İraq türkmanlarının lideri: “Türkiyə də bizi atıb, Azərbaycan isə, ümumiyyətlə, tərk edib”
22-10-2016, 00:07
Oktyabrın 17-də İraq hökumətinin qərarı ilə ordu 2014-cü ildən İŞİD-in əlində olan Mosul şəhərini azadetmə əməliyyatına başlayıb.
İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentində türkmanları Kərkük şəhərindən təmsil edən millət vəkili Erşat Salihi Azadlıq Radiosuna Mosulda baş verənlər haqqında danışır:
– İki ildir ki, Mosul İŞİD-in əlindəydi. İndi İraq ordusu beş tərəfdən Mosul üzərinə hücuma keçib. Artıq bəzi kəndlər İŞİD-dən alınıb, bəzi yerlərdə isə terrorçular özləri bölgəni tərk edib gedirlər. Ancaq görünən odur ki, bu əməliyyat asanlıqla bitməyəcək. Bəlkə də bir neçə ay sürə bilər. Çünki terrorçular bəzi yerləri tərk eləsələr də, elə ərazilər var ki, orda müqavimət göstərirlər. Həm də İŞİD-in çoxlu intiharçıları var. Partlayışların törədilməsində onlardan istifadə edirlər. Amma İraq ordusu hazırda qızğın əməliyyatlar keçirir.
– Mosulla əlaqə saxlaya bilirsinizmi?
– Əlaqələr çox azdır. Çox az adamla əlaqə saxlamağa ünsiyyət cihazları var. Camaatla əlaqə saxlamaq olmur. Türkmanların böyük bir hissəsi İŞİD-in qorxusundan oradan çıxıb. Türkiyəyə, Kərkükə, İraqın başqa yerlərinə gedənlər olub.
– Bu iki ildə İraq hakimiyyətinin Mosulu azad etmək planı olmuşdumu?
– Yox, İraq hakimiyyətinin bu müddətdə belə istəyi də olmamışdı. Çünki İŞİD-in əlində İraqın başqa əraziləri də vardı. Ona görə Mosulla bağlı belə plan olmamışdı. Həmin əraziləri alıb sonradan biz tərəflərə gəlməyi düşünürdülər. Mosul coğrafi baxımdan da həssas bir bölgədə yerləşir. Həm Türkiyə sərhədinə yaxındır, həm də Suriyaya.
– Mosul əməliyyatında İraq ordusu, peşmərgə silahlıları iştirak edir. Bəs, bu əməliyyatda türkmanların rolu necədir?
– Biz bu əməliyyatlara qatılmaqdan ötrü İraq hökumətinə müraciət etdik. Ancaq bizə silah verilmədi. Ona görə türkmanlar özü özünü silahlandırmaq məcburiyyətində qaldı. Mosulda, az sayda olsa da, türkmanlar da vuruşur. Mosulun içində əməliyyat başlasa, türkman birlikləri də öz ərazilərimizə girəcək.
– Mosul əməliyyatı başlanandan bəri bu bir neçə gündə Türkiyə ordusunun da əməliyyatlarda iştirakı məsələsi haqda çox müzakirələr oldu. Prezident Erdoğan da deyib ki, Türkiyənin İraqla 350 kilometr sərhədi var, Türkiyə hərbçiləri Mosul əməliyyatında iştirak etməlidir.
– Türkiyə silahlı qüvvələri Beşika bölgəsindədir. İraq hökuməti də Türkiyə hərbçilərinin o bölgədə olmasını qəbul etmir. Ancaq Türkiyə də PKK-ya görə narahatdır. Türkiyə İraq hökumətindən PKK-nın Sincar bölgəsindən çıxarılmasını istəyir. Çünki o ərazi Türkiyə ilə sərhəddir. Təəssüf ki, buna görə İraqla Türkiyə arasında anlaşılmazlıq hələ də qalır.
– Bəzi siyasətçilər Mosulun da Hələbin taleyini yaşayacağını bildirirlər. Siz necə düşünürsünüz, belə oxşarlıqlar varmı, fərqlər nədədir?
– Mosulun Hələb kimi olacağını düşünmürəm. Çünki Hələbi Əsəd rejimi ilə Rusiya da vurur. Mosulda vəziyyət o dərəcəyə çatmaz. Çünki xalqın da içində dirəniş, müqavimət ruhu var. Həm də İŞİD də bir layihədir, bəlli bir dövr üçün ortaya atılıb. Vaxtı çatanda ərazidən çıxacaq.
– BMT Mosuldan 100 minə yaxın adamın qaçqın düşüb Türkiyə və Suriyaya sığınacağını proqnozlaşdırıb. Mosuldan köç başlayıbmı?
– Bəli, bu cür gözləntilər var. Əməliyyatlar çox uzansa, Mosulun içindən qaçqın düşənlər də çox olacaq. İndiyə kimi Mosuldan 50 minə qədər adam qaçıb. Ancaq daha çox qaçqın gözlənilir. İŞİD qaçmağa macal vermir. Camaat özü bir yol tapıb çıxır.
– Kərküklə Mosulun arasında nə qədər məsafə var? Orda baş verənləri Kərkükdə camaat necə izləyir?
– Kərküklə Mosulun arası 200 kilometrdir, iki saatlıq bir məsafədir. Mən indi Kərkükdən danışıram. Türkmanlar olaraq bölgəmizə görə çox narahatıq. Bütün türkman bölgələrində baş verən oyunların heç biri, təəssüf ki, türkmanların lehinə yox, tamamilə əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım göstərmədi. İraq türkmanları sahibsizdir. Ancaq biz öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də bizi atıb. Azərbaycan isə, ümumiyyətlə, tərk edib. Dəfələrlə Azərbaycan hökumətinə səslənmişik ki, burada sənin xalqın var. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yoxdur. Amma indiyədək başımıza gələnlərlə bağlı hörmətli İlham Əliyevdən qınama mesajı da görməmişik. İraq türkmanlarının başçısı kimi məni bir dəfə də olsun o tərəflərə dəvət etməyib. Bütün Azərbaycan xalqımıza salamlar göndərirəm.
– İndi hamını Mosulun azad olunmasınınnə qədər çəkəcəyi düşündürür. Hərbi əməliyyatların aylarla, hətta illərlə davam edəcəyini proqnozlaşdıranlar da var.
– Belə görünür ki, bu iş bir az uzun çəkəcək, asanlıqla bitməyəcək. Bölgədə uzun, çətin bir müharibə olacaq. Müharibədir, müharibədə həlak olanlar da, yaralılar da çox olacaq. Çünki intiharçılar da partlayışlar törədir. Bir neçə yerdə həm ordudan, həm də peşmərgədən itkilər də olub.
– Oktyabrın 15-də İraqın baş naziri Haidar al-Abadi Kərkükə gəlmişdi. Baş nazir türkmanlarla görüşdümü? Həmin görüşə «Türkmaneli» telekanalının çəkilişə buraxılmaması da sosial şəbəkələrdə müzakirəyə çevrildi.
– Hörmətli baş nazir al-Abadi-ni Kərkükə hamıdan çox mən dəvət etmişəm. Ona Kərkükə gəlməsinin önəmli olduğunu bildirmişəm. Amma elə vaxtda gəlmişdi ki, onda biz Kərkükdə yox, Bağdadda idik. Bizim xəbərimiz olmadan gəlmişdi. Həmin görüşdə türkmanların təmsilçilərinin olması lazım idi. Doğrudur, türkman televiziyasını da ora buraxmamışdılar. Bu da türkmanların etirazına səbəb olmuşdu.
– Cənab Salihi, son çıxışlarınızda türkmanlar arasında məzhəb ayrılığına yol verilməməsi çağırışı etmisiniz. Türkmanlar arasında belə bir təhlükə varmı?
– Türkmanlar arasında həm sünnilər, həm şiələr var. Amma biz İraq Türkman Cəbhəsi olaraq həmişə bunu deyirik ki, böyük dövlətlərin böyük məzhəb layihələrinə, oyunlarına alət olmamalıyıq. Biz türkük. Yetər ki, hamımız «türk» kəlməsinin altında birləşə bilək. Çünki bəzi nəfsi zəif insanlar türkmanları «şiə»-«sünni» deyə bölmək istəyirlər. Bu da bizə çox ziyan vura bilər. Ərəblərin içində olduğu kimi. «Türk» kəlməsinin varlığı altında Bakıdakı, Kərkükdəki, Ankaradakı, Krımdakı, Balkandakı türk bir kimliyin altında toplanmalıdır.
– Türkmanların daha geniş miqyasda əməliyyatlarda iştirakı gözlənilirmi? Gələcəklə bağlı gözləntiləriniz nədir?
– İraq hökuməti bizə dəstək versə, biz də nizami şəkildə əməliyyatlarda iştirak etmək istəyirik. Ancaq hökumət bizə o dəstəyi vermir. Orda türkmanlar da vuruşur, ancaq istəyərdik ki, daha böyük qruplarımız olsun. Ancaq təəssüf ki, icazə verilmədi. Gələcəklə bağlı gözləntilərimiz odur ki, Ankarayla Bağdad arasındakı böhran sona çatsın. Çünki bu vəziyyətdə İraq türkmanlarının da mövqeyi zəifləyir. İki dövlət arasında qalmış kimi oluruq.
– İndi türkmanların səsi İraqda necə eşidilir?
– Kərkükün türkman şəhəri olduğunu dünya da, İraq da, hamı bilir. Ancaq bu gün siyasət fərqli nəticələr ortaya qoyur. Kərkük İraqın içində türkman bölgəsinin paytaxtı sayılır. Həmişə İraq parlamentində də hüquqlarımızı qaldırmışıq. Baş nazirdən də haqlarımızı istəmişik. Həmişə də hüquqlarımız uğrunda mübarizəmizi davam etdirəcəyik.