyeralarını ən kiçik detallarına qədər bilirdi.
Heç unutmuram, dissertasiyamın ilkin variantını Azad müəllimgilə aparmışdım. Evi yaxın olduğu üçün aspirantlarını tez-tez 28 may küçəsindəki (Kirxanın qarşısında) evinə çağırardı.
Bacısı ilə ibir evdə yaşayırdı Azad müəllim. Heç biri ailə qurmamışdılar. İradə xanım mətbəxdə çay dəmləyir, Azad müəllim kitabların əhatəsində mənim elmi işimi vərəqləyirdi. Köhnə "proiqrıvateli" Qara Qarayevin ölməz Adajiosunu çalırdı...
Bu gün Azərbaycan musiqi tarixinin ən böyük bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) 106 yaşı tamam olur.
Qara Qarayev musiqisini bizə Azad müəllim sevdirmişdi.
Allah iki dost, iki nəhəng insana rəhmət eləsin...
İbrahim Nəbioğlu
TEREF: Xocanin Blogu