“Övladlarımız balaca Heydərə xidmət edəcək” — Hacı İbrahimdən SENSASİON AÇIQLAMALAR

25-10-2016, 16:13           

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli oktyabr ayının 28-29-da Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun təxirə salınmasına münasibət bildirib.

Hacı İbrahim Nehrəmli Ölkə.Az-a açıqlamasında deyib ki, həmin tədbiri Nazim İbrahimov özbaşına təxirə salmayıb:

“Yəqin ki, dövlət rəhbərliyi belə məsləhət görüb. Ona görə də tədbir təxirə salınıb və növbəti ayarda daha geniş formatda keçiriləcək.

Digər tərəfdən isə axı burada qeyri-adi nə baş verib? Sadəcə, müraciətlər çox olduğu üçün tədbirin vaxtı dəyişdirilib. İnşallah, zamanı gələndə həmin tədbir baş tutacaq”.

İş adamı sözügedən tədbiri Nazim İbrahimovun yalnız özünün və qardaşlarının tanışlarını dəvət etdiyi üçün təxirə salınması ilə bağlı mətbuatda yayılan iddialara da cavab verib:

“İndi yazırlar ki, guya Nazim İbrahimov həmin tədbirə özünün və qardaşlarının yaxın adamlarını çağırdığı üçün təxirə salınıb. Ancaq bütün bunlar doğru deyil. Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. Ancaq indiyədək məni heç bir tədbirinə çağırmayıb. Heç məni Dünya Azərbaycanlı İş Adamlarının I Forumuna da çağırmamışdı. Mən də heç zaman dəvətsiz yerlərə getməmişəm. Mən onun hazırladığı tədbirləri ancaq kənardan izləmişəm. Əgər dəvət etsə, böyük məmnuniyyətlə də gedərəm. Niyə də getməyim? Nazim İbrahimov mənim doğma qardaşımdır. Aramızda da heç bir soyuqluq da yoxdur. Sadəcə olaraq dəvət etmir, mən də getmirəm”.

Hacı İbrahim Nehrəmli qardaşının Prezident İlham Əliyevə sadiq olduğunu söyləyib:

“Nazim İbrahimov cənab Prezidentə sadiq, öz işini bilən, bacaran və yaxşı təşkilatçılıq qabiliyyətinə malik olan insandır. Nazim çox bacarıqlı təşkilatçıdır. Ən başlıcası isə Nazim İbrahimov cənab Prezident İlham Əliyevə çox sadiq kadrdır. Ümumiyyətlə, biz ailəlikcə ölkə başçısına çox sadiqik. Bunun da kökü və səbəbi də bizim Nehrəmdən olmağımızdan irəli gəlir. Ulu öndər Heydər Əliyev 90-cı illərdə Nehrəmin deputatı olub. Biz Heydər Əliyevi həmin vaxtlardan bəri dəstəkləmişik. Nehrəmlilərin hamısı Heydər Əliyev siyasətini dəstəkləyir. Biz hamımız Heydərçi olmuşuq. İndi də həmin yola gedərək, cənab Prezidenti dəstəkləyirik. İnşallah, övladlarımız da balaca Heydəri dəstəkləyəcək, ona xidmət edəcək. Yəni, biz Nehrəmlilərin bir sifəti var. Bu sifətlə də ömrümüzü başa vuracağıq. Biz Prezident İlham Əliyevin apardığı siyasətdən çox razıyıq, cənab Prezidentin ətrafında sıx birləmişik və onun siyasətini hər zaman dəstəkləyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.